Əliyev Türkiyəyə verdiyi sözə əməl edəcəkmi?

davudoglu-eliyev

«Azərbaycan iqtidarı da anlayır ki, dünyada güc nisbəti Qərbin xeyrinə dəyişib»

Gültəkin Hacıbəyli: «Yəqin ki, bundan sonra Azərbaycan hakimiyyəti Türkiyənin əleyhinə, Rusiyanın isə lehinə açıq dəstək verməkdən çəkinəcək»

Türkiyə baş naziri Əhməd Davudoğlu Bakıda səfərdə olarkən tərəflər qarşılıqlı dəstəyi ifadə edən bəyanatlarla çıxış etdilər. Azərbaycanın dövlət başçısı hakimiyyət təmsilçilərinin əvvəlki bəyanatlarından fərqli olaraq rəsmi Bakının Ankaraya hər məsələdə, sona qədər dəstək verməyə hazır olduğunu vurğuladı. “Azərbaycanın işğal altındakı torpaqlarının hamısı – bir kvadratsantimetri belə qalmamaqla qaytarılana qədər Türkiyə Azərbaycana verdiyi dəstəyi davam etdirəcək”, deyə Davudoğlu vurğulayıb.

Bəs, Azərbaycanın Türkiyəyə dəstəyi nə qədər dərinə gedə bilər? Rəsmi Bakıdan beynəlxalq təşkilatlarda konkret mövqe bildirilməsi istənilərsə, Azərbaycan hansı addımı atacaq?

gultekin-hacibeyli1

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hesab edir ki, beynəlxalq vəziyyət hər ötən gün daha da aydınlaşır. G.Hacıbəylinin sözlərinə görə, bu baxımdan artıq bəllidir ki, beynəlxalq güc nisbəti birmənalı olaraq Rusiyanın xeyrinə deyil: “Azərbaycanın yeganə təbii müttəfiqi olan Türkiyənin mövqelərinin gücləndiyi, dünyada söz sahiblərinin, NATO-nun, ABŞ-ın Avropa Birliyinin Ankaraya dəstək verdiyi bir şəraitdə təbii ki, Azərbaycan hakimiyyətinin də Rusiyanın xeyrinə seçim etməsi mümkün deyil. Sözsüz ki, Azərbaycan hakmiyyətinin Rusiya ilə çox ciddi bağları var. Bu iqtidar hakimiyyətdə qalmasına görə Rusiyaya borcludur. Çünki bu hakimiyyətin uzun müddət qorunub saxlanılmasında Rusiyanın müstəsna rolu olub. Ancaq bu gün Azərbaycan hakmiyyəti də anlayır ki, dünyada güc nisbəti Qərbin xeyrinə dəyişib. Rusiya bu nisbətdə çox böyük fərqlə uduzur və durumu getdikcə ağırlaşır. Rusiya beynəlxalq müstəvidə bütün mövqelərini itirməkdədir. Aralıq dənizi hövzəsində NATO blokunun hərbi bazası olmayan iki ölkə qalmışdı. Bunlardan biri Çernaqoriya idi, digəri isə Suriya idi. Bir neçə gün öncə NATO Çernaqoriyanın bloka qoşulmasına razılıq verdi. Bundan sonra sırada Gürcüstanın üzvlük məsələsi olacaq. Beləliklə, Rusiya son mövqelərini də itirir”.

Suriyadakı vəziyyətin isə artıq göz önündə olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, Rusiya Ukraynada olduğu kimi Suriyada da özünü tələyə salıb. Ona görə Rusiyanın bu tələdən çıxmaq üçün daha böyük müharibə ocaqları alovlandırmaq istədiyini söyləyən G.Hacıbəyli qeyd etdi ki, ancaq artıq Rusiyanın bu konfliktlər yaratmaq potensialı da tükənib. Çünki Rusiya işğal edə biləcəyi hər yeri tutub: “Rusiya vaxtilə Qarabağa müdaxilə edərək Azərbaycan ərazilərini, Gürcüstana müdaxilə edərək Abxaziya və Cənubi Osetiyanı, Ukraynanın, Moldovanın bir hissəsini işğal edib. Aartıq Rusiyanın beynəlxalq avantüraları üçün meydan qalmayıb. Yəqin ki, Türkiyə ilə Rusiya arasındakı son insidentdən sonra Moskva Qarabağ münaqişəsinə müdaxilə etməkdən çəkinəcək. Ən azı qarşısında güclü və qüdrətli Türkiyənin olduğunu nəzərə alaraq belə addımlardan çəkinəcək. Bu baxımdan Azərbaycan hakimiyyəti durumu anlayır. Digər tərəfdən, Azərbaycan hakimiyyəti Türkiyənin yanında oldu. Hakimiyyət bunu nəzərə almaya bilməz. Bu baxımdan Türkiyəyə dəstək də açıq formada ifadə olunacaq. Təbii ki, Azərbaycan hakimiyyəti bundan sonra da Rusiyaya qarşı açıq çıxış etməkdən yayına bilər. Ancaq yəqin ki, bundan sonra Azərbaycan hakimiyyəti Türkiyənin əleyhinə, Rusiyanın isə lehinə açıq dəstək verməkdən çəkinəcək”.

Xəyal