1:7 – şahmat tariximizin anti-rekordu…

 

shah-mat…və onun arxasındakı gizlinlər

Bu günlərdə Azərbaycan şahmatı üçün daha bir acınacaqlı hadisə yaşandı: noyabrın 22-də Islandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə komandalararası Avropa çempionatı yekunlaşdı. 10 gün davam edən turnirin sonunda kişilərdən ibarət millimiz çempionatı 7-ci, qadınlardan ibarət yığmamız isə nə az, nə çox, düz 16-cı yerdə tamamladı. Halbuki qonşularımızdan Ermənistanın kişilərdən ibarət komandası turniri 2-ci, qadınlardan ibarət komandası 9-cu, Gürcüstanın qadınlardan ibarət komandası 4-cü, kişilərdən ibarət komandası isə 9-cu olub. Beləliklə, ümumi hesabda Azərbaycan 23-cü yeri tutarkən, ermənilər 11, gürcülər isə 13-cü olmağı bacarıblar.

Hələ bu harasıdır… Sözügedən turnirdə Azərbaycan şahmatı tarixinə anti-rekord kimi keçəcək hesab qeydə alındı: 8-ci turda həm kişilərdən, həm ÿqadınlardan ibarət komandamız 0,5-3,5 hesabı ilə uduzdu. Ümumi hesabda 1:7-lik məğlubiyyət şahmat tariximizdə acı bir ilkdir.

***

Göründüyü kimi, nəticələr Azərbaycan şahmatı üçün ümidverici heç nə vəd etmir. Ən azı ona görə ki, Azərbaycan FIDE nəzdində şahmata ən çox pul xərcləyən ölkədir.ÿ Belədə son vaxtlar nüfuzlu beynəlxalq turnirlərdə – dünya və Avropa çempionatlarında şahmatçılarımızın əldə etdiyi və qətiyyən ürəkaçan olmayan nəticələr sorğulanmalıdır.

Aydın görünür ki, problemin kökündə ölkənin şahmat təsərrüfatının doğru idarə olunmaması dayanır. Daha dəqiq desək, Azərbaycan Şahmat Federasiyası (AŞF) ölkəmizdə dərin ənənələri olan bu zəka oyununun son zamanlarkı “qürub”una birbaşa məsuldur, cavabdehdir.

***

Gəlin konkret faktlara müraciət edək: Azərbaycanın kişilərdən ibarət komandasının heyətinə Almaniyadan Arkadi Naydiçÿcəlb olunub. Ilk baxışda təəccüblü heç nə yoxdur. Amma yalnız ilk baxışda! Biz digər idman növlərində – futboldan tutmuş güləşəcən! – milliləşdirilmiş əcnəbilərin adlarına onsuz da tez-tez rastlayırıq. Bu hardasa başadüşüləndir, amma Azərbaycanda böyük ənələri olan şahmat üzrə xaricdən kimisə gətirib milli komandanın heyətinə qatmağa anlam vermək mümkünsüzdür.

Digər tərəfdən, bir neçə il əvvələdək Azərbaycanda xeyli perspektivli şahmatçının varlığından danışılarkən indi necə olur, Şahmat Federasiyası ölkədən kənardan şahmatçı “idxal”ına qərar verir? Vəziyyət hansı səbəblərdən bu yerə gəlib çıxdı?!

Şahmat Federasiyasının prezidenti Elman Rüstəmovdur – Mərkəzi Bankın Idarə Heyətinin sədri. Onun başı uzun müddətdir daha ciddi məsələyə – milli valyuta ətrafında cərəyan edən neqativ proseslərə qarışıb və inanmaq çətindir ki, Rüstəmov belə bir vaxtda rəhbəri olduğu Federasiyanın qayğılarına vaxt ayırsın. Bəs AŞF-nin faktiki olaraq iki əsas idarəçisi – vitse-prezidentlər – Faiq Həsənovla Mahir Məmmədov yaranmış ağır durumu nə ilə izah edirlər, görəsən? Əslində çətin ki, onların da ölkə şahmatının hər keçən gün bir az da aydın nəzərə çarpan geriləməsinə ağlabatan izahı olsun. Çox sadə səbəbdən:

Həm də SOCAR-ın Gürcüstan ofisinin rəhbəri olan M.Məmmədov Rusiyada nəşr edilən nüfuzlu şahmat dərgisi – “64″ jurnalının builki 10-cu sayına müsahibəsində onu bu zəka oyunu ilə bağlı nəyin bağladığına çox ”maraqlı” cavab verib – məlum olub ki, Mahir müəllimin şahmatla yeganə bağlantısı yeniyetmə çağlarından “Vışka”, “Bakı-axşam” qəzetlərindəki şahmat tapşırıqlarını həll etməyə çalışması olub! (Bu yerdə yada vaxtilə qısa müddət də olsa, AŞF-nin başına keçmiş Sabir Rüstəmxanlının öz təyinatını “işdə fasilə vaxtı şahmat oynaması” ilə izah etməsi düşür)… Vəssalam. Gürcüstanda onlarla yanacaqdoldurma məntəqəsi açmaq hələ ölkənin şahmat təsərrüfatını uğurla yönəltmək anlamına gələ bilməz, üstəlik, əgər sizin şahmatla, ümumiyyətlə, birbaşa əlaqəniz yoxdursa.

