Rəsmi təbliğat müxalifəti çirkin kampaniyaya necə qoşmaq istəyir?
Bu hakimiyyətin şər-böhtanla qidalandığı, vicdanlı insanları hər addımda ləkələdiyi heç kimə sirr deyil. Artıq bütün dünya da bilir ki, ölkədə 100-ə yaxın insan siyasəi mövqeyinə gərə həbs edilib və ölkədə real müxalifət mövqeyində dayananlar ciddi təzyiqlərlə üz-üzə qalırlar.
Uzun illər ərzində real müxalifətə qarşı Prezident Aparatında yazılmış “ssenari”lər həyata keçirilib. Hökumət mətbuatı, telekanallar, rejim əlaltıları isə bu çirkin kampaniyaya nəfəs veriblər. Xüsusən də AXCP və onun təmsil olunduğu Milli Şuraya qarşı ən iyrənc ittihamlar səslənidirilir, millətin və dövlətin maraqlarından çıxış edən bu insanları gözdən salmağa cəhdlər edilir.
Indi də hakimiyyət Nardaranda törətdiyi əməllərə Milli Şuranı bulaşdırmaq istəyir. Gecə-gündüz telekanallar Milli Şuranın terrora, terrorçulara dəstək verdiyini, polislərin öldürülməsinə haqq qazandırdığını tirajlayır. Amma indiki dövrdə yalanları uzun müddət yaşatmaq mümkün deyil. Ən azından sosial şəbəkələrdən, Milli Şuranın bu məsələyə münasibətini öyrənmək olar.
Əvvəla, AXCP sədri Əli Kərimli öz “facebook” səhifəsində yazdı ki, biz dünyəvi dövlət tərəfdarıyıq, hökumətə münasibətimizdən asılı olmayaraq dövləti təhdid edən, silahlı qarşıdurmaya səbəb olan istənilən hadisəni pisləyirik və belə hallara ilk növbədə biz etiraz edərik. Milli Şuranın bəyanatında da oxşar fikirlər yer alıb və tam dövlətçilik maraqlarını ifadə edən mövqe ortaya qoyulub.
Amma AXCP sədri Əli Kərimlinin yazdıqlarında da Milli Şuranın bəyanatında da hakimiyyətin belə bir səriştəsiz əməliyyat keçirməsi, silahlı qarşıdurmaya rəvac verməsi pislənilib. Eyni zamanda xeyli haqlı suallar var ki, hökumətə ünvanlanıb və bu məsələdə hökumətin təbliğatını birmənalı həqiqət kimi qəbul olunması da yanlış hesab edilib. Çünki, Tale Bağırzadə dəfələrlə hüquq mühafizə orqanları tərəfindən MTN-ə, DIN-ə çağırılıb və hər dəfə də bu çağırışa əməl edib. Bu dəfə də məsələni dinc şəkildə həll etmək olardı. Yaxud, Prokurorluğun Nardaran sakinləri ilə dialoqdan imtina etməsi AXCP sədri Əli Kərimli tərəfindən qınanılıb və bu adamların Ermənistan vətəndaşı olmadıqları hökumətə xatırladılıb. Və ya kəndin işığının, qazının kəsilməsi, ölənlərin meyidinin verilməməsi, kənd camaatının ərzaqla təminatına əngəl yaradılması pislənilib. Tələb olunub ki, əməliyyat çəkilişləri cəmiyyətə təqdim edilsin.
Ən əsası Tale Bağırzadə bundan əvvəl narkotik ittihamı ilə həbs olunub və 4 aydır ki, azadlığa çıxıb. Amma həm həbsindən əvvəl, həm də həbsindən sonra hökumət əleyhinə tənqidi fikirlər səsləndiririb. Bir müddət öncə Yasamal polisinə çağırılaraq döyülüb. Yəni, hökumətin siyasətinə hər zaman etiraz edib və həbslərin bu səbəbdən baş verməsi ehtimalı böyükdür. Bugünə qədər Tale Bağırzadənin dövlət əleyhinə çağırışlarını, Azərbaycan qanunlarından imtina etməsini, terrorla məşğul olduğunu sübuta yetirən hər hansı fakt yoxdur. Əksinə, Tale Bağırzadə ona qarşı təxribat hazırlandığını, onu ləkələyib həbs etmək istədiklərini bildirmişdi. Ən əsas sual da budur ki, izləndiyin bilən adam niyə qumbara, silah gəzdirməli idi? Hələ məhkəmə hökmü olmamış, ittihamlar təsdiqin tapmamış niyə bu adamlara “terrorçu”, “vətən xaini” damğası vurulur?
