MTN icarə haqqını verə bilmədi

melahat_agacanqiziMəlahət Ağacan Rübabə

Bir ay əvvəl Ilham Əliyev “gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi” haqqında fərman imzaladı. Ilham Əliyev bu fərmanla üstüörtülü olsa da dedi ki, daha sahibkarlardan pulu heç kim yığmasın, hər sahibkar gəlsin öhdəsinə düşən “arenda”  haqqını qoysun sarayımın kandarının ağzındakı xalçanın altına, çıxıb getsin alveri ilə məşğul olsun. Axı “Ailəvi Soyğunçuluq Mərkəzi”nin bir sahibi var, qalanlar hamısı kirayəçidir. Elə ona görə də çoxbilmiş biznesmenlər bu il deputat olmağa maya qoymadılar, bir halda ki, vaxt var idi, siyahıya düşmək üçün “məcliskom”un katibəsinə milyonlarını vermək, hər cür şərəfsizlik etmək üçün növbəyə düzülürdülər. Çünki bilirdilər ki, verdikləri milyonların yerinə milyardlar qazanacaqlar. Qazanırdılar da! Indi isə vəziyyət çox ağırdır, yeni deputatların nəinki qazanmaq, heç mayalarını çıxarmaq üçün imkanları olmayacaq: hər yer satılıb, hər yer alınıb, hətta Milli Məclisin bufeti də. Odur ki, yeni deputatlar işə gedəndə özləri ilə mütləq  bankada yemək, termosda çay aparmalıdırlar. Eh, bankada yemək daşımaq nədir ki, bir azdan deputatlar bir-birinin yuxa arasında şoruna həsrətlə baxacaqlar. Bir zamanlar Azərbaycanda şeir misraları yaxşı qiymətə getdiyi üçün hamı şair olmuşdu, uzun-uzun şeirlər yazırdılar. Sonra  “Azərbaycan Şeir Fabriki” iflas oldu və maaşa işləyən şairlərin ilhamı öldü, şairliyi, yazarlığı atdılar. Indi isə nəinki “Azərbaycan Deputat Zavodu”, büdcəni sümürən bütün idarə və nazirliklər “bankrot” olublar. Məsələn, qılıncının qabağı da arxası da kəsən MTN icarə haqqını verə bilmədiyi üçün Ilham Əliyev onun rəisini, xeyli əməkdaşını vəzifəsindən azad etdi. Axı bu ölkədə hər kreslonun, hər binanın yerinə, çəkisinə görə “arenda” haqqı var. Verə bilənlər qalır, verə bilməyənlər ləğv edilir, yox olur. Axı bədbəxt MTN rəisi icarə haqqını necə verə bilərdi ki, daha camaatı güdməklə, şəkillərini, videolarını çəkməklə “alver” etmək olmurdu. Dərisi soyulan xalqın şəklini istəyirsən lüt çək, ya paltarlı, vecinə də olmaz.

Noyabrın 26-da hakimiyyətin Nardaranda keçirdiyi qanlı əməliyyat da sakinlərin ayaqlarını basdığı torpaq üçün  icarə haqqını vermədiklərinə görə idi. Nəinki icarə haqqı, sonradan məlum oldu ki, Nardaran sakinlərinin hakimiyyətə 117 illik işıqpulu borcları var. Hakimiyyəti nə Nardaranda asılan qara bayraqlar, nə qorxulu qara çadralar, nə də balacaların danışdığı “qara nağıllar” həyəcanlandırır, onların ancaq bir dərdi var, üstündə gəzdikləri torpağın,  udduqları havanın, içdikləri suyun pulunu versinlər…

 

Ölkədə baş verən kədərli, qorxulu hadisələri izlədikdə çox sevdiyim şeirləri bərbad və eybəcər halda gün ərzində iki-üç dəfə Ilham Əliyevin səsi ilə eşidirəm. Məsələn, Cahit Sidqi Tarançının “Desem ki…” şeirini o səslə eşitmək ən böyük əzabdır:

Desem ki vakitlerden bir Nisan akşamıdır,

Rüzgarların en ferahlatıcısı senden esiyor,

Sende seyrediyorum denizlerin en mavisini,

Ormanların en kuytusunu sende gezmekteyim,

Senden kopardım çiçeklerin en solmazını,

Toprakların en bereketlisini sende sürdüm,

Sende tattım yemişlerin cümlesini.

Desem ki sen benim için,

Hava kadar lazım,

Ekmek kadar mübarek,

Su gibi aziz bir şeysin;

NEFTIMSIN! NEFTIMSIN!

…Kabirde böceklere ezberletirim güzelliğini,

Ve neden sonra

Tekrar duyduğun gün sesimi gökkubbede,

Hatırla ki mahşer günüdür

Ortalığa düşmüşüm seni arıyorum.

Bəli, dünyada əməlli-başlı “Mahşer günü”dür, amma acgöz hakimiyyət bu vurhavurda ortalığa düşüb var-dövlət toplayır. Allah ağıl, vicdan paylayanda, görəsən Əiyevlər hakimiyyəti pul üçün haranı mühasirəyə alıblar, kimi həbs etməyə, kimi qətlə yetirməyə hazırlaşıblar?!.