NATO-dan Rusiya ultimatum: “Türkiyəyə hücum etsə, qarşısında bizi görəcək”

Yens StoltenberqRusiyaya bir zərbə də “Çernoqoriya cəbhəsindən” dəydi

BMT-nin Parisdə keçirilən iqlim dəyişikliyi sammitində bir araya gələ bilməyən Rusiya və Türkiyə prezidentləri bununla da təyyarə insidentinə görə yaranmış gərginliyi azaltmaq fürsətini əldən verdilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təkidlərinə baxmayaraq, rusiyalı həmkarı Vladimir Putin görüşdən imtina etdi. Bu o demək idi ki, Rusiya Ankaranın “üzr istəməyəcəyik” bəyanatından narazı qalıb və Türkiyəni mümkün olduğu qədər cəzalandırmaq fikrindədir. Ankaraya iqtisadi sanksiyalar tətbiq edəndən və iki ölkə arasında vizasız rejimin aradan qaldırılmasına qərar verəndən sonra Moskvanın əlində qaz “kartı” qalırdı. Rusiya hələlik bu istiqamətdə konkret qərar verməsə də, ən müxtəlif səviyyələrdə buna eyham vuran açıqlamalar gözə dəydi.

Rusiyadan qaz almadan da yaşayarıq”

Bu eyhamlar Türkiyənin də gözündən yayınmadı və prezident Ərdoğan dünənki açıqlamalarının birində təbii qaz məsələsinə xüsusən toxundu. Ərdoğan əvvəlcə onu bildirdi ki, Moskva Ankaraya qarşı olduqca emosional davranır. Bu isə yaxşı heç nə vəd etmir. Rusiyadan qaz alışının dayandırılmasına gəlincə, Ərdoğan təhdidlərdən narahat olmadıqlarını və bunun Türkiyə üçün itki olmayacağını dedi: “Alternativ ünvanlara üz tuta bilərik. Biz qazı təkcə Rusiyadan almırdıq. Indi onların qazı olmadan itib-batmarıq. Müxtəlif ölkələrdən qaz alırıq. Bu millət əziyyətə alışmış millətdir. Rusiyanın təbii qazı olmasa, yandıq-bitdik vəziyyətinə düşməyəcəyik. Allahın köməyi ilə bu problemin də öhdəsindən gələcəyik”.ÿ

Özümüzə yaraşanı etdik”

Türkiyə prezidenti Rusiyanın Ankara ilə dərhal sanksiya dili ilə danışmasının heç də yaxşı hal olmadığını bildirib:

Bütün dünya Rusiyaya sanksiya tətbiq edəndə Türkiyə bunu etmədi. Biz dedik ki, Rusiya bizim strateji tərəfdaşımızdır. Qida məhsulları daxil olmaqla, digər məhsulları verməyə davam edəcəyimizi bildirdik. Amma indi onların etdiyinə baxın. Qida məhsullarımızı qəbul etmyəcəklərini deyirlər, iş adamlarımızı isə cəzalandırırlar. Bunlar dövlət ciddiyəti ilə uyğun gəlmir. Türkiyə bu barədə kimliyini qoruyur. Biz onlarla eyni dili istifadə edə bilmərik. Biz özümüzə yaraşanı edirik. Onların da dillərinin dəyişməsini gözləyirik”.

Moskvanın “qaz kartı” əlindən çıxır

Dünən o da bəlli olub ki, Rusiya Türkiyəyə qarşı əsas təzyiq vasitəsindən məhrum olur. Qətərdə iki günlük rəsmi səfərdə olan Türkiyə prezidenti Ərdoğan bu ölkə ilə Türkiyə arasında vizaların qaldırıldığını bildirib. Ərdoğan, bununla yanaşı, BOTAŞ və Qətər Milli Neft Şirkəti ilə Türkiyə arasında təbii qaz anlaşması olduğunu da açıqlayıb: “Bu ölkədən təbii qazın alınması ilə bağlı ilkin müqavilə bağladıq. Türkiyə hazırda Rusiyadan başqa, Iran, Azərbaycan, Nigeriya və Əlcəzairdən də qaz idxal edir”.

