Onu qaralayanlara ən layiqli cavab

elnur-astanbeyli

Ilk dəfə deputat təyin edilən bir YAP-çının (bu köşə yerində adı çəkilməyə layiq deyil, onsuz da kimliyinin bilənlər bilir, bilməyənlər də bilənlərdən soruşsun) dünən Məmməd Əmin Rəsulzadə haqqında ağzına gələnləri danışması haqqında oxuyanda öncə, çoxları kimi, şübhəsiz mən də cin atına mindim. Amma sonra fikirləşdim ki, axı bunda yeni nə var, axı ilk dəfə deyil, düz 22 ildir bunlar Rəsulzadə haqqında olmazın yalanlar, iftiralar istehsal etməkdədirlər.

Hətta bu yalanlar, iftiralar artıq Rəsulzadəyə münasibətin barometrinə çevrilir, aydın hiss olunur ki, hər keçən gün ona sevgi və sayğı ilə yanaşanların sıraları çoxalır. Bu gün onun barəsində həqarətlər on il əvvəlkindən qat-qat kəskin reaksiya ilə, aqressiya ilə qarşılaşır. Biz YAP-çıların Rəsulzadə barədə hər şər-böhtanından sonra Azərbaycanda ona daha çox insanın sahibləndiyini görmək şansı, imkanı qazanırıq.

Elə dünən sosial şəbəkələrdəki etiraz fırtınası da göstərdi ki, hər nə qədər yadlaşdırılmağa, hər nə qədər unutdurulmağa çalışılsa da, hər nə qədər haqqında yalan və böhtan söylənilsə də, zamanla Rəsulzadənin bu xalq və bu vətən üçün gerçək dəyəri daha aydın anlaşılır, daha çox insan onun Azərbaycan tarixindəki əvəzolunmaz yerini və rolunu görür, qiymətləndirir. Rəsulzadə fenomeni bizə həyatını millətinə və məmləkətinə adamış bir insanın heykəlləri, büstləri olmadan da, adı muzeylərə, fondlara, mərkəzlərə, küçələrə, prospektlərə, parklara verilmədən də həqiqi lider mərtəbəsinə yüksəlməyin mümkünlüyünü sübut etdi.

***

Əslinə qalsa, Rəsulzadənin ünvanına söylənilən heç bir hərzəvü-hədyandan, təhqirdən müdafiə etməyə ehtiyac yoxdur. Onun ən böyük müdafiəçisi xidmətləridir. Yoxdan var etdiyi Cümhuriyyət, daşıyıcısı olduğu çağdaş, modern dəyərlər, Azərbaycanın azad, uyğar dünyanın bir parçası olması uğrunda silahdaşları ilə birgə uzun illər boyunca yorulmadan verdiyi mücadilə Məmməd Əmini istənilən şər-şəbədədən, istənilən böhtandan qorumağa yetər. Ona atılan çamurlara görə əsla narahat olmağa dəyməz. Adları zorla, inzibati yollarla bu xalqa dəyər kimi təqdim olunanlar qorxsunlar, narahat olsunlar ki, hakimiyyətləri ilə birgə şöhrətləri də bitəcək, taxt-tacın əldən getməsi ilə nəhəng obrazları da dağılacaq, silinib gedəcək.

Ən əsası isə, yalan, talan, zorbalıq üzərində qurulmuş bir rejimin mənsublarının dilindən Rəsulzadənin ünvanına ittihamlar, hətta təhqirlər eşitməyə görə nə qeyzlənməyə, nə dü əndişələnməyə dəyər. Hətta buna sevinmək lazımdır! Çünki bunun özü də Rəsulzadənin mənəvi ucalığının, tutduğu yolun doğruluğunun növbəti isbatıdır, əks halda, amalı və əməli puldan o yana getməyənlər indi ondan ikiəlli yapışar, onun başına and içər, onu göyün yeddinci qatına qaldırardılar.

***

Bunu da mütləq yazmalıyam: Rəsulzadəyə həqarət onun haqqında yalanlar uydurmaq, iftiralar atmaq deyil.

Rəsulzadəyə ən böyük həqarət 97 il öncə türk və islam coğrafiyasının ilk Cümhuriyyətini qurduğu bu torpaqlarda 21-ci əsrdə, təqvim 2015-ci ili göstərərkən monarxiyanın bərpa edilməsidir.

Rəsulzadəyə ən böyük həqarət 97 il öncə qadına ilk dəfə seçib-seçilmək haqqı tanıdığı bu torpaqlarda 21-ci əsrdə, təqvim 2015-ci ili göstərərkən qadının donunun altından saxta bülleten çıxarıb seçki qutusuna doldurmasıdır.

Rəsulzadəyə ən böyük həqarət 97-ci il öncə yaratdığı Cümhuriyyətin şah əsərlərindən olan azad, müstəqil parlamentin 97 il sonra karikaturaya, seçkili orqandan təyinatlı orqana çevrilməsidir.

Rəsulzadəyə ən böyük həqarət 97 il öncə qaldırdığı Cümhuriyyət bayrağının altında oturanların bu gün rüşvət almalarıdır, reketlik etmələridir, büdcə pullarını basıb yemələridir, o Cümhuriyyətin bütün ilkələrini ayaqlar altına atıb özlərini hakimi-mütləq kimi aparmalarıdır.

Rəsulzadəyə qarşı bütün həqarətlərə, ona qarşı bütün qaralamalara, ləkələmələrə ən yaxşı, ən layiqli cavab isə onun və silahdaşlarının qurduğu Respublikanı geri qaytarmaq, bərpa etməkdir!