xaqaniquzeyli@gmail.com
“Meşədəki bütün heyvanlar qəm-qüssədən ayrılmayan insan oğlunun ətrafına toplaşaraq nədən üzünün gülmədiyini soruşdular. Insan oğlu onlara dünyanın bütün sirlərini bilmək istədiyini, güclü olmaq istədiyini, amma bunları bacarmadığını söylədi. Heyvanlar insan oğluna kömək etmək qərarına gəlirlər.
Qartal: “Mənim gözlərim sənin olsun”. Yaquar: “Mənim gücüm sənin olacaq”. Ilan: “Dünyanın bütün sirlərindən səni agah edəcəm” dedi və sözlərinin üstündə durdular. Beləcə insan oğlu bütün istədiklərini alandan sonra getdi. Bayquş onu uğurlayan meşə əhlinə narahatlığını bildirdi: “Insan istədiklərini əldə etdi, indi o hər şeyə qadirdir, nədənsə mən qorxmağa başladım”.
Maral razlaşmadı: “Insan artıq istədiklərinə nail oldu, daha kədərlənməyəcək”.
Bayquş: “Mən insanın daxilində bir qara, dərin dəlik gördüm, heç nə ilə doldurula bilinməyəcək bir dəlik… və başa düşdüm ki, onun üzü heç vaxt gülməyəcək. O, hər şeyi əldə etməyə çalışacaq və bu, bir gün təbiətin ”mən artıq yoxam və sənə verə biləcəyim bir şeyim qalmadı” deməsinə qədər davam edəcək”.
Qədim bir Mayya rəvayətindən
…Bakı kəndlərindən tutmuş üzü Salyana doğru Xəzərsahili ərazilər, demək olar, hasara alınıb. Hasarın tipi və hündürlüyü, aralarındakı sərhədləri yüz metrlərlə uzanan bu zolağın məhdud bir qrupa aid olduğu haqda təsəvvür yaradır. Obrazlı desək, bu kiçik “Çin səddi”, hündür, qalın hasarların orta əsrlərdə qaldığını iddia edənlərə sanki bir gözdağıdır.
…Ixtisasca tarixçi olmağıma baxmayaraq, həmişə “biz hansı ictimai-siyasi quruluşda yaşayırıq” sualına cavab verməkdə “çətinlik çəkirəm”. Ictimai-siyasi münasibətlər baxımından MƏMUR KAPITALIZMI deyilən analoqsuz bir dövr yaşayırıq. Eyni zamanda feodal qanunları ilə idarə olunan bir dövlətik. Bu baxımdan Avropanın XVI əsrin ortaları ilə müqayisə oluna bilərik. Oxşarlıq çoxdur, beş əsr öncə Ingiltərədə də zadəganlar kəndliləri qovaraq, torpaqları çəpərləməyə başladılar. Bu proses bizdə artıq başa çatıb. Hətta bunları tənzimləyən və hər ikisi oktyabrda (tarixin ironiyasına baxın!) qəbul edilən 1549 (Ingiltərə) və 2008 (Azərbaycan) qanunları da sanki bir-birinin təkrarıdır.
Rejim təkcə torpaqları zəbt etməyib. Yüz illərdir bu torpaqlarda barınan, bu yerlərin iqlimi, coğrafi imkanları çərçivəsində məşğuliyyət və yaşamlarını sürdürən yerli əhalini də sərasər durumda buraxıb.
Balıqçılıq, gülçülük, bostan bitkiləri və s. spesifik sahələr Bakıətrafı kəndlərin əsas qazanc mənbəyi olub. Nəsildən-nəslə keçən peşə vərdişləri bu insanların geninə belə işləyib desək, yəqin ki, yanılmarıq. Hətta bəyənmədiyimiz sovet dövründə belə Bakıətrafı kəndlərin sakinlərinə ciddi maneələr yaradılmadı. Onlara kollektiv təsərrüfatla bərabər fərdi əməklə məşğul olmaq inkanları yaradılırdı. Müstəqillik əldə edənə qədər bu insanlar zəhmətkeş kütlənin mövcud quruluşdan maksimum dərəcədə yararlanan kəsimlərindən sayılırdılar. Əlbəttə, bu onlara asan başa gəlmirdi, gərgin və ağır zəhmətin bəhrəsi idi. Digər tərəfdən isə, yerli əhali üçün bu o qədər də çətin deyildi. Yuxarıda qeyd etdiyimiz kimi, bütün bunlar yüz ilin təcrübə və vərdişləri sayəsində qazanılmışdı.
Cəmi bir neçə il ərzində bu insanlar hər şeydən məhrum edildi. Sovet dövründə daimi gələn qazları kəsildi, elektrik enerjisində uzun fasilələr yarandı. Ən əsası, ən dəhşətlisi isə, onları yüz illər boyunca məşğul olduqları işlərindən ayırdılar.
Dəniz sahilinin taleyi haqda yuxarıda yazdıq. Gülçülük, balıqçılıq, bostançılıq və s. sahələri iri məmurlar inhisara aldı. Hektarlarla torpaqlar zəbt olundu, on minlərlə əhali acınacaqlı duruma düşdü…
Bu kəndlərdən biri də Nardarandır. Və çox yanlış olaraq orada baş verən hadisələri dini radikalizmlə bağlayırlar. Hətta bağlasaq belə bunun günahı Azərbaycanı 23 ildir idarə edən hakimiyyətdədir. Bəli, əziz oxucu, insanların yerdən əli üzüləndə Allaha üz tutur. Ədaləti nə vaxtsa ilahi qüvvələrin bərqərar edəcəyinə inanmağa başlayır. Nardarandakı etirazların kökündə, bir daha təkrar edirəm, sosial tələblər durur. Sadəcə meydan birdir və insanların toplaşmaq üçün ikinci bir meydanı yoxdur. Fikrimcə, ölkədə siyasi müxalifət sərt təqib olunmasaydı, aparıcı qüvvələr siyasi partiyaların yerli təşkilatları olacaqdı. Bu haqda da yazacağıq…
…Vaxtilə oxşar etiraz Naxçıvanda, məşhur Nehrəm kəndində də yaranmışdı. O zaman mərhum Heydər Əliyev özündə güc tapıb kəndin ağsaqqalları ilə görüşdü.
Zənnimcə, eyni addım bu gün də atılmalı, qardaş qırğınına son qoyulmalıdır. Gec deyil.
Axı biz XXI əsrdə yaşayırıq…