Nardaran hadisələrinə tanınmış ruhanilərdən reaksiya

nardaran

Son günlər Nardaran hadisələri ölkə gündəmindən düşmür. Baş verən hadisələr barədə müxtəlif fikirlər və münasibətlər açıqlanıb. Sonuncu belə münasibəti isə  ilahiyyatçı filosof Hacı İlqar İbrahimoğlu və ruhani Şeyx Sərdar Hacıhəsənli bildirib. Həmin münasibətləri təqdim edirik.

Hacı İlqar İbrahimoğlu:

Son günlər baş verənləri çox böyük ürək ağrısı ilə izləyirik. Obyektiv və hərtərəfli məlumat hələ uzun müddət alına bilinməyə də bilər, bunu nəzərə alaraq, müəyyən qeydlərimizi çatdırmağı özümüzə borc bildik:

1) Baş verənlərlə bağlı çoxlu suallar var və irəli getdikcə, bu suallara cavablar yaranmaq əvəzinə, məchullar daha da çoxalır. Bu suallar arasında aşağıdakılar xüsusi çəkiyə malikdir:
Niyə ümumiyyətlə bu əməliyyat keçirildi? Niyə məsələ prosessual formatdan, gözlənilmədən silahlı əməliyyat formatına keçirildi?
Əməliyyatın keçirilmə amilləri bir yana, niyə hətta keçirilən əməliyyat da xüsusi vasitələrlə və metodlarla deyil, hücum (“şturm”) formatında keçirildi?
Niyə bu, kəndin içində edildi və niyə namaz vaxtı edildi?
Niyə bu, Ərbəin öncəsi baş verdi?
Niyə əməliyyatın çəkilişi ortaya çıxarılmadı?
Niyə kənd ağsaqqalları ilə dialoqa gedilmədi?
Niyə məhz indi kəndin işıqları söndürüldü və su kəsildi?
Niyə həmişəki ənənənin əksinə olaraq, sabitlik və vəziyyətə nəzarət bəyanları əvəzinə, təşviş və gərginliyə yönəli impulslar verilir? Niyə ölkədə hansısa şəbəkənin mövcudluğunu isbata yönəli addımlar atılır, xususi yoxlama rejimləri tətbiq olunur? Yəni nədən hərtərəfli gərginlik atmosferi yaradılır?
2) Niyə müstəqil mətbuat və vətəndaş cəmiyyəti ilk gündən bir tərəfin yayımladığı açıqlamalara əsaslanaraq, baş verənlərə apriori qiymət verir? Niyə hər zaman araşdırma və dəqiqləşdirməyi vacib sayan fərd və qurumlar, bu dəfə qeyd-şərtsiz bir mövqe tutur? Niyə məsələnin baş verməsinin rəsmi ifadəsi ilə bağlı hər zaman tərəddüd göstərən insanlar, bu dəfə bu ifadəni fakt kimi qəbul edirlər?
3) Niyə baş verənlər islamofobik sürəcə başladılmasına gətirib çıxardır? Niyə Bakıda keçirilən beynəlxalq tədbirdə tolerantlığa dəstək və islamofobiyanın pislənməsi bəyanatları verilən gün, faktiki olaraq kütləvi islamofobik sürəcin ictimai sferaya transfer edilməsi baş verir? İş o yerə çatır ki, hətta rəsmi dini qurum baş verənlərin İslama aid edilməsinə etiraz edən bəyanatla çıxış da etməli olur.
4) Nəyə görə baş verənlərlə bağlı əminlik hasil etmədən, hətta bəzi din adına olan fərd və qurumlar bu və ya digər formada təqib sürəcinin ünsürlərinə çevrilməyə başlayır?
5) Niyə ölkədə siyasi, iqtisadi, ictimai, dini sferalarda açılımın mümkünlüyünə dəlalət edən amillərin meydana gəlməsi ilə xarakterizə olunan bir dönəmdə, korrupsiyaya qarşı presedentsiz kampaniyaya rəvac verilən bir dönəmdə qəfildən ictimai gərginliyə dönüşlə səciyyələnən bir situasiya yaranır? Niyə cəmiyyətin əksər təbəqələri bu qəfil dönüşü görməmək mövqeyinə üstünlük verir və həqiqi ictimai-siyasi sabitliyə doğru gedilməli vektora bələd olduğu halda, bu vektorun tamamilə itməsi perspektivində faktiki iştirakçılıq edir?
6) Niyə öncə hakim komandada liberallaşma tərəfdarlarının görəvləndiyinin anons və təhlilini israrla verən media mənsubları, analitiklər, politoloqlar, siyasi-ictimai xadimlər qəfildən əks paradiqma tərəfdarlarının yaratdığı mühiti sezdikləri halda – xırda isitisnalarla – bunu rahatca həzm edir və ölkə üçün bu əks paradiqmanın mənfi perspektivlərini dərk etməkdən imtina edir?
Sonda…
