MTN-nin rəhbəri Akif Çovdarov deyil, Eldar Mahmudov olub

metleb_mutellimliMətləb Mütəllimli,                                                                     istiqlalçı millət vəkili

 Bu gün Azərbaycanın  kütləvi  informasiya vasitələrini zəbt edən əsas mövzu- “mtn”-də baş vermiş  cinayətlərdir . İlk baxışda belə görünür  ki , guya,bütün nazirliklərdə ,  komitələrdə hər şey qaydasındadır, rüsvayçılıq, reketçilik təkcə  “mtn “-dədir. Əslinə qalsa ,  tam əminliklə demək olar ki , bir çox nazirliklərdəki , komitələrdəki vəziyyət  –   “mtn “ dəkindən də  dəhşətlidir. Bəs , niyə məhz “mtn”?                  Birincisi ,  “mtn”-in uğursuz seçilmiş şefi -“oboxees”i  11 il müddətində  bütün həddləri    aşaraq cızığından xeyli kənara  çıxmışdır.Bu həddini aşmaq   hələ də tam müdafiəsiz  qalmış sahibkarlardan , rabitə və yüksək  texnologiyalar nazirliyindən ,  adları  bilərəkdən gizlədilən digər dövlət qurumlarından bac-xərac almaqdan ibarət olmamışdır. Mətbuatın yazdığına görə , sabiq nazir E. Mahmudov  təkcə  öz həmkarlarını-gözü kölgəli , millətin sərvətlərini çapıb talamaqla xirtdəyə qədər zibilin içində olan  qocaman nazirləri  dinləməklə  kifayətlənməmiş ,  ölkə prezidentini  dinləməyi də  lazım bilmişdir.

