Bu cihaz avtomobilinizi evakuatorun apardığını xəbər verəcək

sumaks-cihazAzərbaycanın “Sumaks” şirkətinin “AvtoMax” adlı cihazının istehsalına başlanılıb. İçərisində sim kart olan və avtomobilin motorxanasında quraşdırılan bu cihaz vasitəsilə avtomobili izləmək və ona nəzarət etmək mümkündür.

“Sumaks” MMC-nin direktoru Cavid Məmmədov “Marja”ya bildirdi ki, cihaz Müdafiə Sənayesi Nazirliyinin “Peyk” zavodunda istehsal olunur.

Onun sözlərinə görə, cihaz avtomobil parkında bir neçə sayda avtomobili olan şirkətlər üçün faydalıdır:

“Bu cihaz alındıqda sürücü və avtomobil haqqında məlumatlar daxil edilir. Məsələn, avtomobilin yağı neçə kilometrdən sonra dəyişəcək, sığorta nə vaxt bitir və s. Adətən, şirkətlərin bəzi sürücüləri yağ ilə bağlı mənimsəmə edirlər. Əgər avtomobilin yağı 5000 km-dən bir dəyişməlidirsə, şirkət, avtomobilin neçə kilometr getdiyini və hansı müddətdən sonra yağının dəyişəcəyini günbə-gün bilir. Sürücü vaxt bitməmiş “yağı dəyişmək lazımdır” desə, bu, keçməyəcəkdir. Həmçinin avtomobili 7/24 izləmək mümkündür. Hətta avtomobilin təyin olunan ərazi daxilində istifadə edilib-edilmədiyini bu cihaz vasitəsilə öyrənmək mümkündür. Eyni zamanda, kənardan avtomobilin daynma və durma vaxtlarını da bilmək olur”.

Cavid Məmmədov qeyd etdi ki, bir müddət sonra cihazın fərdi avtomobil sahibləri üçün versiyası da təqdim olunacaqdır:

“Cihaz, avtomobil yerindən götürüldükdə sahibinin mobil telefonuna mesaj göndərəcəkdir. Məsələn, evakuator avtomobili dartıb götürdükdə, cihaz avtomobil sahibinə mesaj göndərəcək. Əgər avtomobilin sahibi yaxınlıqdadırsa, o təcili gəlib cəriməsini ödəyib, avtomobilin aparılmasının qarşısını ala bilər. Həmçinin avtomobil oğurlanan zaman cihaz sahibinə mesaj göndərəcəkdir”.

Cavid Məmmədov əlavə etdi ki, cihazda əsasən xanımların işinə yarayacaq bir düymə olacaqdır:

“Xanımların ən çox xoşlanmadığı vəziyyətlərdən biri, avtomobilini yuyucuya və təmir məntəqəsinə verdikdə telefon nömrəsini bildirməsidir. Tutaq ki, bir xanım avtomobili təmirə verir. Cihazın üzərində bir buton (düymə) olacaq. Usta təmiri başa çatdırdıqdan sonra həmin düyməni basacaq və xanım aldığı mesaja əsasən avtomobilini gedib götürəcəkdir. Artıq əlaqə vasitəsini ustaya, yuyucuya verməyə ehtiyac yoxdur”.

“AvtoMax” tamamilə yerli məhsuldur və onu mühəndislərimiz sıfırdan hazırlayıblar.

LAYİHƏNİ BU BANK MALİYYƏLƏŞDİRİR

Cavid Məmmədov qeyd etdi ki, layihəni BTB Bankı maliyyələşdirilir. Layihənin ərsəyə gətirilməsi üçün isə Azercell-in Barama İnnovasiya Mərkəzinin ofis imkanlarından istifadə olunub.

“Biz hansı banka yaxınlaşırdıqsa, bizə kömək etmirdilər. Nəhayət, BTB Bankı layihəni maliyyələşdirməyə razılıq verdi. BTB Bankı bu cihazların istehsalını həyata keçirmək üçün bizə güzəştli kredit ayırıb. Cihazın satışına Azercell kömək edəcək”.

QİYMƏT?

Cavid Məmmədov bildirdi ki, “AvtoMax” cihazı 125 manatdan təklif olunacaqdır.

“Bazarda Türkiyə, Latviya, Çin istehsalı olan cihazlar var. Biz gömrük rüsumları və digər xərclər çəkmədiyimiz üçün bizim qiymət bazarda ən münasib qiymətdir”.