“Azadlıq” qəzetinin şöbə müdiri və “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzi ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçlə görüşmək istəyir. Bu barədə “Azadlıq”a jurnalistin yaxınları məlumat verərək bildirib ki, Seymur Həzi bununla əlaqədar ATƏT rəsmisinə müraciət edib. Jurnalist xanım Miyatoviçi 17 saylı cəzaçəkmə müəssisəsinə dəvət edib.
“Seymur müraciətdə xanım Mijatoviçdən xahiş edir ki, Bakıya növbəti səfəri zamanı mütləq 17 saylı cəzaçəkmə müəssisəsinə də baş çəkib onunla görüşsün. Ümumiyyətlə, ATƏT təmsilçisinin cəzaçəkmə müəssisəsindəki saxlanma şəraitilə tanış olmasını istəyir”, – deyə jurnalistin yaxınları bildirib.
Xatırladaq ki, Seymur Həzi 2014-cü il avqustun 29-da həbs olunub. Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddəsilə ittiham olunan jurnalist Abşeron rayon Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib.
Seymur Həzi isə ittihamın saxta olduğunu bildirir. Yerli və beynəlxalq ictimaiyyət də onun jurnalist fəaliyyətinə, hökumətin ünvanına tənqidi yazı və çıxışlarına görə həbs olunduğu qənaətindədir.
Aytən



