Avropa Birliyi Türkiyəyə 3 milyard avro ayırdı

davudoglu-tusk-yunkerNoyabrın 29-da Brüsseldə Türkiyə-Avropa Birliyi sammiti keçirilib. Sammitdə Türkiyəni baş nazir Əhməd Davudoğlu təmsil edib. Sammit Türkiyə üçün ciddi uğurlarla başa çatıb. AB Suriyadan qaçqın axını ilə bağlı Türkiyəyə 3 milyard avro maddi yardım göstərməyə qərar verib. Bundan başqa 2016-cı ildən Türkiyənin AB-yə üzvlük prosesinin sürətlənəcəyinə inam yaranıb.

Bu barədə jurnalistlərə Türkiyə və AB liderlərinin görüşündən sonra keçirilən birgə mətbuat konfransında məlumat verilib. Mətbuat konfransını Əhməd Davudoğlu, Donald Tusk (AB Şurasının prezidenti) və Jan Klod Yunker (AB Komissiyasının prezidenti) birlikdə keçiriblər.

Davudoğlu bu zirvə görüşünü Türkiyə-AB münasibətləri baxımından tarixi adlandırıb. O qeyd edib ki, 2016-cı ildə Türkiyənin AB-yə üzvlük prosesi sürətlənəcək. Davudoğlu deyib ki, Türkiyənin indiki hökuməti islahatlar hökumətidir. Türkiyə cəmiyyəti də ölkənin AB-yə üzv olmasını dəstəkləyir.

Türkiyənin baş naziri AB-nin ayrıdığı 3 milyard avro yardımın Suriyalı qaçqınlara xərclənəcəyini və bununla bağlı AB-nin də bəyannamələri olacağını bildirib.

Mətbuat konfransında Tusk və Yunker də çıxışları zamanı Türkiyənin AB-yə üzvlüyünə hazırlıq prosesinin sürətlənməsi, onunla vizasız rejimə keçid, Suriyadan qaçqın probleminin həlli və s. məsələlərdə qurumun Ankaraya göstərəcəyi köməklərdən danışıblar.

Aydın Taş, Ankara