Türkiyə prezidenti Ərdoğanın telefon zənglərinə cavab verməyən, təmaslardan imtina edən və hətta bu ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq edən Putin yumşalmağa başlayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov 3-4 dekabr tarixində Belqradda təşkil olunacaq ATƏT Xarici Işlər Nazirləri Şurasının toplantısında türkiyəli həmkarı ilə görüş imkanını dəyərləndirəcəyini bildirib. Lavrovÿ konkret hansı mövzuları müzakirə edəcəklərini açıqlamayıb: “Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun görüşmək təklifini rədd etməyəcəyəm. NATO və Rusiya arasında danışılacaq çox mövzu var, biz bunları müzakirə etməyə hazırıq”.

NATO Türkiyəni tək qoymayacaq

NATO ölkələrinə qarşı hibrid hücumları Vaşinqton razılaşmasının beşinci maddəsinin tətbiqinə gətirib çıxara bilər”.

Bu bəyanatla NATO baş katibi Yens Stoltenberq çıxış edib. “Hibrid hücumu müxtəlif təhülkə yaratdığından müdafiə üçün də çoxlu sayda imkanlar lazımdır”,- deyə o bildirib. Nümunə kimi Türkiyəni göstərən NATO baş katibi bu ölkənin müdafiəsi ilə bağlı uzunmüddətli planlarının olduğunu deyib. O əlavə edib ki, alyans bir neçə ildə Türkiyənin HHM sistemini gücləndirir. Yaxın həftələrdə də Türkiyənin müdafiəsi üçün əlavə tədbirlər görüləcək.

Buna qədər NATO sərhəddə bir neçə qurğu yerləşdirmişdi. Lakin Ankara daha müasir vasitələrin istifadəsini təklif edir. Həmçinin Türkiyədə Britaniya aviasiyası yerləşdiriləcək. Aralıq dənizinin şərqində isə Almaniya və Danimarkanın gəmiləri yerləşəcək.

Baş katib onu da deyib ki, NATO ölkələri müdafiə xərclərinin azaldılmasını dayandırır: “NATO ölkələri artıq müdafiə xərclərinin azaldılmasını dayandırmağa və təhlükəsizlik sahəsinə daha çox sərmayə yatırmağa başlayıblar”.

Alyansdan Rusiyaya daha bir zərbə

Bu arada, bəlli olub ki, NATO Rusiyanın etirazlarına baxmayaraq, Çernoqoriyaya alyansın 29-cu üzvü olması üçün dəvət göndərib. Xarici işlər nazirləri toplantısının ikinci günündə, keçmişÿYuqoslaviya respublikalarından olan Çernoqoriya ilə üzvlük müzakirələrinə başlanması istiqamətində qərar verilib.

NATO-nun baş katibi qərarı belə dəyərləndirib: “Bu, tarixi bir qərardır. Bu gün həm Çernoqoriya, həm Qərbi Balkanlar, həm də NATO üçün gözəl bir gündür. Bu qərar, çox gözəl bir ittifaqın başlanğıcıdır”.

NATO-nun Çernoqoriyanıÿ 29-cu üzv olaraq quruma dəvət etməsi, Rusiyanın ciddi narahatçılığına səbəb olub. Artıq Rusiya məsələ ilə bağlı narahatçılığını ifadə edib. Kremlin sözçüsü Dmitri Peskov ittifaqın Şərqə doğru genişlənməsinə Rusiya tərəfdən qarşılıq veriləcəyini bildirib: “NATO-nun Şərqə doğru ÿgenişləməyə davam etməsi Rusiya tərəfindən qarşılıqsız qalmayacaq. Rusiyanın təhlükəsizlik maraqlarının təmin edilməsi və dəstəklənməsi bunu tələb edir”.

Aydın Taş, Ankara