Elə bir dost itirdim ki…

nureddin-memmedliNurəddin Məmmədli

Uzun illər hər ikimiz siyasətdə olsaq da, heç bir əlaqə və ünsiyyətimiz olmamışdı. Həsən bəylə təmaslarım 2004-cü ilin avqust ayında AXCP-yə transferimdən sonra başladı. Onunla eyni otağı bölüşməli olduq. İlk andan diqqətimi cəlb edən ən başlıca cəhəti həm hadisələrə, həm də insanlara kompromissiz münasibəti oldu. Geniş mənada siyasət kompromislər üzərində qurulan bir fəaliyyət sahəsidir. Lakin həmin dövrlərdə Həsən bəyin bu cür davranışına haqq qazandırmamaq mümkün deyildi. 2003-cü ilin yaraları sağalmamışdı. Siyasətdə nüfuz sahibi olmuş bir çoxları ölkəni tərk etmiş, başqa bir qrup “islah” olunaraq siyasətdən uzaqlaşmış, daha qorxulu olanlar isə “konstruktivləşərək” bir ayağı iqtidarda, digər ayağı müxalifətdə olan məqam dəllallarına çevrilməklə hakimiyyətə xidmət etməyə başlamışdılar. Sözün həqiqi mənasında müxalifətçilərin diferensiallaşması, kimin kim olması məsələsi siyasətin əsas probleminə çevrilmişdi. Belə bir məqamda hansısa kompromislər məqam dəllallarının mövqeyini möhkəmlətməklə apardığımız mübarizəyə daha böyük zərbələr vura bilərdi.

Partiyaya uygunlaşmam uzun sürmədi. Tezliklə cəbhəçilərlə dil tapmağa, yaxın təmas qurmağa başladım. Cəmi 10-12 gündən sonra Həsən bəy Əli bəylə söhbətimiz zamanı, mənim sənki uzun illər bu kollektivdə olduğuma dair fikirlər söylədi. Əli bəy analoji mövqelərin digər cəbhəçilər tərəfindən söləndiyini qeyd etdi. Bu sürətli adaptasiya prosesində Həsən bəyin əvəzsiz rolu vardı. Çünki partiya və funksionerlər haqqında səhih, düzgün məlumatları ondan alırdım.

Beləcə ictimai sahədəki əməkdaşlığımız dostluq münasibətləri ilə bütövləşməyə başladı. Həsən bəy həsas, emosional insan olsa da, əsl siyasətçi keyfiyyətlərinə malik insan idi. Bütün həyatı boyu onun şəxsi maraqları ilə ictimai maraqları arasında ziddiyyət yaranarkən birinciyə üstünlük verdiyinin şahidi olmadım. Eyni zamanda əsl siyasətçi kimi heç zaman öz itkiləri, məğlubiyyətləri haqqında danışmazdı. Yalnız qələbələri sıralamaq, uğurları ilə fəxr etməyə üstünlük verərdi. Bəzən mənim AXCP-də olmadığım dövrlərdə partiyanın yaşadığı uğurlar haqqında elə danışardı ki, onun bütün həyatının bu mübarizədən aslı olduğuna şübhə yeri qalmazdı.

Bəzi ağzıgöyçəklər onun Bakının mərkəzi rayonunda icra başçısı olduğundan istifadə etmədiyini irad tutsalar da, Həsən bəy heç zaman bu fikirlərə şərik olmaz, yaşadığı həyatın düzgünlüyünə şübhə etməzdi. Ona həm partiya daxilində, həm də geniş ictimaiyyət içərisində nüfuz qazandıpan ən böyük səbəb düzlüyü və ədalətli olmasıydı. İllər ötsə də Həsən bəy icra başçısı olarkən qazandığı nüfuzun nəticələrindən bəhrələnirdi. Biz bunun ən bariz nümunəsini onun bütün seçkilərdə şübhəsiz olaraq əksəriyyət seçicilərin səsini qazanmasında görürdük.