Faciə baş verib. Böyük faciə. Və bu faciə öz növbəsində ictimai gərginliyin eskalasiyasına gətirib çıxarmışdır. Vəziyyətdən təcili çıxmaq lazımdır. Nardaranı blokadadan təcili çıxartmaq lazımdır. Ağsaqqallarla danışığa getmək lazımdır. Baş verənlərin dəqiq və obyektiv araşdırılması üçün bütün maraq tərəflərinin iştirakı ilə müstəqil komissiya yaradılmalıdır. Ən mühümü – gərginliyin eskalasiyasına aparan bütün tendensiyaları önləmək və ictimai-siyasi açılım mühitinin bərqərar olunması üçün zəruri gedişlərə imkan yaradan situasiyanı təcili bərpa etmək lazımdır.
Allah dünyasını dəyişən mərhumlara rəhmət eləsin.
***
Şeyx Sərdar Hacıhəsənli:
Çox dəyərli Azərbaycan xalqı! Təbii ki, son günlər ölkəmizdə cərəyan edən hadisələrdən xəbərdarsız. Nardaranda baş verən hadisələr və hadisələrin xalqa təqdimat forması olduqca təssüfedici və ürək ağrıdıcıdır.  Təssüf edəcəyimiz məsələ heç kimə lazım olmayan senarinin süni şəkildə işlənilməsi , heç bir əsası olmayan  məsələnin şişirdilməsi və cəmiyyətə ölkədə böyük təhlükə mövcudluğunun sırınmasıdır.  Hadisənin ürək ağrıdan tərəfi isə ,əməliyyatın tam naşılıqla həyata keçirilməsi yaxud kimlərinsə xüsusi məqsədinə xidmət etməsinin mümkünlüyüdür. Azərbaycanda  heç vaxt din təhlükə mənbəyi olmamışdır və bu gündə reallıqda belə bir təhlükə yoxdur. Amma görünür bu gün “qaşınmayan yerdən qan çıxartmaq” kimlərəsə hava və su kimi lazımdır. Mən  məsələnin təfərrüatından tam xəbərdar olmasamda, hər bir vətəndaşa yaranan suallar mənim üçün də sual olaraq qalır. Təbii ki, bu sualların cavabın tapmaq üçün istintaqın obyektivliyinə ehtiyac duyulur.
1. Sözü gedən məsələ və yaşanan olay doğurdanda dediyiniz qədər ciddi bir təhlükə idimi?
2. Hadisələrdə aparıcı şəxs kimi göstərdiyiniz Tale Bağırov  həbsdən azad olduğu 4 ay müddətində doğurdanda KİV-lərin  vasitəsi ilə xalqa təqdim etdiyiniz qədər təhlükə mənbəyinə çevrilməyi bacarmışdımı?
3. Tale Bağırovun həbs edilməsi ölkədə mövcud olan yollarla – bölməyə çağırış və ittiham irəli sürmə əsasında –  saxlanılması mümkin deyildimi? Onun doğma qardaşı polis əməkdaşıdır,  görəsən qardaşının vasitəsi ilə onu polis bölməsinə çağrılmasını mümkinsiz edən səbəb nədir? Bildiyimiz  qədər O, Yasamal polis idarəsinə məhz elə bu yolla dəvət edilmiş və sərbəst buraxılmışdır.
4. Sözü gedən hadisədə can təlafatı olmadan məsələnin həllinə çatmaq üçün bütün yollar bağlanmışdırmı? Məsələn, Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) rəhbərliyi ya səlahiyyətli nümayəndələrinin həbs olunan şəxslərin istintaqa təslim olması üçün vasitəçiliyi daha uyğun seçim olmazdımı? QMİ-nin ölkədə baş verən dini zəmində vətəndaşlarla maarifçilik , din və dövlət arasında vasitəçilik qüdrəti yoxdursa,  bu qurumun  mövcudiyyəti nəyə xidmət edir? Habelə bu gün məhkəmədə obyektiv şəkildə məsələnin mahiyyəti aydınlaşmadan xidmətə götürülmüş “din xadimləri” hadisə yaranmadan şübhəli bilinənləri təslim olmağa dəvət etsəydilər daha Allah bəyənən olmazdımı?
5. Bildiyiniz kimi Nardaran kəndi böyük-kiçik tanıyan, ağsaqqal sözü ilə oturub-duran bir kənddir.  Belə olduqda sözü gedən insanların dinc yolla istintaqa cəlb olunması üçün ağsaqqallarla danışqlar aparmaq faydalı olmazdımı? Yoxsa qan tökmək zərurəti var idi?
6. Eyni halda hadisədən sonra kənd əhalisinə təzyiqlərin artırılması, o cümlədən su,qaz,işıq və yanacaq təminatının kəsilməsi, 9 mindən artıq əhalisi  qocası,uşağı, körpəsi olan kənd sakinləri, elan edilmiş bir müharibəyə bənzəmirmi? Görünür daha bir dəfə xalqı yaranan şəraitə  etiraz etmək üçün toplanmağa vadar edənlər bu dəfə yeni görüntülər əldə edib başladıqları senarinin daha ciddi bir məsələ olduğunu kimlərəsə sübut etmək fikrindədirlər. Burası məkirli oyuna xidmət etmirmi?  Ümidvarıq ki, haçansa sözü gedən məsələ xalqımıza tam təfərrüatı ilə aydınlaşacaq.
Bütün bunları nəzərə alaraq Azərbaycan insanının ölümünə acıyır , mərhumların ailəsinə Allahdan səbir diləyirəm.
faktxeber.com