Azərbaycanda təqsiri olmayan adamın da bəraət alması müşküldür

 

mehkeme-huquqÖlkəmizdə çıxarılan bəraət hökmləri nəinki bir, heç 0,5 faiz də deyil…

Azərbaycanda bəraət hökmlərilə bağlı statistika ürəkaçan deyil. Təsəvvür edin, bir ildə ölkədə təxminən 11 min hökm çıxarılır ki, onun da cəmi 20-30-u bəraət hökmü olur. Qalanları ittiham hökmü olur.

Bugünlərdə Azərbaycanda son bir neçə ildə çıxarılmış hökmlərlə bağlı statistik göstəricilər yayıldı. Məlum oldu ki, ölkəmizdə bəraət hökmləri nəinki bir, heç 0,5 faiz də deyil. Statistikaya nəzər salaq.

2010-cu ildə Azərbaycan məhkəmələrində 11 min 705 ittiham hökmü çıxarıldığı halda, bəraət hökmlərinin sayı cəmi 20 olub. Bu da ümumi hökmlərin cəmi 0,17 faizi deməkdir. 2011-ci ildə ümumilikdə 11 min 307 hökm çıxarılıb ki, bunun da 11 min 286-sı ittiham, 21-i (0,18 faiz) bəraət hökmü olub. 2012-ci ildə isə 10 min 865 ittiham hökmünün qarşılığında 23 (0,21 faiz) bəraət hökmü verilib. 2013-cü ilin statistik göstəriciləri də bənzərdir – 11 min 55 ittiham, 27 (0,24 faiz) bəraət hökmü.

Xarici ölkələrdə vəziyyət

Azərbaycan hazırda bu cür göstərici ilə dünyada ən az bəraət hökmü çıxarılan ölkələr sırasındadır. Müqayisə üçün qeyd edək ki, ABŞ-da ümumi hökmlərin 17-25 faizində təqsirləndirilən şəxslərə bəraət verilir. Bu göstərici Avropada 6 faiz, Tayvanda 12 faiz, Rusiyada 3-5 faiz təşkil edir. Rusiyada 2013-cü ildə mühakimə olunanların 4,9 faizinin barəsində bəraət hökmü çıxarılıb.

Ən məyusedici hal budur ki, Azərbaycanda hətta 1930-cu illərdə – repressiya dövründə çıxarılan bəraət hökmləri də indikindən dəfələrlə çox olub. Azərbaycan Hüquq Müdafiə Mərkəzinin rəhbəri Eldar Zeynalovun sözlərinə görə, o dövrdə belə, müttəhimlərin təxminən 10 faizinə bəraət verilirdi.

Qərb ölkələrində şəxs təqsirsiz olduğu halda, dəmir barmaqlıqlar arxasında keçirdiyi hər günə görə ona 40-90 avro kompensasiya hesablanır. ABŞ-ın özündə də bu cür istintaq səhvləri bir sıra hallarda dövlətə milyonlarla itki hesabına başa gəlir. Bir həftəlik həbsə görə adamların astronomik məbləğdə kompensasiya alması halları olub…

Andlılar institutu kömək edə bilərdimi ?

Əslində, bəraət hökmləri istintaq orqanının yarıtmaz fəaliyyətinin təsdiqidir. Bir sıra ekspertlərin fikrincə, Azərbaycanda məhkəmələr prokurorluqla “üz-üzə gəlməmək” üçün təqsirsiz adam barədə ittiham hökmü çıxarmağı, bu qurumun əleyhinə çıxmaqdan daha üstün tuturlar.

Belə fikirlər səslənir ki, Azərbaycanda andlı iclasçılar institutunun olmaması bəraət hökmlərinin azlığında rol oynayan faktorlardandır. Qeyd edək ki, Andlılar institutu məhkəmələrə ictimai nəzarət formasıdır. Beynəlxalq təcrübəyə əsasən, andlı iclasçılar müxtəlif sahələrdə bilik və təcrübəsi olan vicdanlı, müstəqil, qərəzsiz vətəndaşlardan ibarət olur. Adətən onların sayı 12 nəfər olur. Onlar prosesi izləyərək, sonda şəxsin təqsirli olub-olmaması barədə gəldikləri nəticəni bildirirlər.

Azərbaycanda andlı iclasçılar institutu 2000-ci ildə məhkəmə-hüquq islahatlarının yekunlaşmasından sonra tətbiq edilməsi şərtilə təsis edilib və qanunvericilikdə də öz əksini tapıb. Lakin 14 il ərzində bu institut tətbiq olunmayıb. Ötən ilin iyununda isə Milli Məclis Ali Məhkəmənin və Baş Prokurorluğun qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi sənədə əsaslanaraq, “Məhkəmələr və hakimlər haqqında” qanundan andlı iclasçılar institutunun təsis edilməsinə dair normanı çıxarıb.

