Cəmiyyət hökumətə «tərs sillə» vurmaqla, antiRəsulzadə siyasətinin əks-effekt verdiyini təsdiqlədi
YAP-çı deputat Naqif Həmzəyevin Rəsulzadə haqqında dedikləri ölkə gündəminə bomba kimi düşdü. Daha doğrusu cəmiyyət birmənalı şəkildə hökuməti bombaladı. Siyasi mövqeyindən, cəmiyyətdəki yerindən asılı olmayaraq hər kəs aqressiya nümayiş etdirdi, yapçı deputata qarşı ən ağır ifadələr səsləndirildi.
Hakimiyyətin uzun illər ərzində apardığı antiRəsulzadə siyasəti, antiCümhuriyyət təbliğatı tam iflasa uğradı. Məlum oldu ki, Universitetdən adının götürülməsi, Gəncədəki büstünə çuval keçirilməsi Rəsulzadə sevgisini insanların qəlbindən çıxara bilməyib. Bir daha aydınlaşdı ki, bu ölkənin vətəndaşları Rəsulzadə ideyalarına bağlıdır, Rəsulzadənin qoyduğu yola hörmətlə yanaşır və Rəsulzadəni əsl ümummilli lider kimi qəbul edir.
Bəli, baş verənlər təkcə YAP-çı deputata deyil, bütövlükdə hakimiyyətə vurulan tərs sillə idi. Həm də Rəsulzadəyə qarşı münasibət qorxudan, yaltaqlıqdan doğmur, şəxsi maraqların təminatı üçün yaranmır. Rəsulzadə milyonlarla insanın qəlbində heykəl qurub. Amma hər bir Azərbaycan vətəndaşının öyündüyü bu adama ölkədə daş heykəl qoyulmur. Naqifin naqisliyindən sonra YAP-ın bu məsələyə laqeyd münasibəti də bir daha hakimiyyətin Rəsulzadəyə nifrətini ortaya çıxardı.
Amma baş verənlərdən ən böyük ibrət çıxarmalı olan da YAP hakimiyyətidir. Hakimiyyət başa düşməlidir ki, zorakılıqla, keçmişi silmək cəhdləri ilə, hər yerdə eyni adamın adına heykəl, muzey, kompleks tikməklə sevgi yaratmaq olmaz. Dövlətə və millətə xidmət edənlər, işıqlı ideyaları daşıyanlar isə heykəlsiz də bu millətin qəlbində yaşayır. Bu qədər birtərəfli təbliğatdan sonra Rəsulzadə sevgisi hələ də bu millətin ürəyindən çıxmayıbsa, deməli, bundan sonra da əbədi yaşayacaq.
Eyni zamanda baş verənlər “xalq hakimiyyətlə həmrəydir” təbliğatını da əritdi. Göründü ki, yalnız yaltaqlar, qorxaqlar və bu hakimiyyətin qazanından qidalananlar Rəsulzadəyə əl uzadə bilər. Təsdiqləndi ki, 23 illik yalan təbliğatı 97 il öncəki qürur tariximizin qarşısında bir heçdir.
Bir sözlə, hökumət də gördü ki, bu xalq Rəsulzadəyə uzanan əli kəsmək iqtidarındadı. Naqif Həmzəyev sayıqlamaları ilə cəmiyyətdə hökumətin heç bir nüfuzu olmadığını təsdiqlədi. Və ya hökumət xalqın sevgisini Naqif Həmzəyevlə ölçməyə cəhd göstərdi və mənfi nəticə aldı. Naqif Həmzəyev məlum müsahibədə deyir ki, mənim üçün yeganə ümummilli lider Heydər Əliyevdir. Amma cəmiyyət bu ifadəyə də sıfır reaksiya verdi. Rəsulzadə növbəti dəfə rejim üzərində qələbə qazandı.
Samir