Dərginin eyni sayında isə AŞF-nin digər vitse-prezidenti – ixtisasca aqronom olan Faiq Həsənovla bağlı qeydlər daha ibrətamizdir: məşhur qrossmeyster Sergey Şipov Bakıda keçirilmiş şahmat üzrə Dünya Kubokundan hazırladığı geniş reportajda qeyd edir ki, hər gün 100 min nəfərin canlı izlədiyi bu turnirin hakimi olan Həsənov onun birbaşa translyasiyasının əleyhinə olub. Halbuki bu, şahmatın dünyadakı populyarlığının artırılmasına ancaq müsbət təsir edərdi. Reportajda faktiki olaraq təcrübəli Faiq Həsənovun şahmat hakimliyinə baxışlarının çox köhnəldiyindən, zamanın tələbləri ilə ayaqlaşmadığından danışılır. Belədə sual olunur: hansısa yarışı müasir standartlarla idarə edə bilməyənlər AŞF-ni yaşadığımız çağın tələb və standartları ilə necə idarə edə bilərlər?

Əvəzində isə biz Gürcüstan və Ermənistanda yerli şahmat federasiyalarının rəhbərliyində nə qədər güclü simaların – həm təcrübə, həm ictimai mövqe, həm də peşəkarlıq baxımından! – təmsil olunduğunu görürük. Bəlkə onillər boyu özünəməxsus ənənələri, güclü məktəbi formalaşmış Azərbaycan şahmatının indi beynəlxalq turnirlərdə əldə etdiyi göstəricilərinə görə bir qayda olaraq, bu iki ölkənin gerisində qalmasının səbəbini həm də bunda axtarmaq lazımdır?!

***

Naydiçin “milliləşdirilməsi” mövzusuna bir daha qayıtmaq ehtiyacı hiss edirik. Məsələ burasındadır ki, Mahir Məmmədov yuxarıda haqqında danışdığımız müsahibədə erməniəsilli məşhur bakılı şahmatçı Harri Kasparov haqqında xoş sözlər deyir, onun Azərbaycanda hədsiz populyarlığından danışır. Ilk baxışda burada qəribə heç nə yoxdur!

Amma məsələ burasındadır ki, bir neçə il əvvəl Azərbaycan şahmatının son dövrlərdə yetişən ən parlaq zəka sahibi, mərhum Vüqar Həşimov məhz Kasparovun komandasının heyətində çıxış etdiyi üçün ona az qala “inkvizisiya məhkəməsi” quran, onu “ermənipərəstlikdə” suçlayan, linç edən gənclər və idman naziri Azad Rəhimovla bərabər elə Məmmədovun vitse-prezidenti olduğu AŞF-nin başbilənləri idi. Soruşmaq ayıb olmasın: o nə pəhriz, bu nə turşudur, cənablar!

Yaşlı nəsil xatırlayar yəqin: bir zamanlar SSRI-də Eduard Stirlisov adlı gələcək vəd edən futbolçu vardı. Hesab edilirdi ki, o, nəinki rus, ümumiyyətlə, Sovet futbolunun gəlib-keçmiş ən istedadlı oyunçusu olacaq. Sonra nə baş verdi? Eduardla Sov.IKP MK-nın ideoloji işlər üzrə katibi Yekaterina Fursovanın şəxsi səbəblər üzərindən arası dəydi, çox keçmədən isə “Komsomolskaya pravda” qəzeti istedadlı futbolçu haqqında geniş tənqidi məqalə dərc etdi, o, “ulduz xəstəliyinə” yoluxmaqda ittiham olundu. Bu məqalə Eduardın ruh halını tamam pozdu, onu futboldan soyutdu. Nəticə: Eduard bir gün gözünü açıb özünü türmədə gördü. Oradan çıxdıqda isə artıq sağlamlığını itirmişdi – fiziki əngəlli idi!

Bu tarixçəni ona görə xatırladırıq ki, Vüqar Həşimov kimi şahmat zəkasına qarşı linç kampaniyası da oxşar effekt vermişdi. Onu da, təfəkkürcə Sovet dövründə qalanlar məhz “ulduz xəstəliyində” günahlandırdılar. Halbuki Vüqar təkbaşına, hər hansı maddi və mənəvi dəstəksiz ayaqda qalmağa, özünü gəlişdirməyə çalışırdı. Axırda barəsindəki böhtan və qaralamalardan, Azərbaycan şahmatındakı bütün qaranlıq işləklərdən yorulub, bezib, iyrənib, kənara çəkilməyə qərar verdi, mənəvi ağrıları isə zamanla fiziki xəstəliyini daha da sürətləndirdi.