Məhkəmələrdə alpinist lətifəsi

Azərbaycanın ən peşəkar və tanınmış vəkillərindən olan Adil İsmayılov da ölkəmizdə məhkəmələrin bir çox hallarda şəxsin təqsirsizliyinə əmin olduqda belə, yenə də bəraət hökmü çıxarmadığını deyir. Bununla belə, Adil İsmayılov hər məhkəməyə də bir ümidlə gedir. Azərbaycan məhkəmələrinin hazırkı vəziyyətinə bələd olsa da, yenə də ümidini üzmədiyini ifadə etmək üçün adətən məhkəmələrdəki çıxışlarında hakimlərə bu lətifəni danışır: “İki vəkil filmə baxır, onlar mərc gəlirlər, biri deyir ki, alpinist dağa çıxacaq, o biri deyir ki, çıxmayacaq. Alpinist zirvəyə çatanda yıxılır. Mərci qazanan tərəf deyir ki, mən bu filmə baxmışdım, bilirdim ki, çıxmayacaq. Uduzan deyir ki, mən də baxmışdım, amma ümid edirdim ki, bəlkə bu dəfə çıxar…”

Və lətifədən sonra Adil İsmayılov əlavə edir: “Mən də məhkəmələrin vəziyyətini bilirəm, amma yenə də ümid edirəm…”

“Məhkəmələr prokurorluqdan çəkinir”

Digər tanınmış hüquqşünas Namizəd Səfərov da Azərbaycan məhkəmələrinin bəraət hökmü çıxarmaqdan çəkindiyini deyir və bunu ölkədə məhkəmə hakimiyyətinin müstəqil olmaması ilə izah edir. Onun sözlərinə görə, Azərbaycanda məhkəmələr icra hakimiyyətindən asılı vəziyyətdədir. Bəraət hökmlərinin azlığı da məhkəmələrin xüsusən prokurorluqdan çəkinməsindən irəli gəlir.

Həqiqətən də bir sıra cinayət işləri üzrə tərtib olunmuş ittiham aktları və hökmləri müqayisə edəndə onların az qala, qrammatik səhvlərə qədər eyni olduğu üzə çıxır. Bu da müəyyən hallarda, məhkəmələrin araşdırma aparılmadan, müdafiə tərəfinin ortaya qoyduğu sübutlara əhəmiyyət vermədən prokurorluqdan gələn cinayət işlərini təsdiqləməklə məşğul olması barədə fikirlərin yaranmasına rəvac verir.

Hansı məhkəmələr daha çox bəraət hökmü çıxarır?

Vəkillik təcrübəsində bir neçə bəraət hökmü çıxarılmasına nail olmuş vəkil Ceyhun Yusifov isə deyir ki, Azərbaycanda bəraət hökmlərinin sayı əvvəlki vaxtlarla müqayisədə son illərdə bir qədər artıb. Müdafiəçinin sözlərinə görə, paytaxtla müqayisədə regionlardakı məhkəmələr daha çox bəraət hökmü çıxarır. Ceyhun Yusifov bu mənada, birinci instansiya məhkəmələrindən Gəncə Ağır Cinayətlər Məhkəməsi, Şəki Ağır Cinayətlər Məhkəməsinin, apellyasiya instansiya məhkəmələrindən Sumqayıt Apellyasiya Məhkəməsi, Şirvan Apellyasiya Məhkəməsinin adlarını çəkir.

Yeri gəlmişkən, Gəncə Ağır Cinayətlər Məhkəməsi bir müddət əvvəl Ceyhun Yusifovun müdafiə etdiyi Bayram Niyazovun barəsində bəraət hökmü çıxarmışdı. Narkotik satışı ilə il yarım həbsdə saxlanılan Bayram Hiyazovun barəsindəki bəraət hökmünü yuxarı instansiya məhkəmələri də qüvvədə saxladı. Xeyli vaxtdır ki, vəkil şərləməyə məruz qalmış, eləcə də səriştəsiz istintaqçılar üzündən 18 ay həbsdə saxlanılmış müvəkkilinə kompensasiya verilməsi üçün hüquqi müstəvidə mübarizə aparır. Bayram Niyazovun günahsız həbsdə saxlanılmasına görə müvafiq qurumlardan 62 min 200 manat kompensasiya tələb olunur – maddi ziyana görə 12 min 200, mənəvi ziyana görə isə 50 min manat.

Qanunvericilikdə kompensasiya tələbi

Yeri gəlmişkən, Cinayət-Prosessual Məcəllənin 57-ci maddəsi bəraət almış şəxsə kompensasiya verilməsini nəzərdə tutur: “Bəraət almış şəxslərə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir”.

Məcəllənin 58-ci maddəsində göstərilib ki, vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir: “Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir”.

Aytən