O səs… xaric

rovshenRövşən Hacıbəyli

Azərbaycan telekanallarından sosial şəbəkələrdə də tez-tez yazıram. Dostlar hərdən irad da tuturlar; səbr edib bu kanallara baxdığıma görə. Bezmirəm, baxıram. Kimsə baxmalıdı axı. Zəhmət çəkib veriliş hazırlayırlar, reportajlar verirlər; Almaniyadan, Fransadan, Avropada “it günündə” yaşayan qaçqınlardan, “iflas həddinə çatan” Ermənistandan, dünyanın “böhran” içindəki başqa ölkələrindən… Baxmasaq bütün bunlardan necə xəbər tuta bilərik?! AzTV-lər çox maraqlıdır, sadəcə səbr edib baxmaq gərəkdir. Hər gün hər yerdə; işdə, küçədə qan qaraldan olaylarla qarşılaşırsan, istər-istəməz ovqatın pozulur. AzTV-lər ən yaxşı “dərmandır”…

Xeyli vaxtdır reklam edirdilər, yeni layihəni Azərbaycana gətirdiklərini deyirdilər. Söhbət “Səs Azərbaycan” yarışmasından gedir; dünyaca məşhur, elə Azərbaycanda da çoxlarının sevə-sevə baxdığı “o səs…” yarışmasından. Köhnə proyektdir, bir sıra ölkələrdə populyardır. Bizdə də onu çox sevirlər, Azərbaycan gəncləri əsasən “O səs Türkiyə” yarışmasına xüsusi önəm verir və seçim turlarına həvəslə qatılırlar. Elə ötənilki yarışmanın qalibinin azərbaycanlı olması da təsadüfi deyil…

Bu baxımdan istedadlı gənclərimizin Azərbaycana da gəlib çıxan yeni proyektə həvəslə qatılacağını gözləyirdik…

Yarışma barədə bir qədər sonra, öncə münsiflərdən başlamaq istəyirəm. Açığı, münsiflərin reklamı xoşagələn deyildi. Üstəlik, azadlıq, sərbəstlik tələb edən belə bir layihənin azad olmayan, hər diktəsi Prezident Aparatından gələn kanalda yayımlanması yarışmaya heç də uğur vəd etmirdi…

Zaman gəldi yetişdi, yarışma başlandı. Izlədim, ancaq səbr edib bir yol lap başlanğıcdan sonadək baxdım. Yarışmanı izləyənlərin bəziləriylə düşüncələrimizi bölüşdük. “Səs Azərbaycan”ın başlıca qüsuru Azərbaycanın səsi olmamasıdır. Səhnəyə çıxanların çoxu xarici mahnı, eyni zamanda xaric oxuyur. Həm də nə oxuduqlarını bilmirlər. Mahnını əzbərləməklə iş bitmir axı. Xarici mahnılarla Azərbaycanın səsi olmaq, məncə, bir qədər mübahisəlidir. Azərbaycanın yetərincə gözəl musiqiləri var. Fikrət Əmirovun, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Andrey Babayevin, Emin Sabitoğlunun, Elza Ibrahimovanın və başqa bəstəkarların əsərləri harda qalıb? “Musiqinin dili yoxdur”u, görünür, bunlar yanlış anlayıblar. Görünən bu: seçim turlarına ağsaqqallıq (ya da ağbirçəklik) edənlərin musiqi duyumunda problemlər var.

Üstəlik, yuxarıda vurğuladığımız kimi, münsiflər də uğursuz seçilib. Etiraf edim ki, onların içərisində simpatiyam olan yeganə münsif Faiq Ağayevdir. Onun intellekti belə yarışmalarda münsiflik etməyə imkan verir, ancaq bura AzTV-dir, dövlət kanalında qaydalar – həm də yuxarıdan qoyulan qaydalar – sərtdir, dünyaca məşhur yarışma bu kanalın formatına uyğun deyil. Sərbəstlik olmalıdır, münsiflər də, iştirakçılar da bunu demək olar, ya olmaz seçimi qarşısında qalmamalıdır. Bu baxımdan, mənə elə gəlir, Faiq Ağayev sərbəst ola bilmir, iynə üstündə oturmuş kimi görünür…

Tünzalə Ağayevasa o qədər süni münsifdir, hərəkətləri, guya sevinməsi belə yamaq kimi görünür. Hər hərəkəti tamaşaçıda saxta təəssürat yaradır. Öyrənmək heç vaxt gec deyil, ən azı “O səs Türkiyə”yə baxıb bir qədər təcrübə toplamaq olardı. Çox şitdir. Hakimiyyətin şəninə saxta nəğmələr oxuyanda o, daha səmimi görünür. Adamları zorlamaq olmaz, hər kəsin bir “planka”sı var, onu keçəndə, buna boydan yuxarı tullanmaq deyirlər.

Bir çağlar mahnılarını sevdiyim Mübariz Tağıyevə artıq qulaq asmıram. AzTV-lərin sözlə dediyini qaytarıb dinləyiciyə musiqiylə satmaq sənətkarlıq deyil. Sənətə hörmətsizlikdir. Belə birinin başqasının səsinə, sənətinə qiymət verməsini həm də etikadan kənar sayıram.

Manana xanımın ən böyük uğurusa, bizim dildə – türkcə danışmağı bir qədər də öyrənməsidir. Türklər demiş, ağzına sağlıq!..

…Başqa ölkələrdə də populyar olan “o səs…” yarışmalarını izləyənlər bilir; müstəqil telekanallarda tamam başqa ovqatdır. Bu yarışma yalnız yaxşı sponsor qoparmaq, pul-para qazanmaq baxımından AzTV-yə uyğun gəlir.

…Siz o səhnəni qura bilərsiniz, o işıq effektini yarada bilərsiniz, o kresloları da fırlanan, işıqları yanıb-sönən düzəldə bilərsiniz… ancaq münsifə, yarışmaçıya o AZADLIĞı verə bilməzsiniz. Onunçün adam özü içdən azad olmalıdı. Sizdə çatışmayan bu…