zahid-oruc

Zahid Oruc prokurorluğu ittiham etdi

zahid-oruc

«Baş Prokurorluqda təhlükəsizlik orqanlarının fəaliyyətinə nəzarət edən qurum nəylə məşğul olub?»

Müzəffər Baxışov: «Hakimiyyət bu faktların obyektiv araşdırılmasını təmin etmək istəyirsə, Milli Məclis komissiya yaratmalıdır»

Deputat Zahid Oruc Baş Prokurorluğun nəzdindəki təhlükəsizlik orqanlarına nəzarət edən qurumun fəaliyyətini, Milli Təhlükəsizlik Nazirliyi olayları fonunda kəskin tənqid edib. O, bununla bağlı Milli Məclisin dünən keçirilən iclasında danışıb.

Deputat qeyd edib ki, parlamentin hansısa güc strukturlarına, hüquq mühafizə orqanlarına nəzarət etmək funskiyası yoxdur: “Ancaq Baş Prokurorluqda təhlükəsizlik orqanlarının fəaliyyətinə nəzarət edən qurum var. Bu qurum görəsən indiyə qədər hansı fəaliyyətlə məşğul olub? Görəsən bu qurum zamanında MTN ətrafında baş verən hadisələri bilibmi? Ona nəzarət edibmi? Əslində bu qurumun bir fəaliyyəti də elə bundan ibarət olmalıdır. Ümumiyyətlə, bir çox nazirliklərin təhlükəsizlik, istintaq qurumları da var. Artıq zaman gəlib ki, həmin qurumlar ləğv edilsin”.

Prokurorluq rəsmən elan edib ki, MTN işi ilə bağlı 57 nəfər zərəəkən var. Amma məsələ burasındadır ki, bu işlə bağlı mətbuata müraciət edənlərin sayı artmaqdadır. Əksəriyyətinin əlində hüquqlarının pozulmasını təsdiqləyən sənəd də var. Belə olan halda bu vətəndaşların şikayətlərini kim araşdırmalıdır?

muzeffer baxis

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, təkcə MTN-in əsassız olaraq istintaqa cəlb etdiyi şəxslər yox, digər hüquq mühafizə orqanlarının da əsassız və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunaraq məhkəməyə verilən və barələrində hökm çıxarılan şəxslər Azərbaycanda həddindən artıq çoxdur. Amma indiki halda MTN-in qanunsuz hərəkətləri aşkara çıxandan sonra istər cəzaçəkməəssisələrində həmin orqan tərəfindən istintaqı aparılan şəxslər, istərsə də digər qanunsuzluqlar barədə hüquq mühafizə orqanlarına məlumatlar verilir. Bu məlumatlar KIV-də də dərc olunur: “Əslində hamıya bəllidir ki, hüquq mühafizə orqanları insanları əsassız cinayət məsuliyyətinə cəlb edirlər. Tamamilə doğrudur ki, Baş Prokurorluğun MTN-də Istintaqa Nəzarət Idarəsi var. Bu idarə MTN-in fəaliyyətinə, o sıradan orada istintaqı aparan şəxslərin üzərində prokuror nəzarətini həyata keçirir. Yəni bu o deməkdir ki, MTN-də istintaq edilən konkret şəxslər barəsində, yaxud da hər hansı cinayət işi barəsində Baş Prokurorluğun MTN-dəki idarəsinə məruzələr edilir. Və konkret müstəntiq ittiham verdikdə həmin idarə ilə məsləhətləşirlər. Qəbul edilmiş prosedur qaydalara görə, həmin idarədə prokurorlara, prokurorlar isə həmin idarənin rəisinə məruzə edirlər. Son nəticədə isə ittiham aktının təsdiq olunması üçün müstəntiqlə bir yerdə həmin idarənin rəisi baş prokurorun birinci müavini Rüstəm Usubovun qəbuluna girirlər. Rüstəm Usubov da ittiham aktını təsdiqlədikdən sonra iş məhkəməyə göndərilir. Bundan sonra da məhkəmədə prokurorluğun başqa bir idarəsi Baş Prokurorluğun Dövlət Ittihamı Idarəsinin əməkdaşları məhkəmədə dövlət ittihamını müdafiə edirlər”.

M.Baxışovun sözlərinə görə, tamamilə haqlı sual meydana çıxır. Əgər bu şəxslər qanunsuz olaraq istintaq hərəkətinə cəlb ediliblərsə, burada baş prokurordan tutmuş ən sıravi işçilərə qədər məsuliyyətə cəlb edilməlidir: “Bu işdə kimlərə məruzə edilirsə, onlar, o işləri məhkəmələrdə təmsil edən dövlət ittihamçıları, ittiham hökmü çıxaran hakimlər məsuliyyət daşıyırlar. O işlərlə bağlı konkret şəxslər azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblərsə, bu barədə qanunsuz hökm çıxaran hakimlər Cinayyət Məcəlləsinin 295.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməlidir. Həmin hakimə beş ildən səkkiz ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər. Və yaxud da həmin şəxsləri tutan və qanunsuz olaraq həmin şəxsləri təqsiri olmadığını bilə-bilə cinayət məsuliyyətinə cəlb edənlər barəsində də cinayət məsuliyyəti nəzərdə tutulub. Cinayət Məcəlləsinin 290-cı maddəsində bu şəxslərlə bağlı üç ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Eyni əməllər şəxsin ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham olunmasıyla bağlı törədildikdə, üç ildən yeddi ilə qədər azadlıqdan məhrum edilmə ilə cəzalandırılır”.

M.Baxışovun sözlərinə görə, bu baxımdan bu işlərlə bağlı olan MTN əməkdaşları, prokurorluq işçiləri və ittiham aktını təsdiq edən baş prokurorun birinci müavini Rüstəm Usubov həmin maddələr üzrə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. M.Baxışov təəssüflə bildirdi ki, bütün bu səlahiyyətlər bu şəxslərin özlərinin əlindədir: “Ona görə bu şəxslərin məsuliyyətə cəlb olunması üçün Azərbaycanda ən azı Milli Məclis bir komissiya yaratmalıdır. Hakimiyyət bu faktları obyektiv araşdırılmasını təmin etmək istəyirsə, bu addım atılmalıdır. Yaradılan komissiyaya müraciət olunmalıdır. Qanunsuz məsuliyyətə cəlb olunan, barəsində əssasız hökm çıxarılan şəxslərin bəraət alması və onların işlərinə yenidən baxılması təmin edilməlidir. Amma mən inanmıram ki, bu hakimiyyət belə bir təklifi qəbul etsin. Çünki bu hakimiyyətin özünün dövründə bu şəxslər həmin saxta cinayət işlərinə cəlb ediliblər”.

Xəyal