MHP-nin başına Asena gəlir: Meral Akşener namizəd oldu

meral-akshenerTürkiyədə Milliyyətçi Hərəkat Partiyasının sədrliyinə daha bir namizəd irəli sürülüb. Partiyanın keçmiş millət vəkili Meral Akşener İstanbulda keçirdiyi mətbuat konfransında MHP sədrliyi uğrunda yarışa atıldığını elan edib.

Akşener MHP sədrliyinə namizəd olacağı əvvəlcədən də gözlənilən ən önəmli isimlərdən biridir.

O, mətbuat konfransında partiya rəhbərliyini növbədənkənar qurultay keçirməyə çağırıb.

“Ülkücü iradənin üzərimizə yükləyəcəyi hər cür məsuliyyətə hazırıq” deyə Akşener namizədliyini elan edib.

Akşener bildirib ki, MHP sıradan bir partiya deyil. “Biz çirkli və gzili ssenarilərin pozulması üçün qərarlıyıq. Bu gün MHP-nin düşdüyü durumu Türkiyənin düşdüyü durumdan ayrı düşünmək olmaz”, – deyə Meral Akşener bəyan edib.

Partiya daxilindəki fəaliyyətlərinə toxunan Akşener “Bizim yanaşmamız partiya daxili müxalifət olaraq dəyərləndirilə bilməz. Bizlər seçim yox, məcburiyyət qarşısındayıq. Nə itirəcək vaxtımız, nə qıracaq qəlbimiz, nə də dışlayacaq ülküdaşımız var” deyə bildirib.

Akşener bildirib ki, başqan seçiləcəyi təqdirdə partiyada qadın və gənclərin daha təsirli olmasına imkan yaradılacaq, partiyanın daxilində və başqaları ilə münasibətdə “nifrət dilindən” imtina olunacaq. “Hər addımda sevgi ve sayğı nümayiş etdirilməlidir” deyən Akşener Məhəmməd Peyğəmbərin “Bir-birinizi sevmədikcə iman etmiş ola bilməzsiniz” kəlamını da xatırladıb. O, çıxışını Mustafa Kamal Atatürkün “Nə mutlu Türkəm deyənə!” sözlərilə bitirib.

Xatırladaq ki, Meral Akşener axırıncı seçkilərdə MHP sədri Devlet Bahçelinin etirazları səbəbindən partiyadan millət vəkilliyinə namizəd göstərilməyib.

Aydın Taş, Ankara