Səbrdə Zimbabvedən öndəyik…

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

Axır vaxtlar bizi bu Afrika ölkəsi ilə daha tez-tez müqayisə edirlər. Halbuki, son zamanlara qədər adımız yalnız keçmiş MDB dövlətləri ilə çəkilirdi.

2009-cu ildə ABŞ prezidenti Barak Obama hansısa tədbirdə hakimiyyəti ilk dəfə olaraq, Zimbabve iqtidarı ilə eyniləşdirdi. Dedi ki, “bütün bunlar Azərbaycandan tutmuş Zimbabveyədək, Birmada, Özbəkistanda, Kubada və Eritreyada, bir sıra digər ölkələrdə baş verir”.

O zaman ABŞ prezidenti bunu həbs edilən jurnalistləri nəzərdə tutaraq söyləmişdi.

Son iki seçkilərdə də belə oldu, yenə Zimbabve ilə eyniləşdirildik. Dedilər ki, hər iki xalqın seçim haqqı əllərindən alınıb, onlar ən primitiv siyasi hüquqlarından belə, məhrum edilib. Maraqlıdır ki, bu fikirlərdən birini yenə ABŞ prezidentinin dilindən eşitdik. Bu yaxınlarda dünya ölkələrinin Internet Azadlığı Indeksi tərtib olundu, yenə Zimbabve ilə qonşu olduq.

Futbolda da qonşu idik, lakin FIFA-nın 2015-ci il üzrə reytinq cədvəlində Zimbabve bizi üstələdi. Son altı ayda durumun necə olduğunu bilmirəm, amma orası dəqiqdir ki, ya onlardan altdayıq, ya da ki, üstdə. Şirin bir rəqabət, bir az da doğmalıq var aramızda, deyilmi?

Kimin nefti-qazı çoxdur, bircə onu ayırd edə bilməmişik. Bircə o məlumdur ki, hər iki ölkədə var. Lakin ən əsası odur ki, bu təbii ehtiyatlardan gələn gəlirlər də oxşar şəkildə həzm-rabeədən keçirilir.

Zimbabve əhalisinin sayı Azərbaycandan bir neçə milyon çox olsa da, ölkəni tərk edənlərin sayı demək olar ki, bərabərdir. Hər iki ölkədən bu günə qədər təxminən 4 milyona yaxın insan xaricə köç edib.

Fərqlər də var. Məsələn, Zimbabvenin prezidenti Robert Muqabenin ad günündə tortu metrlə deyil, kiloqramla bişirirlər. Builki tortun çəkisi 91 kiloqram idi…

Robert Muqabe 1980-ci ildə baş nazir postunu ələ keçirən kimi müttəfiqi Coşu Nkamonu ölkədən didərgin saldı və ölkəni təkbaşına idarə etməyə başladı. 1987-ci ildən isə prezidentdir. Konstitusiyaya edilmiş dəyişikliyə görə, prezidentlik üçün son hədd 99 yaş idi. Bugünlərdə Muqabenin 91 yaşı tamam oldu və qanuna görə, 8 ildən sonra o, pensiyaya getməlidir. Bütün ölkə əhalisi canını dişinə tutub, 8 ili gözləməyə başlamışdı ki, qoca diktator fikrini dəyişdi. Ad günü ərəfəsində “məni prezident kreslosundan yalnız ölüm ayıra bilər” deyərək, sağ qalacağı təqdirdə, Konstitusiyaya dəyişiklik edəcəyini bildirdi.

Zimbabvelilərin heç tükü də tərpənmədi. Dedilər, dözəcəyik, onsuz da hər iki halda, yolun sonuna gəlmişik.

Bu, Zimbabve yoludur. Onlar bu tale ilə barışıblar və 91 yaşlı qocanın ölümünü gözləyirlər.

Azərbaycan iqtidarı da əbədi hakimiyyətdə olacağını dilə gətirməsə də, bunun əksini də söyləmir. Lakin maraqlı gəlişmələr var. Məsələn, bu günə qədər özlərini əvvəlki hakimiyyətdən daha üstün, xalqa yaxın kimi qələmə verirdilərsə, bu gün heç onu da etmirlər. Yəqin yadınızdadır, bir illik AXC hakimiyyəti üçün nələr demirdilər. Cəbhə hakimiyyətinə qarşı əks-təbliğatın trend şüarı belə idi: “Axşamlar küçəyə çıxa bilmirdik…”

Son illər baş alıb gedən ağlasığmaz cinayət hadisələrindən, xüsusilə Hacı Məmmədov və MTN olaylarından sonra kimsə bu haqda danışmır. Qorxu filmləri və kitablardan oxuyub dəhşətə gəldiyimiz kriminal vaqeələr bu gün bizim üçün adi hala çevrilib.

Xalq günün birində səhiyyə, təhsil, vergi, hüquq-mühafizə orqanlarında nələrin baş verdiyindən xəbər tutmaq istəyəcəkmi?..

Əslində, xalqın istər MTN-də, istərsə də yuxarıda göstərdiyim digər sahələrdə nələr baş verdiyindən xəbəri var. Sadəcə, biz də özümüzü bir az zimbabvesayağı aparırıq. Özümüzü inandırmağa çalışırıq ki, bir gün bu iqtidar özü yorulub deyəcək: “Biz gedirik, başınıza bir çarə qılın, rüşvət və korrupsiyadan uzaq cəmiyyət qurun, ay bədbəxtlər…”

Yeri gəlmişkən, bugünlərdə Zimbabvedən bir şad xəbər gəldi. 91 yaşlı prezident Muqabenin özündən 40 yaş kiçik xanımı üzünü xalqa tutaraq deyib ki, narahat olmayın, qoca danışıq qabiliyyətini də itirən kimi, evdən çölə buraxmayacağam.

Xanımın bu bəyanatı təsadüfi deyil, son vaxtlar Muqabe çətinliklə yeriyir və artıq dili də topuq çalmağa başlayıb.

Tezliklə Zimbabve ilə müqayisə olunmayacağıq. Əksinə, onları bizə nümunə kimi göstərəcəklər. Prezident Aparatımızdan da ortada yeyib, qıraqda gəzənin biri deyəcək ki, “bura Zimbabve deyil, Azərbaycandır”.

Razılaşın ki, səbrdə Zimbabve bizə heç vaxt çata bilməz…