“Kəndin çox vahiməli görünüşü var. Hər tərəfdə əlisilahlı əsgərlərdir. Meydan, mərkəzi küçələr, hətta ara küçələr də əli silahlılarla doludur. Kəndin küçələrində hərbi maşınlar var, az qala, hər evin damında əlisilahlı hərbçilərdir. Snayperlər də var. Camaat qorxudan küçəyə çıxmır, uşaqlar məktəbə getmir”.
Bunu “Azadlıq” radiosuna Nardaran kəndinin adının çəkilməsini istəməyən sakini deyib. Onun sözlərinə görə, Daxili Qoşunların əməkdaşları adamları, kəndə girən maşınları bir-bir yoxlayır: “Qonşu ərzaq maşınında işləyir. Dükana mal gətirmişdi. Hər şeyi ələk-vələk ediblər”.
Nardaran sakininin dediyinə görə, kənddə işıq olmadığından sakinlərin çoxu şəhərdə və ətraf kəndlərdə yaşayan qohumlarının evinə köçür: “Çünki vəziyyət dözülməzdir. Işıq olmadığından evimiz bumbuzdur. Yeməyi zorla qaz balonlarında bişiririk. Televizora baxa bilmirik, internet yoxdur, dünyadan təcrid olunmuşuq. 5-6 adama görə bütün kəndə əziyyət verirlər”.
«5-6 ay əvvəl rəsmi şəkildə deyirdilər ki, 500 min işıq pulu borcu var, indi 42 milyona necə gəlib çatdı?»
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov isə “Azadlıq” radiosuna deyib ki, qəsəbəyə hələ də işıq verilməyib. Onun sözlərinə görə, məktəblərə, xəstəxanalara belə, işıq verilmir. Havaların soyuq keçdiyi bu günlərdə işıq olmadığından əhali çıxılmaz vəziyyətə düşüb.
Natiq Kərimov kənddəki ümumi vəziyyətdən də danışıb: “Qoşunlar burdadır. Işıqlar yanmır. Tutulanlardan xəbər yoxdur, ölənlərin məsələsi həll olunmayıb. Bax, belə bir vəziyyətdir. Ölənləri gətirib basdırıblar. Ancaq bilinmir ki, kim basdırıb, kimi basdırıb. Ölənlərin yaxınları deyir ki, niyə basdırdıqları yeri demirlər? Belə olmaz axı. Basdıranda ata-anası, yaxını olmalıdır ki, bilsin bu filankəs idi, basdırıldı. Ölənlərin ailələri nigarandır. Adamları tutub aparırlar, onlardan da xəbər yoxdur. Camaat küçəyə çıxmır”.
Natiq Kərimovun sözlərinə görə, qəsəbədəki mağazalar da müflis olub: “Beş mağaza var, beşi də müflis olub. Mağazaya gedib bir şey alan yoxdur. Camaat küçəyə çıxmır, çünki adamları bu məhəllədən o məhəlləyə buraxmırlar”.
Onun sözlərinə görə, evlərdə axtarışlar hələ də davam edir. “Əlbəttə, gəlib yoxlamalıdırlar. Yoxlasınlar, araşdırsınlar, kimin günahı yoxdur, buraxsınlar. Buraxılanlar da var. Araşdırma gedir. Biz bunun əleyhinə deyilik. Qanunun aliliyi həll olunsun”, – deyə o, bildirib.
Natiq Kərimov silah məsələsinə də toxunub: “Hər yerdə deyirəm. Mən bilsəm ki, kimdə silah var, onlardan qabaq gedərəm onun evinə, deyərəm, ”ay ən aşağı adam, bu camaat sənə görə əziyyət çəkir, öləni basdırmaq olmur, yoldan keçmək mümkün deyil, mərasim keçirmək olmur. Silah nəyinizə lazımdır?” Qoy yoxlasınlar. Cinayətkar öz cəzasına çatmalıdır. Bu, birmənalıdır, başqa söz ola bilməz. Ən əsas işıq məsələsidir. Deyirlər, kəndin işığa 42 milyon borcu var. 42 milyon ola bilməz. Necə ola bilər axı? Burda zavod yox, fabrik yox. 5-6 ay əvvəl rəsmi şəkildə deyirdilər ki, 500 min borc var. 500 mindən 42 milyona necə gəlib çata bilər? Doğum evində, xəstəxanalarda, məktəblərdə belə işıq yoxdur. Yaşlılar, uşaqlar yazıqdırlar axı. Axtarış aparırsan, silah axtarırsan, Allah canınızı sağ eləsin, ancaq işıq verin. Camaatın təqsiri nədir”.
Natiq Kərimov qəsəbədə dini bayraqların yığışdırılmasından da danışıb: “Bu bayraqlar Məhərrəmlik mərasiminə görə taxılmışdı. Gəlib bayraqları çıxarıblar. Camaatın dini hisslərinə toxunmaq olmaz. Onsuz da imamın qırxından sonra özümüz çıxaracaqdıq. Bir də deyirlər ki, Azərbaycan bayrağı taxılıb. Burda bəyəm Azərbaycan bayrağı yox idi? Bayrağımız bizim üçün müqəddəsdir. Hətta meydanda dəmirdən də üçrəngli bayrağımız var idi. Sonda bir də onu demək istəyirəm ki, qoşunlar düz edir axtarış aparır, əməliyyat keçirir. Daha yaxşı, başıpozuqluq olsa, qarşısını alarlar. Ancaq işığı versinlər, camaat nəfəs alsın”.
“Report” isə məlumat yayıb ki, Nardaran qəsəbəsinin girişində beton plitələr düzülüb. Yalnız qəsəbəyə giriş üçün yer saxlanılıb. Hazırda Nardarana daxil olanlar yoxlanıldıqdan sonra qəsəbəyə buraxılır.