Aslan Aslanovun oğlunun qətlinə görə məhkum edilmiş Vüqar Əliyevin valideynləri ona işgəncə verilməsindən narahatdır
Məlahət Ismayılova: «Bir adamın sifarişilə ömürlük iş veriblər, yenə əl çəkmirlər, adama nə qədər zülm eləyərlər?!»
Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlinə görə ömürlük həbs cəzası almış Vüqar Əliyevin mediada prezidentə video-müraciəti yayılandan sonra valideynləri onunla bağlı heç bir xəbər ala bilmir. Bu barədə Vüqar Əliyevin anası Məlahət Ismayılova məlumat verərək bildirib ki, noyabrın 23-də video-müraciət yayılandan sonra oğlunun saxlanma şəraiti dəyişdirilib.
“Bizə xəbər çatdı ki, prezidentə müraciəti yayılan kimi Vüqarı öz kamerasından çıxarıb aparıblar. Eşitdik ki, həmin müraciətə görə ona işgəncə verirlər. Həbsxana ilə əlaqə saxladıq, heç olmasa, bircə kəlmə səsini eşidib rahatlaşmaq istəyirdim. Imkan verilmədi, dedilər ki, narahat olmayın, sağ-salamatdır. Onun telefonla evlə əlaqə saxladığı günlər var, gözlədim, həmin gün də zəng eləmədi. Nigarançılığım lap artdı. Görüş vaxtı deyil deyə, həbsxanaya da buraxmırlar”, – deyə Məlahət Ismayılova bildirib.
Vüqar Əliyevin valideynləri məsələ ilə əlaqədar Ombudsman Aparatı ilə də əlaqə saxlayıblar: “Bizə dedilər ki, narahat olmayın, hər şey qaydasındadır. Əgər qaydasındadırsa, bəs bu uşağımı niyə gizlədirlər? Gördülər ki, çox narahatam, dedilər ki, beşinci günə qədər gözləyin, əgər yenə özü ilə danışa bilməsəniz, bizə xəbər verərsiz”.
Məlahət Ismayılovanın sözlərinə görə, onlara Vüqar Əliyev barədə yeni cinayət işi başlanacağı barədə xəbər çatıb: “Başa düşmürəm, nə istəyirlər mənim uşağımdan? Bir adamın sifarişilə ömürlük iş veriblər, yenə əl çəkmirlər. Ömürlükdən də o tərəfi var ki, yeni cinayət işi açırlar? Adama nə qədər zülm eləyərlər?!”
Penitensiar Xidmətdən isə bildirilib ki, bu quruma Vüqar Əliyevin durumu və valideynlərinin söylədiklərilə bağlı hər hansı şikayət daxil olmayıb.
Xatırladaq ki, Vüqar Əliyev və keçmiş nişanlısı Lamiyə Quliyeva ilə birlikdə 2003-cü ilin mayında Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilərək həbs olunub. Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il azadlıqdan məhrum edilib. 2 il əvvəl isə L.Quliyeva barəsində Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Onun cəzası 5 il 6 ay artırılıb.
2015-ci ilin fevralında Apellyasiya Məhkəməsinin qərarı ilə Lamiyə Quliyeva azadlığa buraxılıb. O, Ruslan Aslanovu namus üstündə öldürdüyünü və qətlin törədilməsində Vüqar Əliyevin heç biri rolu olmadığını deyir.
Qobustandakı qapalı həbsxanada saxlanılan Vüqar Əliyev noyabrın 23-də yayılan video-müraciətində bildirir ki, törətmədiyi cinayətə görə ömürlük cəza çəkir: “Aslan Aslanov yüksəkçinli məmur olduğu üçün yalançı şahidlərin vasitəsilə məni qeyri-qanuni olaraq ömürlük həbsə atdırıb. Cinayəti törətmədiyimi Lamiyə Quliyeva da təsdiq edir. Indiyədək aidiyyəti orqanlara etdiyim müraciətlər cavabsız qalır. Ona görə də çox ümidlə sizə müraciət edirəm ki, həqiqəti ortalığa çıxarmaq üçün lazımı göstərişlər və tapşırıqlar verəsiniz”.


