Söyülən və döyülən məmləkət

saadet-cahangir-koseSəadət Cahangir

Gəncəyə heyf! Yalınız Gəncəyəmi? Qarabağa. Naxçıvana, Bakıya, Şəkiyə, Qubaya… Bütünlükdə Azərbaycana heyf deyilmi? Ölkənin bərbad halına, zəlil günə qalan insanlarına, tapdanan dəyərlərinə, pozulan əxlaqına, sındırılan qüruruna necə, heyf deyilmi? Bizi hər şeyin üstündən səssizcə keçib getməyə, hər cür həqarəti qəbul etməyə, hər təpiyin qarşısından qaçmağa necə alışdırdılar belə? Necə öyrəşdirdilər bizi bu qədər əzik, key, heysiz, dilsiz olmağa görəsən? Necə qırdılar inadımızı, sözümüzü necə kəsdilər, necə qorxutdular gözümüzü?

Məmləkət başdan-başa dərd yağır. Bu dərdin ucundan tutub o qədər uzaq getmək olar ki, özünü itirib hardasa azıb qalarsan eləcə. Gəncədən niyə başladığımı da anladınız yəqin. Iki ay əvvəl orada Məhəmməd Əmin Rəsulzadənin büstünün başına torba keçirildiyi xəbəri gəlmişdi. Sonra bu fakt fotolarla da təsdiqləndi. Kimsənin uydurması və ya qərəzi deyildi bu. Aydın oldu ki, büstün başı məhz icra başçısının göstərişi ilə örtülüb. Xəbər verildiyinə görə, həmin örtük elə o formada da qalır. Niyə keçirilib, nə zaman çıxarılacaq, o da məlum deyil. Indi bu ölkədə nəyin niyə baş verdiyini anlamaq, ümumiyyətlə, mümkün deyil. Dünənə qədər hökumətin ən ağzıodlu nazirlərindən birinin alim atasının büstü ilə bağlı baş verənləri görmədinizmi? Hələ insanın adını daşıyan məktəbin yerli-dibli kürüdülməsi, izinin hər yerdən silinməsi… Bu nə qayda-qanundur, nə siyasətdir, nə əxlaqdır? Bu başıpozuqluğun, qisasçılığın, düşmənçiliyin axırı hara aparır ölkəni, bilirsiniz?..

Mətləbdən uzaqlaşmayaq. Bunların on illərdir Azərbaycan adına şərqin ilk demokratik dövlətini qurmuş bir insanla kinləri bitmir. Kinləri gözlərinə girsin, təhqirə, həqarətə, söyüşə ağız verəcək qədər nanəcib olmasınlar barı. Bu qədər cılızlaşıb, xırdalanıb, kiçilib Naqif Həmzəyev dərəcəsinə düşməsinlər. Hələ bu adam ən azı beş il ölkə parlamentində milləti təmsil edəcək. Məsələ onu millətin seçib-seçməməsində deyil ki. Fakt adam millət vəkili mandatını alıb oturub parlamentdə. Elə də özünə arxayın oturub ki, milyonların dəyər saydığı bir ada belə dil uzatmaqdan çəkinmir. Çiyninə qoyulan əlin o qədər güclü olduğunu düşünür ki, Rəsulzadə haqqında ən alçaldıcı sözlər  işlətməyə, “xain” ifadəsini dilinə gətirməyə belə cəsarət tapır. Ilahi, bu adamları kim böyüdüb, kim yetişdirib, hansı davranış kodeksi tərbiyələndirib görəsən? Tutduqları postun, daşıdıqları mandatın, danışdıqları sözün fərqindədirlərmi bunlar? Fərqində olana bənzəmirlər heç. Fərqində olsaydılar, bu qədər alçaldıcı sözləri dilinə gətirən birinə qahmar çıxıb, tərəfini saxlamaz, ağzından vurub tənbeh edər, xalq qarşısına çıxarıb üzr istədərdilər ən azından. Amma nə yalan, bunları yazınca “kimdən nə gözləyirsən…” deyə özümü qınayıram da ürəyimdə. Guya bunların etdikləri yanlışa, qəbahətə, günaha görə nə vaxtsa üzr istədiklərini görən olub? Guya bunlar hansı məqamdasa etdikləri pis əməllərə görə peşmanlıq duyduqlarını dilə gətiriblər?

Bu hakim partiyanın Gəncədən seçilən 32 yaşlı deputatı Naqif Həmzəyev “bismillahı”nı belə başlayıb. Görünən odur ki, adam xidməti fəaliyyətinə xalqı söyməkdən başlayıb. Əslində, təəccüblənəcək bir şey də yox. Bunlar xalqı on illərdir söyürlər də, döyürlər də, əzirlər də, xalq çevrilib üzlərinə qayıtmır. Dözümü sınanıb artıq bu xalqın. Ona görə, kimsə “biz hardan belə söyülən və döyülən məmləkət halına gəldik” sualı üzərində baş sındırmasın…