Rusiya Türkiyə-Ermənistan sərhədinə niyə ordu yığır?

 

9781

«Regionda hərbi-siyasi vəziyyət daha da kəskinləşəcək»

Sülhəddin Əkbər: «Qərb-Rusiya qarşıdurması gələn il regionumuzda pik həddinə çatacaq»

Rusiya minlərlə hərbçi və texnikasını Ermənistanla Türkiyə sərhədinə yığır. Bu barədə Müdafiə Nazirliyinin məruzəsinə istinadən bir sıra Rusiya Kütləvi İnformasiya Vasitələri məlumat yayıb.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putin noyabrın 29-da Şimali Qafqaz hərbi dairəsində dislokasiya olunmuş 58-ci ordunun Türkiyə-Ermənistan sərhədində cəmləşdirilmək barədə əmr verib.

Sərhədə yerləşdirilən hərbi texnika arasında zenit-raket sistemləri, reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə komplekslər, motoatıcı və artilleriya qoşunları var. Toplam olaraq iki dövlətin sərhədinə Rusiyanın təxminən 7000 əsgəri cəmlənib. Beləliklə, Rusiya Ankaradan gələn təhlükələrin qarşını Ermənistanın vasitəsiylə ilə almağa çalışacaq.

«Rusiya 20 ildir bağlı olan sərhədə qoşun yığır»

Məlumdur ki, Ermənistanla Türkiyə sərhədləri 20 ildən artıqdır ki, bağlıdır. Ölkələr arasında siyasi vəziyyətdə gərgin olaraq qalır. Son vaxtlar Emənistanın ən yaxın müttəfiqi Rusiya ilə Türkiyə arasında gərginlik yaşanır.

Suriya ilə sərhəddə vurulan rus təyyarəsindən sonra gərginləşən Rusiya-Türkiyə münasibətləri son günlər daha da soyuyur. Bundan əvvəl, Rusiya Türkiyə ilə vizasız rejimi dayandırmaq barədə qərar qəbul edib. Rusiya xarici işlər naziri Sergey Lavrov sözlərinə görə, Türkiyə ilə vizasız rejim 2016-cı il yanvarın 1-dən dayandırılır: “Rusiya rəhbərliyi hazırda iki ölkə arasında qüvvədə olan vizasız rejimi dayandırmağa qərar verib”.

Rusiya prezidenti Vladimir Putin həmçinin noyabrın 28-də Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Bununla da Türk şirkətlərinə Rusiyada işləmək qadağan olunub. Sənədə əsasən, Türkiyənin yuridiksiyası altında olan təşkilatlar üçün Rusiyada bir sıra işlərin icra edilməsinə məhdudiyyətlər yaradılır. (Anspress)

Markovun Azərbaycana xəbərdarlığı

Türkiyə-Rusiya qarşıdurması Azərbaycanın ən ümdə problemi olan Qarabağ məsələsinə də təsir edə bilər. Ötən müddət ərzində Rusiyalı siyasətçilərin bir sıra bəyanatları Azərbaycanı da düşünməyə vadar edir. Maraqlıdır ki, elə bir neçə gün əvvəl Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov səviyəsində Azərbaycana ciddi xəbərdarlıq edilmişdi. Markov açıq şəkildə bəyan etmişdi ki, Rusiya regionda yarana biləcəek gərginlik nəticəsində Ermənistan qarşısında bütün öhdəliklərini icra etməyə hazırdır: «Türkiyədə bəzi siyasətçilər Azərbaycanı Dağlıq Qarabağa hərbi müdaxilə etməyə təşviq edir. Halbuki, Azərbaycan və Ermənistan arasında müharibə başlayarsa, Rusiya Ermənistanla bağladığı müqavilələr çərçivəsində Dağlıq Qarabağa müdaxilə etmək məcburiyyətində qalacaq. Bu təhlükələr qarşısında son dərəcə soyuqqanlı olmaq lazımdır”,