Həsən bəyi silahdaşlarına sevdirən ən başlıca səbəblərdən biri də siyasətin həm ağası, həm də xidmətçisi olmasıydı. Onun üçün siyasətdə ikinci dərəcəli iş yoxuydu. Partiyanın həm ideoloji, həm təbliğati, xüsusilə də tə şkilati işlərində əvəzolunmaz lider-funksioner idi. Digər təşkilatlar kimi AXCP-nin də çətin dövrlərində, funksioner çatışmazlığı şəraitində hamımız bu cür işləmək məcburiyyətindəydik. Amma Həsən bəy partiya sıraları genişlənəndən, funksioner potensialımız onlarca dəfə güclənəndən sonra da, öz vərdişlərindən çəkilmədi. Xüsusilə iki övlad itkisindən, səhhətində ciddi problemlər yarandıqdan sonra da, heç nə olmamış kimi çoxcəhətli fəaliyyətini davam etdirirdi. Bütün hallarda özünü qorumaqla bağlı təkidlərimə gülüşlə çavab verərdi. Rəhbərliyin bu istiqamətdəki səyləri cavabsız qalardı. Cünkü bu cür yaşama onun həyat tərziydi, bunsuz özünü təssəvvür belə etmirdi.

Həsən bəyin xeyirxahlığı hamımıza nümunəydi. Daim təzyiq və repressiya altında fəaliyyət göstərən partiyanı qorumaq və inkişaf etdirmək üçün darda olan hər bir üzvümüzə qarşı həsaslıq göstərmək vacib idi. Həsən bəyin bu sahədəki xidmətləri onun hamı tərəfindən sevilməsində ən önəmli səbəblərdən biriydi. Hamımız kimi onun da həm maddi, həm də fiziki imkanları məhdud olsa da, hər birimizə yardım etmək üçün hansısa vasitələr tapardı.

Həsən bəy haqqında danışarkən Almaz xanımı unutmaq olmaz. Allah sanki bu iki insanı bir-biriləri üçün, bir bütövün iki hissəsi kimi yaratmışdı. Bu cür münasibət yalnız dərin sevgi və eyni məqsədi, eyni amalı paylaşmaqla mümkündür. Almaz xanım bu mənada Həsən bəyin ən yaxın dostu və silahdaşıydı. 2 oğul itkisindən sonra baş verən sağlamlıq problemlərindən sonra Həsən bəyin ayaqda qalması, heç nə olmamış kimi, öz mübarizəsini davam etdirməsində Almaz xanımın mətanət və dözümlülüyü ən önəmli faktordur. Almaz xanım işlədiyi kollektivdə böyük təqiblərlə üzləşirdi. Rayonun ən yaxşı dil və ədəbiyyat müəllimi olsa da, Almaz xanıma qarşı ən qəddar və alçaq münasibət mövcud idi. Onun dərs yükü cəmi 8 saata endirilmişdi, şagirdlərini öz sevimli müəllimlərindən imtina etməyə, məktəb kollektivini onunla ünsiyyətdən çəkinməyə məcbur edirdilər. Almaz xanım bütün bu təzyiqlərə fədakarcasına dözür və həm partiyanın həyatında, həm də sosial şəbəkədə fəallığı ilə hər birimizə nümunədir.

Nə qədər çətin olsa da, Almaz xanımın Allahdan gələn bu böyük itkiyə də mərdanəcəsinə dözəcəyinə inanıram. Çünki indiki vəziyyətdə onun övladlarından və Həsənindən yadigar qalan 2 ciyərparası var. Onlara bu kədəri unutdurmaq və Həsənə layiq övladlar kimi böyütmək məsuliyyəti hər bir Azərbaycan qadınına nümunə olacaq Almaz xanımın görəvidir.

Bizlərin isə görəvi bu böyük insanın uğrunda mübarizə apardığı ideyaları tezliklə reallaşdırmaq, xalqımızı bu gün yaşadığı naqisliklərdən xilas etməkdir. Məncə Həsən bəyin ruhunu şad etmək üçün başqa yolumuz yoxdur.