Halbuki bizim şəxsi maraqları hər şeyin fövqündə dayanan idman başbilənlərindən və şahmat idarəçilərindən fərqli olaraq, dünya şahmatının az qala bütün aparıcı mütəxəssisləri Həşimovu yaxın gələcəyin potensial dünya çempionu kimi görür və uzun müddət bu titulu öz əlində saxlayacağını düşünürdülər.

***

Bəli, Azərbaycanın şahmat təsərrüfatının ciddi nizam-intizama və yüksək peşəkarlığa ehtiyacı var. Bu cür davam edəcəyi təqdirdə, sözügedən idman oyununun ölkəmizdəki gələcək taleyi ilə bağlı narahatlıqlar və quşqular daha da artacaq.

Uzağa getməyək: hər gün yerli mətbuatda əhalisinin acından öldüyü barədə gen-bol danışılan işğalçı Ermənistanda hər şeyə rəğmən şahmat ənənələrinin necə qorunduğuna baxaq. Orada geniş kollektivi və texniki təchizatı olan Şahmat Akademiyası yaradılıb (halbuki bizdə AŞF-yə zəng edib hər hansı məlumat öyrənmək istəsəniz, telefonları qaldıracaq bir nəfəri tapmaq belə müşkül məsələdir!), dünyanın ən nüfuzlu şahmat qrossmeysterləri, məşqçiləri bura dəvət olunur və onlar “master-klass” keçirlər. Bir müddət əvvəl əfsanəvi şahmatçı Anatoli Karpov Ermənistanda “şahmatçı fabriki”nin yaradıldığını deyirdi.

Biz isə bu qədər maliyyə gücünə baxmayaraq, hansısa ölkədən şahmatçı “idxal” edirik!

Yeri gəlmişkən, bir neçə il əvvəl, hələ təhsil naziri ikən, Misir Mərdanovun Faiq Həsənovla birgə qatıldığı tədbirdən sonra Azərbaycanın orta məktəblərində şahmat dərslərinin tədris ediləcəyi açıqlandı. Və bu söz olaraq da qaldı. Başqa cür ola da bilməzdi: düzdür, şahmat bir oyun ola bilər, amma onun tədrisi oyuncaq məsələ deyil! Bunun üçün metodik vəsaitlər, peşəkar şahmat müəllimləri və şahmat avadanlıqları tələb edilirdi. Onları qısa vaxtda təşkil etmək isə qeyri-real idi. Bir sözlə, məlum təşəbbüs sadəcə, bir avantüra idi, elə avantüra olaraq da qaldı!

***

Və sonda daha bir önəmli məqam:

Bu yaxınlarda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti qaranlıq, şübhəli keçmişi ilə bilinən Kirsan Ilümcinov (yeri gəlmişkən, bu yazını hazırlayarkən məlum oldu ki, ABŞ Maliyyə Nazirliyi onu sanksiyalar siyahısına salıb, artıq Ilümcinovun kirli maliyyə əlaqələri ilə bağlı araşdırmalar başlayıb) Moskvada, şahmat üzrə növbəti dünya çempionatında iştirak üçün əlavə bir yerin sahibinin adını açıqladı: Levon Aronyan.

Erməni şahmatçısının seçilməsi təəccüb doğurur. Çünki həmin əlavə yer FIDE miqyaslı turnirlərə ən çox dəstək verən ölkələr üçün nəzərdə tutulub. Belədə məntiqlə Aronyanın yerinə azərbaycanlı şahmatçı tərcih etmək olardı. Ən azı ona görə ki, təkcə son 2-3 ildə FIDE üçün kifayət qədər önəmli turnirlərə ya biz ev sahibliyi etməyi üzərimizə götürmüşük, ya da Londondan tutmuş Batumacan keçirilən bir çox beynəlxalq şahmat turnirlərini məhz Azərbaycan maliyyələşdirib.

Qəribə deyilmi: FIDE üçün pul verən, “maya” qoyan biz, dünya çempionatına göndəriləcək olan isə erməni şahmatçısı!

Başda vitse-prezident Faiq Həsənov olmaqla, Ilümcinovun tərifini hər fürsətdə göyün yeddinci qatına qaldıran, onu həftə səkkiz, mən doqquz Bakıda ən mötəbər qonaq kimi ağırlayan, hər dara düşdükdə FIDE-yə yardım əli uzatmağı az qala “milli vəzifə”yə çevirən AŞF başbilənləri, heç olmasa bu absurda, bu təzada məntiqi bir izah verə bilərlərmi?!