Bəs Rusiyanın bu qərarı necə dəyərləndirilməlidir? Bu addımın məqsədi nədir və hansı nəticələr doğura bilər?

sulheddin-ekber

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, Rusiyanın Türkiyə-Ermənistan sərhəddinə qoşun yığması Qərblə Rusiya arasında gedən qarşıdurmanın regiona yansımasıdır. Türkiyə də NATO üzvü olduğundan, sərhəddində Suriya kimi fəal və Qarabağ kimi dondurulmuş konfliktlər olduğundan bir sıra addımlar atmaq məcburiyyətindədir. S.ƏKbərin sözlərinə görə, ABŞ-la Rusiya arasında olan qarşıdurma xətti Arktikadan Aralıq dənizinə qədər davam edir: «Hər iki tərəf koflikt xəttinin əks tərəflərində qüvvə toplamağa başlayıblar. Bu proses gələn il pik həddinə çatacaq. Ona görə Azərbaycan hakimiyyəti, cəmiyyəti də buna hazır olmalıdır. Rusiyanın Qarabağ məsələsinin həllinə kömək edəcəyi ilə bağlı açıqlama sadəlöhv açıqlamadır. Əksinə regionda hərbi-siyasi vəziyyət daha da kəskinləşəcək və ciddi böhranlar yaşanacaq. Biz hazırda bu böhranlardan birinin şahidiyik. Rusiya və Türkiyə arasında yaşananlar buna sübutdur».

«Rusiya Türkiyə ilə münasibətləri bilərəkdən kəskinləşdirdi»

Ukrayna böhranına görə ABŞ-ın mili təhlükəsizlik strategiyasını dəyişməsini xatırladan S.Əkbər bildirdi ki, nəticədə Vaşinqton  Rusiyanı durdurmağı başlıca hədəfi seçdi. Azərbaycanın Türkiyə ilə birgə Rusiya-Qərb strateji qarşıdurma xəttinin üzərində yerləşdiyini deyən S.Əkbər bildirdi ki, ona görə bu qarşıdurmanın kəskin olacağı regionlardan biri də bizim bölgə olacaqdır: «Rusiya hələ Türkiyə böhranından əvvəl bəyan etmişdi ki, o, qlobal təhlükəsizlik sistemini qurur. Rusiya bu təhlükəsizlik sisteminin bir istiqamətini də Suriyada, Aralıq dənizində qurmağı planlaşdırırdı. Çünki ABŞ-ın raket hücumundan müdafiə sisteminin bir tərəfi də Aralıq dənizində olan hərbi gəmilərdəki radarlardadır. Rusiya İŞİD-lə mübarizə adı altında Suriyaya daxil oldu. Amma İŞİD-lə mübarizə adı altında ora strateji silah yerləşdirə bilməzdi. Ona görə Rusiya Türkiyə ilə münasibətləri bilərəkdən təxribata çəkdi və münasibətləri kəskinləşdirdi. Türkiyə dəfələrlə rus təyyarələrinin sərhədi keçməsinə siyasi-diplomatik xəbərdarlıq etdi. Amma nəticə vermədi. Rusiyaya bu böhran lazım idi. Rusiyanın bir-birinin ardınca atdığı paket addımlar Kremlin böhrana hazırlıqlı olduğunu göstərir. Baş verən bu qarşıdurmanın bir istiqaməti də Cənubi Qafqazdır».

NATO-nun bir müddət əvvəl Gürcüstanda təlim mərkəzi açmasının da təsadüfi olmadığını deyən S.Əkbər vurğuladı ki, bu hər iki tərəfin qarşıdurmaya ciddi hazırlaşdığını göstərir. «Baş verənlər təkcə Rusiya-Türkiyə qarşıdurması deyil. Bu qlobal bir prosesdir və regionumuzda yaşananlar da bu prosesin tərkib hissəsidir», deyə S.Əkbər vurğuladı.

Xəyal