Transfarmator və “siyasətə qarışmayanlar”

zumrud-yagmur-yeniZümrüd Yağmur

Azərbaycanda yazarların durumuna və onlara qarşı münasibətə baxanda hərdən özümdən şübhələnirəm ki, vallah, deyəsən, mən çox kiçik işlərlə məşğulam. Çünki indi ölkədə “siyasətə qarışan” tək-tək yazarlardanam. Maşallah, mənsub olduğum ədəbiyyat camiəsində “xırda” işlərlə məşğul olmağı özlərinə sığışdırmırlar. Məsələn, siyasətə qarışmırlar, çünki bu halda, aşağı “düşmüş” olurlar. Hansı ucalıqdan “düşürlər”, daha bunu mən bilmərən. Amma bir şeyi dəqiq bilirəm, ölkədəki yazarların çoxu transformator yazarlarıdır.

Tolstoyun məqalələrini oxuyub gördüm ki, sən demə ədəbiyyatda “xırda işlərlə” məşğul olub siyasətə “qarışan” tək mən deyiləmmiş. Tolstoy da fövqəl yazar ola bilməyib, heç transformatordan da yazmayıb, əvəzində Rus çarına məktub, ölkəsindəki azğın idarəetmədən geniş məqalələr yazıb.

Azərbaycanda isə yazar olmaq sanki o deməkdir ki, bir-iki gənc cahillik edib, məsələn, girsin transfarmatora, bunlar da şüvən qoparıb, özünü “Çılpaqlar” hərəkatının qəhrəmanı edib, kəlmələri də çılpaqlaşdırıb, kütlədən təqdir alsınlar. Amma deyəndə ki, “ay yazar, bu ölkənin kralının əməllərinə niyə səsin çıxmır”, onda da deyir ki, “yox, mən siyasətə qarışıb xırdalana bilmərəm, transformatordan yazanda bötöv qalıram”.

Ölkədəki ədalətsizliyə və haqsızlığıa qarşı çıxmağa cürət etməyib, hələ üstəlik, “siyasətə qarışmıram” deyib, üzünüzə geyindiyiniz müdriklik maskası sizi qurtarırmı? Bəlkə də… Qurtarar, kimləri qurtarmadı ki?! Sabah qalxıb bir-iki kəlmə ilə yıxılana balta vurarsınız, olarsınız qəhrəman…

Az da olsa, özünə sayğısı olan biri ətrafında baş verənlərə necə sakit yanaşa bilir, bunu anlaya bilmirəm. Axı “mən siyasətə qarışmıram, siyasət yazarı xırdalayır” deməklə vicdanı necə rahatlatmaq, özünü necə aldadıb ovutmaq olar?!

Siyasət əxlaqsızlıq, riyakarlıqdır, orada səmimiyyət yoxdur” deyirsiniz. Indi Tolstoy siyasətə qarışdı, oldu əxlaqsız, riyakar, amma siz bu qədər yalan, riya və nadürüstlüyü görüb susdunuz, səmimi, əxlaqlımı oldunuz?

Axı haqsızlığa qarşı durmaq, vətəndaşlıq mövqeyi nümayiş etdirib ürəyini və qələmini azad saxlaya bilmək heç siyasətlə məşğul olmaq da deyil…

Indi durub deməyin ki, iki gəncin olayını yazmaqda nə qəbahət var. Yoxdur, yazılmalıdır da, amma siz Allah, deməyin ki, azadlıq və bəşəri dəyərlər anlayışınız transformatora qədərdir. Qüsura da baxmayın, başına cahilliyi üzündən bədbəxtlik gələnlərə də ürəyinizin yandığına inanmaq olmur. Hətta belə gənclərin, insanların varlığına görə şükr edirsiniz, nə yaxşı ki, vardılar, yoxsa siz nədən yazıb gündəmdə qalardınız?!

Bəs necə olur, hakimiyyətin ədalətsiz idarəetməsinə bağlı olmayan, fərdi faciələr sizi həyəcanlandırır, amma onlarla gənc əsgərin orduda öldürülməsinə səsiniz çıxmır? Transfomatora girən iki gəncin yanıb yaralanmasına səsiniz çıxır, ancaq ölkədəki məmur özbaşınalığının ucbatından alışan Qarabağ qazilərinə qalanan tonqalların alovlarını görmürsünüz?

Ya da qadın haqqından yazıb, yaşmaq tutmasını dərd edib, bunu az qala, ölkənin bir nömrəli problem sayanlar, məgər indi Azərbaycan qadınının problemi budur? Qadının qayğısına qalırsınız, bəs onda MTN hadisələrindən sonra və ondan əvvəl sökülən onlarla villanın dağıdılmasına qarşı çıxıb niyə etiraz etmədiniz ki, bu evlər qadın sığınacaq evləri olsun?

Sözləri, düşüncələri çılpaqlaşdırıb haray qoparmaqla dərd anlatmaq olmur, bu ölkədə dərd tək-tək insanların haqqının pozulması və ya cahilliyi də deyil, bütövlükdə toplumsal olaraq bir bəlanın içindəyik.

Yəni doğrudanmı anlamırsınz?

Inanmıram…

Hakimiyyət saytlarının başında, kürsüdə oturub, özü üçün təhlükəsiz mövzular tapıb yazanlara inanmıram. Riyakarlıq və yalanı qələminin mürəkkəbi edib, ürəyini, vicdanını qaralamaqla məşğul olanlara inanmıram.

Bu siyasətə qarışmamağın heç də deyildiyi kimi, fövqəlliklə əlaqəsi də yoxdur, sadəcə, bir yığın ürəksizin uydurduğu təsəllidir.

Amma inanın, sabah onlara “siyasətə qarışın” tapşırığı gəlsə, hamısı bir günün içində yer üzünə “enəcəklər”. Necə ki, Aqil Abbas, Rəşad Məcid “siyasətə qarışdılar”, eyni şəkildə kimdən istənilsə, o da bir günün içində olacaq siyasətçi…

Ona görə də əlinizi açın göyə və dua edin ki, hakimiyyətin sizin ümidinizə qalan günü olmasın…