Üçrəngli bayraq yoxsa, bir saxta mandat?

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

Azərbaycan 1918-ci ildə müstəqilliyini elan edəndə də ölkədə neft bumu yaşanırdı. Bakının milyonçu neftxudaları sözün əsl mənasında, pullarını xərcləməyə yer tapmırdılar. Onlar Avropanı belə, ağlasığmaz həyat tərzləri ilə şoka salırdılar. Bu haqda məlumatınız olduğundan, geniş söhbət açmağa ehtiyac görmürəm.

O dövrün milyonçuları çox şanslı idilər, iqtidar sarıdan bəxtləri gətirmişdi. Nə rüşvət var idi, nə korrupsiya, nə də ki, bu gün bizə çox tanış olan quldurluq. Ölkəni, şəxsi mənfəətlərini ağıllarına belə gətirməyən insanlar idarə edirdilər. Onlar Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları idilər. Bu insanlar özlərinin “qara günləri” üçün çox şey edə bilərdilər, amma nə bacarırdılarsa, onu millət üçün etdilər. Var-dövlətinin hesabını itirmiş milyonçulardan nəsə qoparmağı ağıllarına belə gətirmədilər. Bünövrəni belə tökdü babalarımız. Zəngin bir dövləti idarə etsələr də, özləri heç nəyə tamah salmadılar. Onlar Azərbaycanı canlarından çox sevirdilər. Diqqət et, əziz soydaşım və qürur duy!

Azərbaycan Cümhuriyyətinin 3 dəfə baş naziri olmuş, 1920-ci ilin iyun ayında ermənilər tərəfindən qətlə yetirilmiş Fətəli xan Xoyskinin meyitini məscidə yumaq üçün aparanlar kədərli mənzərə ilə qarşılaşmışdılar. Onun corabları cırıq idi…

Cümhuriyyətin banilərindən biri, son dönəm hökumət başçısı və daxili işlər naziri Nəsib bəy Yusifbəyli qətlə yetirilən zaman onun çantasından diş fırçası və paltar şotkası çıxır…

Cümhuriyyətin baş ideoloqu və qurucusu Məhəmməd Əmin Rəsulzadə isə mühacirət etdiyi vaxtdan ömrünün sonuna qədər Ankarada bir binanın zirzəmisində yaşamışdı. Zirzəmi heç vaxt günəş üzü görmürdü…

Misallar çoxdur.

Bu insanların həyatı nə qədər faciəli olsa da, bizim üçün dünyanın ən xoşbəxt, ən müqəddəs insanlarıdır. Onlar Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin baniləri idilər.

Heç biri Allahın insanlara verdiyi fiziki ömrü tam yaşamasalar da, mənsub olduqları xalqın xatirəsinə, yaddaşına əbədi həkk olundular.

Onları 70 illik sovet ideologiyası, təbliğatı bizim yaddaşımızdan silə bilmədi. Ilk fürsətdə onların müqəddəs üçrəngli bayrağını qaldırdıq. Və babalarımızın qaldığı yerdən yola davam etdik.

Bu gün Azərbaycan müəyyən mənada müstəqildirsə, bunun üçün biz ilk növbədə onlara borcluyuq. Bu gün ikinci Türkmənçay yaşamamağımızın səbəbkarı məhz onlardır. Bəli əziz oxucu, SSRI adlı qurum dağılarkən, dövləti olmamış heç bir millət Rusiyanın caynağından qurtula bilmədi. Çünki onlar bu quruma digər on dörd müttəfiq kimi daxil olmamışdılar.

Bu məntiqə görə, 22 ildir ki, müstəqillikdən bəhrələnən Əliyevlər ən böyük Cümhuriyyət təəssübkeşi olmalı idilər. Beş heykəl özlərinə qoyanda, ən azı, birini də müqəddəs üçrəngli bayrağımızı ilk dəfə dalğalandıranların şərəfinə ucaltmalı idilər. Əlbəttə, məntiqə görə.

Əslində, Əliyev iqtidarı üçün Cümhuriyyət banilərinə sahib çıxmaq unikal bir şans idi, lakin onlar bu fürsətdən yararlana bilmədilər. Hər addımda onların rolunu kiçiltməkdən yorulmadılar. Iki ildir ki, Gəncədə Rəsulzadənin büstünə təmir adı ilə çuval keçiriblər. Ictimaiyyətin ciddi etirazlarına baxmayaraq, bu təhqiramiz jest hələ də qüvvəsində qalır.

Lakin elə həmin Gəncədən deputat “seçilmiş” Naqif Həmzəyəv bugünlərdə Cümhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadəni çox ağır şəkildə təhqir etdi. O qədər ağır, tərbiyəsiz şəkildə ifadə edilib ki, onu, hətta başqasının fikri kimi də burada yazmağa nə tərbiyəm, nə də ki, o böyük insana olan sevgim imkan verir.

Bu təhqir qayadan yel aparsa da, onu söyləyənin YAP-ın Gəncə təşkilatının sədri olduğunu hesabdan silmək olmaz. YAP-ın iki rəsmisinin də dolayı yolla bu yolunu azmış deputatı müdafiə etməsi bir çox mətləblərdən xəbər verir.

Bəli əziz oxucu, bir tərəfdə şanlı tarix, dövlət quran babalarımız, digər tərəfdə isə cibində saxta mandatı olan nadan…

Rejim birini seçməyə məhkumdur.

Yəni o qədərmi çətindir?!