Yaxud, medallı redaktor «mənəviyyat İŞİD-çisi» rolunda
Terroru bütün dünya lənətləyir və heç kim bu anti-insani fəaliyyətə haqq qazandırmağa cəhd edə bilməz. Günahsız insanların qətlə yetirilməsini, ölkənin dağıntılara məruz qalmasını heç bir vicdanlı adam dəstəkləməz. Amma daha dəşhəştli olan insanın vicdanının, ruhunun terrora məruz qalmasıdır. Çünki, bütün pisliklər, təhlükələr insanın zəhərlənmiş düşüncəsindən qaynaqlanır. Insan hansısa maddi nemətlər əldə etməyə görə, vəzifə üçün, kiminsə xoşuna gəlmək naminə vicdanlı, qətiyyətli, vətənpərvər adamları ləkələyirsə, deməli belə adamlar cəmiyyət üçün daha təhlükəlidir. Çünki, belə xislətli insanlar cəmiyyəti daim çaşdırmağa, qanusuz əməlləri pərdələməyə çalışır.
Təəssüf ki, indi bu funksiyanı Rauf Arifoğlunun rəhbərliyi altında “Yeni Müsavat” qəzeti həyata keçirir. Nardaran hadisələrində “Səs”, “Yeni Azərbaycan” qəzeti hansı şər kampaniyasını apardısa, “Yeni Müsavat” da həmin cığırla getdi. Sifariş eyni yerdən gəldiyi üçün, medallı redaktorun baş verənlərə reaksiyası da eyni oldu.
“Yeni Müsavat” baş verənlərə görə Milli Şuranı və AXCP-ni ittiham edir, bu qurumların radikallara dəstək verdiklərini və istintaqa cəlb edilməli olduqlarını tirajlayır. Hətta cəbhəçilərin avantürist və dağıdıcı olduqlarını xatırladır. Təbii ki, “Yeni Müsavat”ın bundan sonra nə yazması heç kimi təəccübləndirmir. Hamı bilir ki, bu qəzet “möhür və ştampını” götürüb, Prezident Adminstrasiyası tərəfə keçib.
Bu həmin “Yeni Müsavat”dır ki, Batumidə siyasi məhbusların şəkillərinin cırılmasına haqq qazandırır, Xədicə Ismayılın həbsini məişət məsələsi kimi təqdim etməyə çalışır.
Nardaranda baş verənlərə gəlincə, Milli Şuranı bu kampaniyaya qoşmaq cəhdləri ilk günlərdən start götürdü və Rauf Arifoğlunun tərəf müqabili olan qəzetlərin yazdıqlarına “tərs şillə” vurduq. Əvvəla bildirdik ki, AXCP-nin və Milli Şuranın bu məsələylə bağlı bəyanatı göz önündədir və bu bəyanatlarda terror, qarşıdurma, dünyəvi dövlət əleyhinə hər hansı fəaliyyət pislənilir. Amma Rauf Arifoğlunun bu üzünə söz desən də, o biri üzünü çevirməyə öyrəşib. Israrla, şər kampaniyasını davam etdirir. Təsəvvür edin ki, bu adam həm də “həci”dir və şeytana daş da atıb. Görünür, daş atdığı anda şeytana “məni bağışla” deyirmiş. Indi də şeytan qarşısındakı günahlarını yuyur.
Yeri gəlmişkən, Tale Bağırzadədən 3-4 müsahibə götürən məhz “Yeni Müsavat” qəzeti olub. Əgər bu adam doğurdan da terrorçu, dövlət çevrilişi edən, qan tökəndirsə, niyə “Yeni Müsavat” bu şəxsin fəaliyyətini tirajlayırdı?
Yəqin ki, Milli Şuraya ləkə yaxmaq cəhdi də bu müsahibələri sığortalamaq üçündür. Görünür, Rauf Arifoğlu qorxuya düşüb və qatı anti-Naradarançı donuna girmək qərarına gəlib. Və həmişəki kimi hökumətdən “malades” almaq üçün Milli Şuraya daş atmağa başlayıb.
Medallı redaktor unudur ki, AXCP, Milli Şura həmişə təzyiq altında olub, bu gün də AXCP-nin 7 üzvü həbsdədir, partiyanın qərargahı partladılıb, partiyanın dublikatın yaratmaq istəyirlər və.s. Yəni, AXCP həmişə hakimiyyətin terroru ilə üz-üzə qalıb. Biz həbsdən yayınmaq, hökumətin xoşuna gəlmək üçün günahsız adama “terrorçu” damğası vurmarıq. Şərəflə, vicdanla yaşamağın alternativi yoxdur.
Biz yazılarımzda da izah etməyə çalışmışıq ki, Nardaranda baş verənlər anti-terror yox, anti-böhran tədbirləridi. Bugünə qədər Tale Bağırzadənin terrorçu olmasın təsdiqləyən bir sübut da yoxdur. Əksinə, o çıxışlarında dini terrora alət edənləri lənətləyirdi. Birdə ki, bu adamların hələ məhkəməsi yekunlaşmayıb, qarşı tərəfin fikirləri dinlənilməyib. Belə olan halda Tale Bağırzadəyə “terrorçu” damğası yapışdırmaq hansı əxlaqa sığışır?
Bəli, “Yeni Müsavat” Azərbaycan-Rusiya münasibətləri gündəmə gələndə Putini qəhrəman kimi təqdim etdi, MTN hadisələrində hökumətin arqumentlərini tirajladı, indi də Tale Bağırzadəyə qarşı kampaniyaya Milli Şuranı “calaq” etməyə başlayıb.
Əslində, bu adamın hikkəsi başadüşüləndir. Bundan əvvəlki periodda Rauf Arifoğlu yerində oturduldu və təkcə sosial şəbəkələrdəki mənzərə göstərdi ki, cəmiyyət bu adama nifrət edir. Indi medallı redaktorun əlinə fürsət düşüb. Deputat mandatından məhrum edilməsi də adamın həvəsini azaltmayıb.
Onsuz da 20 ildən çoxdur ki, AXCP-nin ayağına sarmaşıqlar dolanmaqdadır və həmişə bu sarmaşıqlar ayaq altında qalıb. Birdə ki, Milli Şuraya “Demokratiya IŞID-çiləri” ləkəsi yapışmaz. Amma belə iyrənc yazı müəlliflərinə “mənəviyyat IŞID-çisi” adı çox rahat yapışır.
Sonda səngər dəyişənlərə demək istəyirik ki, ruhunuzu bu qədər mənəvi terrora məruz qoymayın. Elə sifarişlər götürün ki, altından çıxa biləsiniz.
Heç olmasa Allahdan ayıbdır. Həci Rauf, vallah, Allah Prezident Aparatında əyləşmir.
Samir