İkincisi , şəxsi qənaətimə görə ,bu məsələnin seçkiqabağı ortaya atılması hakimiyyət  tərəfindən məqsədli  şəkildə baş vermişdir. Başqa sözlə desək , 2005-ci ildə olduğu kimi , bu il də seçkiqabağı şou yaratmaq  hakimiyyətin  qabaqcadan  düşünülmüş   siyasi gedişidir. Əvvəlcədən planlaşdırılmış bu çirkin şouda  əsas məqsəd  “ mtn” olayları fonunda seçki saxtakarlıqlarını ört-bastır etməkdən ibarət  olmuşdur ki ,demək olar, bu niyyətlərinə də  nail oldular. Bundan sonar daha 5 il  görməyə məhkum   edildiyimiz sürtülmüş sifətlər, illərlə ağzını  su alıb xalqın dərdindən , sərindən bir kəlmə  belə danışmayan ,deputat mandatını satın alan boynu  yoğun  alverçilər,  öz şəxsi məmafeləri naminə  hər şeyə “ləbbey” deyən  qalstuklu məddahlar    analoqu olmayan milli məclisdə  millətin adından at  oynadacaqlar.                                                                                                                                                                                                                            Üçüncüsü ,belə bir qüdrətli nazirliyi  tar-mar etməklə o biri  yüksək rütbəli məmurları da xəbərdar edilir ki ,baxın ha ,oyun qaydalarından kənara çıxmayın,yoxsa,sizin də aqibətiniz belə ola bilər.                     Bu günlərdə Azərbaycan Respublikasının Baş prokurorluğu “mtn” də baş vermiş olaylarla bağlı yarımçıq ,obyektivlikdən  uzaq bir  məlumat yaymşdır. Bu məlumata  əsasən , istər-istəməz belə fikirləşirsən ki , yəqin , “mtn”nin başçısı E.Mahmudov yox , A. Çovdarov olmuşdur. Başqa cür necə anlamaq olar ki , bütün cəmiyyəti silkələyən bu rüsvayçı hadisəylə bağlı məlumatda əsl günahkarların içərisində  bu nazirlikdə baş verən qanunsuzluqlara birbaşa cavabdeh , proseslərin içərisində əsas fiqur olmuş  E.  Mahmudovun adı çəkilmir? İstintaqda- bir çox hallarda olduğu kimi , indi də  icraçılar məsuliyyətə cəlb edilir, nazirliyin fəaliyyətinə birbaşa nəzarət etməyə borclu olan şəxs  isə cinayət məsuliyyətindən   kənarda qalır,ona himayədarlıq edilir. Bir çox tanınmış hüquqşunasın,eləcə də bizim fikrimizcə , istintağın gedişi haqqında  məlumatda sabiq nazirin adının heç çəkilməməsi , təqsirinin birbaşa  göstərilməməsi bütün hüquq normalarına ,  istintaq qaydalarına tamamilə ziddir.Bir də,əgər,sabiq nazirin törədilən cinayətlərdə əli yoxdursa,onda niyə ev dustağı edilib? Görünür, ya,  istintaqı aparan prokurorluq orqanının rəhbərliyi , ya da ölkə rəhbərliyi haqqında sabiq nazirdə  elə  ifşaedici faktlar vardır ki , məhz buna görə , arı pətəyinə çubuğ salmağa  ehtiyat edilir.                                                                    Hal-hazırda hakimiyyət tərəfindən sıxışdırılan,lakin,qeyri-rəsmi qadağalara baxmayaraq  “mtn” olaylarını işıqlandırmaqda davam edən mətbuat belə bir mülahizəni də əsas gətirir ki , ola bilsin ,E.Mahmudov yığdıqlarının bir hissəsini yuxarılardan gizlədiyinə  görə cəzalandırılır. Hər halda, hakimiyyət rəhbərlərinin bu barədə susması çoxlu suallar yaradır.                                                                         Necə bilirsiniz , reket yolu ilə toplanan bac-xərac təkcə E.Mahmudovamı çatmışdır? Əsla yox !  İndi ölkədə hörümçək toruna bənzər   elə bir cinayətkar şəbəkə  formalaşmışdır ki , dövlət orqanlarında toplanan sərvətlərin cüzi bir hissəsi  aşağı , əsas hissəsi isə yuxarılara çatdırılmalıdır. Görün , vəziyyət hansı dəhşətli həddə çatmışdır ki , millətin mütləq əksəriyyəti bir tikə çörəyə görə özünü oda-közə vurduğu bir vaxtda  sabiq nazir  cinayət yolu ilə toplanan , fantastik rəqəmlərlə hesablanan pulların xüsusi anbarlarda xarab olmaması,uzun müddət çürüyüb sıradan  çıxmaması üçün xaricdən xüsusi konteynerlər gətizdirmişdir.     O ki , qaldı sabiq nazirə çatan paya , sərvətə , şübhəniz olmasın ki ,onun bütün sərvəti  özünün metodu ilə-zorla əlindən alınacaqdır, hərçənd ki , oğrudan oğruya halaldır.                                           Ölkə başçısı İ.Əliyev çıxışlarında dəfələrlə, inamla bəyan edirdi ki,  “Ölkədə nə baş verirsə, ondan mənim xəbərim vardır.” Onda,   sual olunur : dövlətin bel sütunu hesab eduiən bir nazirlikdə 11 il reketçilik baş alıb gedirdisə,  dövlət orqanlarından bac-xərac alınırdısa,insanlar məhkəməsiz-sübutsuz dara şəkilirdisə , niyə  siz bunu görmürdünüz, niyə vaxtında ölçü götürmürdünüz? Məgər, bilmirdinizmi , özbaşınalığın qarşısı  yanğında olduğu kimi  dərhal alınmazsa , sonda  daha ağır fəsadlar baş verər?  Məgər, bilmirdinizmi ,”obxees” dən  təhlükəsizlik naziri olmaz?                                                                                           Doğrudanmı  indi də belə fikirləşirsiniz ki , bu nazirliyə  rəhbərliyə yeni  gətirdiyiniz keçmiş polis Mədət Quliyev də  əvvəlki polisdən yaxşı və uğurlu kadrdır? Məgər, sizin  xəbəriniz yoxdurmu ki , Milli Qəhrəman statuslu Mədət  Quliyev 5 ilə yaxın müddətdə Penitensiar Xidmətinin rəisi kimi məhbusların anasını ağlar qoymuş, pul xatirinə dərilərini soydurmuş , cəzaçəkmə yerlərini  əsl alverxanaya , bazara çevirmişdir?          Respublika Baş Prokurorluğun məlumatının yarımçıq olması ,bunun da nəticəsində  aparılan istintaqın qeyri-obyektib olacağı  bir yana qalsın , məgər, bu olaylara görə respublika prokurorluğu  məsuliyyət daşımırmı? Əlbəttə, məsuliyyət daşıyır.                                                                           Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Prokurorluğu  ” qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir. ”

Prokurorluq haqqında Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə görə  isə ,  ” prokuror əməliyyat-axtarış fəaliyyətinə dair qanunların tələblərinin əməliyyat-axtarış orqanları tərəfindən icrasını təmin etmək məqsədi ilə bu orqanlar tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və onların qəbul etdiyi qərarların qanuniliyi üzərində nəzarəti həyata keçirir.”                                 Bax , belə !  Respublika Baş prokurorluğunun dövlət orqanlarında qanunların icrasına yarımçıq nəzarəti;  bir çox istintaq işlərində olduğu kimi “mtn” işində də  əsas fiqurları istintaqdan yayındırmaqla istintağı yarımçıq aparması;  ölkədə insan hüquqlarının  kütləvi formada pozulmasına , o cümlədən , məhkəmələrdə bu gün də baş alıb gedən  özbaşınalıqlara  göz yumması  bu orqanın özünün də yarımçıq fəaliyyətinin nəticəsi deyilmi?                                                                                                                                          Belə yerdə müdriklər  deyiblər ki , ” Dad yarımçıq əlindən”.