Bəli, Milli Şura bu məsələdə ortaya ciddi mövqe qoyub və sona qədər də bu mövqedə dayanacaq. Çünki, Milli Şuranı mövqeyi hüquqa, Konstitusiyaya, dünyəvi dövlət quruluşuna, dövlətçilik maraqlarına xidmət edir.
Məsələnin başqa tərəfinə gəlincə, biz niyə bu hökumətə inanmalıyıq?
Bu gün AXCP-nin 7 üzvü şərlənərək həbs olunub. Bugünə qədər cəbhəçiləri də “ermənipərəst”, “vətən xaini”, “narkoman” kimi həbs etməyiblərmi? Bu gün həbsdə olan Seymur Həzidən tutmuş, Xədicə Ismayıla qədər hər kəs hakimiyyətin şərinin qurbanı deyilmi? Tofiq Yaqublu və Ilqar Məmmədovu Ismayıllıda iğtişaş törətmək ittihamı ilə həbs etmədilərmi? AXCP-nin qərargahını partladan, Milli Şuraya gecə-gündüz iyrənc ləkələr vurmağa çalışan bu hakimiyyət deyilmi? Adamları “xuliqan”, “narkoman” adıyla həbs edib, siyasi əfv ərizələriylə azad edən bu hökumət deyil? N!DA-çı gəncləri də “Molotov kokteyl”i düzəltməkdə, ölkədə iğtişaş yaratmaqda ittiham etmədilərmi?
Və ən nəhayət Milli Şuranın bəyanatı ortada olduğu halda, “Milli Şura terrora dəstək verir” təbliğatını yayan bu hakimiyyət deyilmi?
Bütün bunlardan sonra Tale Bağırzadənin şərlənərək həbs edildiyini, Nardaran hadisələrinin qəsdən törədildiyini niyə ehtimal etməməliyik? Bəli, ümumi mənzərə onu göstərir ki, Tale Bağırzadə tənqidi çıxışlarına, hakimiyyəti hədəf seçdiyinə və getdikcə qeyri-dini kəsimin də rəğbətin qazandığına görə aradan götürüldü. Tale Bağırzadənin fəaliyyətində terrorla, dövlət çevrilişi ilə üst-üstə düşən məqamlar yoxdur.
Ona görə də, Milli Şuranın terrora dəstək verdiyini təbliğ edən hökumət növbəti dəfə pərt vəziyyətə düşəcək. Yeri gəlmişkən bir vaxtlar Əli Kərimlini Əl-Qaidə, Hizbullahla əlaqələndirən, Əli Kərimlini Elçibəyi zəhərləməkdə ittiham edən, Əli Kərimlinin cibindən guya tank əleyhinə qumbara çıxdığını iddia edən də bu hakimiyyət olub. Amma bütün bu ittihamlar əsassız olub və hökumətin ifşası ilə nəticələnib.
Ona görə də Nardaranda baş verənlər obyektiv araşdırılmalı və hökumət əsaslı suallara cavab verməlidir. Həbs olunanların məhkəmə prosesi ədalətli keçirilməli və hadisənin necə baş verdiyini ittiham olunan tərəf də izah etməlidir. Əgər hakimiyyət haqlıdırsa, məkrli planlar yoxdursa, şəffaf şərait yaratmalıdır.
Bir daha təkrar edirik ki, Milli Şura kimliyindən asılı olmayaraq dövlətə qarşı çıxanların qarşısında, haqsız həbs olunan, şərə məruz qalanların yanında olacaq.
Hakimiyyət nə qədər çalışsa da, ağ qara ləkə götürməyəcək. Milli Şura hər zaman dövlətin və milətin yanında olub və bu ölkənin hər bir qarışını vətən hesab edir.
Samir