Əliyev Türkiyəyə münasibətdə səmimidirmi?

eliyev-davudoglu-bakiSözdə deyilənlər əməldə təsdiqini tapmır

Azərbaycan-Türkiyə münasibətləri həmişə həssas mövzu olub. Azərbaycan cəmiyyəti Türkiyəni sözün həqiqi mənasında “qardaş ölkə” kimi qəbul edib. Türkiyə də hər zaman bu qardaşlığı əməldə sübut edib. Əsrin əvvəlində Bakının işğaldan azad edilməsindən tutmuş, əsrin sonunda Azərbaycan maraqları naminə Ermənistanla sərhədləri bağlamağa qədər bu qardaşlıq özün göstərib.

Amma Azərbaycan cəmiyyətindən fərqli olaraq mövcud hakimiyyətin Türkiyə sevgisində səmimiyyət hiss olunmayıb. Bu qeyri-səmimilik hələ uzun illər əvvəl “vikiliks” saytının açıqlamasında ortaya çıxmışdı. Sonrakı mərhələdə də Azərbaycan hakimiyyətnin Rusiya sevgisi daha qabarıq göründü. Sadəcə olaraq Azərbaycan xalqının Türkiyəyə olan münasibəti hakimiyyəti Türkiyə ilə münasibətlərdə ehtiyatlı mövqe seçməyə məcbur edib.

Xüsusən də son günlər Rusiya-Türkiyə münasibətlərində yaranmış gərginlik zamanı Azərbaycan xalqının Türkiyəni birmənalı dəstəklədiyi təsdiqini tapdı. Azərbaycan hakimiyyəti isə bu dəfə də qardaş ölkəyə dəstək vermədi. Ən yaxşı halda neytral mövqe sərgilədi. Ən pisi bu oldu ki, hökumətin mətbəxində olanlar Türkiyəni Rusiyadan üzr istəməyə dəvət etdilər. Bəli, qardaş ölkəni işğalçı ölkənin ayağına verdilər. Hökumətin bu addımı isə cəmiyyətdə nifrətlə qarşılandı və hakimiyyət böyük səhvə yol verdiyini başa düşdü.

Bugünlərdə isə Türkiyənin baş naziri Davudoğlu Azərbaycana səfər etdi və qiyamətə qədər Türkiyənin Azərbaycana dəstək verəcəyini vurğuladı.

Ilham Əliyev də öz növbəsində bütün məsələlərdə Türkiyəni dəstəklədiklərini və bundan sonra da Türkiyənin mövqeyini beynəlxalq tribunlarda müdafiə edəcəklərini bildirdi.

Amma, yuxarıda da qeyd etdiyimiz kimi, həmişə belə vədlər sözdə verilib, kritik məqamlarda isə bu vədlər əməldə nümayiş etdirilməyib.

Türkiyəni qardaş, Rusiyanı isə dost kimi təqdim edən hökumət, qardaşı dostdan üstün tutacaqmı? Bu qardaşlıq ən azından viza məsələsində özünü niyə göstərmir? Bundan başqa, paralel dövlət məsələsində də Türkiyə ilə həll olunmamış məqamlar var və bu məqamlar Türkiyə üçün çox önəmlidir. Bütün dövtlərdə baş verənlərə nəzər salanda, Azərbaycan hakimiyyətinin qardaşlığa lazımi töhfə verdiyini görmək  olmur.

Görəsən, Ilham Əliyev Davudoğluna verdiyi vədlərə bundan sonra əməl edəcəkmi?

Akif