Fuad Qəhrəmanlı: «Bu səfər Türkiyə-Rusiya gərginliyinin fonunda Ankara-Bakı münasibətlərinin aydınlaşdırılmasına xidmət edəcək»
Sabah Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycana səfər edəcək. Bu barədə Türkiyənin xarici işləri naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. Səfər çərçivəsində Davudoğlu bir sıra rəsmi görüşlər keçirəcək. Həmin görüşlərdə ikitərəfli əməkdaşlıq, regional və dünya əhəmiyyətli məsələlər müzakirə olunacaq. Səfər zamanı hansı məsələlərə toxunulacağı maraq doğurur.
Amma səfərdən öncə, Davudoğlunun səsləndirdiyi bir sıra məsələlərə diqqət yönəltməyə dəyər. Türkiyənin baş naziri Rusiyaya daha məntiqli olmağı məsləhət görüb. Rusiyadan Türkiyəyə qaz nəqlinin dayandırılacağı təqdirdə Türkiyənin Azərbaycan və İran qazı kimi alternativi var. Davudoğlunun sözlərinə görə, Ankara ümid edir ki, Rusiya bu addımı atmayacaq. Lakin əgər Moskva bunu etsə, Türkiyə Azərbaycan və İrandan qaz nəqlini artıracaq. Eyni zamanda Rusiya-Türkiyə qarşıdurmasının fonunda Azərbaycanla bağlı digər məsələlərə də aydınlıq gətirilə bilər. Məhz belə bir məqamda Azərbaycanla Türkiyə arasında viza rejiminin aradan qaldırılması gündəmə gələ bilər.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, hazırkı dönəmdə Türkiyə baş nazirinin Bakıya səfəri olduqca mühüm önəm kəsb edir. Çünki Rusiya ilə münasibətlərin gərginləşməsinin fonunda Azərbaycanın bu məsələdə tutacağı mövqe Türkiyə üçün əhəmiyyətlidir. F.Qəhrəmanlının fikrincə, Rusiyanın Türkiyəyə tətbiq etdiyi iqtisadi sanksiyaların təsirini azalatmaq baxımından Azərbaycanın mövqeyi Ankara üçün mühümdür: «Azərbaycanın bu proseslərdə oynayacağı rol Türkiyə üçün əhəmiyyətli sayıla bilər. İlk növbədə Türkiyə Rusiya ilə münasibətlərin gərginləşdiyi hazırkı şəraitdə, regional dayaqlarıanı gücləndirməkdə maraqlıdır. Xüsusi ilə Azərbaycan kimi mühüm geoplitik üstünlükləri olan bir ölkənin Türkiyəyə münasibətdə öz müttəfiq münasibətini ifadə etməsi, bəzi sahələrdə Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların təsirini azalatmaq baxımından əhəmiyyətlidir. İlk növbədə Rusiyanın qaz təhdidinə qarşı Türkiyə Azərbaycandan alacağı qazın həcmini artırmağın mümkünlüyü ilə bağlı təminat almaq istəyir. Eyni zamanda Türkiyə Rusiyanın qoyduğu qadağalara aşmaq üçün Azərbaycan ərazisindən Orta Asiyaya yük daşımalarını daha əlverişli şərtlərlə həyata keçirmək üçün nəqliyyat dəhlizi yaratmaq istəyir. Rusiya ərzaq bazarında iyirmi faizlik paya sahib olan Türkiyənin bəzi məhsullarının ölkəmizə ixracı da indiki vaxtda qardaş ölkə üçün maraqlıdır. Digər bir tərəfdən Türkiyə Azərbaycana Qarabağ məsləsində dəstəyini nümayiş etdirməklə, Rusiya ilə siyasi qarşıdurma xəttinin Suriya hüdudlarından kənara çıxaramaq iqtidarında olduğunu da nümayiş etdirməkdə maraqlıdır. Bununla Türkiyə təhlükəsiszlik sahəsində Rusiya ilə Cənubi Qafqazda da rəqabət apara biləcəyinin və heç də müdafiə mövqeyindən çıxış etməyəcəyinin mesajını vermək istəyir. Azərbaycanın bu prosesdə Türkiyənin yanında yer alması, Ankaranın istəklərinə müsbət cavab verməsi Türkiyənin regional təsir imkanlarının artırılmasına və ölkəmizin milli maraqlarıan xidmət edər». F.Qəhrəmanlının sözlərinə görə, Davudoğlunun səfərində başaqa qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunacaq. F.Qəhrəmanlı hesab edir ki, amma Azərbaycanın baş verənlərin fonunda birmənalı olaraq Türkiyəyə dəstək verməsi, Ankaranın mövqeyindən çıxış etməsi o qədər də real deyil.
Çünki artıq bunun müəyyən simtomları görsənir. Türkiyə-Rusiya arasında yaranmış gərginlikdə Azərbaycan hakimiyyətinin dolayısı ilə Moskvanın mövqeyini dəstəklədiyini xatırladan F.Qəhrəmanlı əlavə etdi ki, hakimiyyət özünə yaxın şəxslərin dili ilə Türkiyənin Rusiyadan üzr istəməsi məsələsini ifadə etdi: «Eyni zamanda Azərbaycan reallıqda olmasa da, Türkiyədən idxal olunan ətə embarqo qoymaqla Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalara qoşulduğunu göstərəməyə çalışdı. Digər tərəfdən isə Azərbaycan televiziyalarında anti-Türkiyə kampaniyasına start verilib. Hakimiyyətə bağlı şəxslər iqtidara bağlı TV-lərdə daha çox Rusiyanın mövqeyini müdafiə etməklə məşğuldurlar. Belə bir vəziyyətdə hakimiyyətin Türkiyənin istəklərinə müsbət cavab verməsi Rusiyaya qarşı mövqe almaq demək olacaq. Bu isə Rusiya tərəfindən mənfi qarşılana bilər. Güman ki, hakimiyyət bu görüşlərdə çalışacaq ki, Rusiya-Türkiyə gərginliyində Ankaranın Azərbaycandan Rusiyanı qıcıqlandıracaq istəkləri olmasın».
F.Qəhrəmanlı hesab edir ki, Azərbaycanın bu günə qədər davranışları onu göstərir ki, hakimiyyətin Türkiyə ilə bağlı apardığı siyasət dayanıqlı, güvənilir deyil. Buna da səbəb Azərbaycanın Rusiyapərəst mövqe tutmasıdır: «Türkiyə Qərbin bütün təzyiqlərinə baxmayaraq Ermənistanla sərhədləri açmayıb, Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyib. Amma Türkiyə üçün mühüm əhəmiyyət kəsb edən dönnəmdə Azərbaycan Ankaraya dəstək verməyə meyilli görünmür. Əksinə, Türkiyəyə düşmən mövqe sərgiləyən Rusiyanın yanında yer alır. Davudoğlunun səfərində bu məqamlar müzakirə olunacaq. Bu baxımdan Davudoğlunun səfəri həm də münasibətlərin aydınlaşdırılmasına xidmət edəcək».
Xəyal