Türkiyədə 64-cü hökumət quruldu

Yeni hökumətdə sürpriz adlar var; Ərdoğanın kürəkəni nazir, Türkeş isə Davudoğluna müavin oldu 

Nəhayət seçkidən düz 23 gün sonra Türkiyədə yeni hökumətin tərkibi elan olundu. Ölkədə günlərdir hökumətin niyə qurulmadığı ətrafında qızğın müzakirələr gedirdi. Türkiyə mətbuatının yazdıqlarından belə məlum olurdu ki, prosesin bu qədər ləngiməsi səbəbsiz olmayıb.

Kürəkən böhranı…

Yeni Nazirlər Kabinetinin tərkibi ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğanla baş nazir Əhməd Davudoğlu arasında müəyyən fikir ayrılıqları yaşanıbmış. Tərəflərin ən çox üzərində dayandığı mübahisəli isim isə prezident Ərdoğanın kürəkəni Berat Albayrak olub. Iddialara görə, Ərdoğan 1 noyabr seçkilərində Istanbuldan Türkiyə Böyük Millət Məclisinə deputat seçilən Albayrakı iqtisadiyyat naziri postunda görmək istəyirmiş. Davudoğlu isə Albayrakın təyinatının AKP hökuməti ilə bağlı yeni tənqid və söz-söhbətlərə yol açacağını bildirərək buna qarşı çıxıb.

Bütün bu fikir ayrılıqlarının fonunda Türkiyənin sayca 64-cü hökuməti quruldu. Nazirlər Kabinetinin yeni üzvlərini baş nazir Davudoğlu elan etdi. Yeni hökumətin tərkibi belə oldu:

Yeni nazirlər

Baş nazir – Əhməd Davudoğlu;

Baş nazirin müavinləri: Numan Kurtulmuş, Mehmet Şimşək, Yalçın Akdoğan, Tuğrul Türkeş, Lütfi Əlvan.

Nazirlər:

Bəkir Bozdağ – Ədliyyə naziri;

Səma Ramazanoğlu – Ailə və sosial siyasət naziri;

Volkan Bozkır – Avropa Birliyi üzrə nazir;

Fikri Işıq – Elm, sənaye və texnologiya naziri;

Süleyman Soylu – Əmək və sosial müdafiə naziri;

Fatma Güldemet – Ətraf mühit və şəhərsalma naziri;

Mövlud Çavuşoğlu – Xarici işlər naziri;

Mustafa Əlitaşÿ- Iqtisadiyyat naziri;

Berat Albayrak – Enerci və təbii qaynaqlar naziri;

Akif Çağatay Kılıç – Gənclik və idman naziri;

Faruk Çelik – Qida və heyvandarlıq naziri;

Bülənt Tüfekçi – Gömrük naziri;

Əfqan Ala – Daxili işlər naziri;

Cövdət Yılmaz – İnkişaf naziri;

Mahir Ünal – Mədəniyyət və turizm naziri;

Naci Ağbal – Maliyyə naziri;

Nəbi Avcı – Təhsil naziri;

Ismət Yılmaz – Milli müdafiə naziri;

Veysəl Əroğlu – Meşə və su işləri naziri;

Mehmet Müəzzinoğlu – Səhiyyə naziri.

Siyahıdan da göründüyü kimi, Davudoğlunun məlum cəhdi boşa çıxıb və o, Albayrak məsələsində Ərdoğanı fikrindən tam daşındıra bilməyib. Gənc Albayrak bundan sonra Türkiyənin enerci naziri kimi fəaliyyət göstərəcək.

Təyinatdan dərhal sonra curnalistlər Albayrakdan Rusiya təyyarəsi ilə bağlı yaşananların Türkiyənin Moskvadan təbii qaz alışına hansı təsiri göstərəcəyini xəbər alıblar. Bu məsələdə bədbin düşünmədiyini deyən nazir türk xalqını narahat olmamağa çağırıb: “Rusiya ilə keçmişə söykənən dostluq, ticari, mədəni münasibətləri olan bir ölkəyik. Vətəndaşlarımız narahat olmasın”.

Türkiyədən olan sosial şəbəkə istifadəçiləri dünən “Twitter”də yeni hökumət üzvlərindən ən çox Albayrakın təyinatını müzakirə ediblər. Paylaşılan fikirlər də əsasən tənqidi olub. Istifadəçilər enerci sahəsində heç bir uğuru, layihəsi olmayan bir insanın necə bu vəzifəyə gətirildiyini sual ediblər və Albayrakın məhz Ərdroğanın kürəkəni olduğu üçün bu kürsünü tutduğunu yazıblar.

Türkeşin xidmətləri boşa çıxmadı

Yeni hökumətdəki sürpriz sayılacaq və bir o qədər də sayılmayacaq adlarından biri də Tuğrul Türkeş oldu. Millətçi Hərəkat Partiyasının qurucusu Alparslan Türkeşin oğlu olan Tuğrul Türkeş bir neçə ay əvvəl MHP-nin seçim hökumətində iştirak etməmək qərarına qarşı çıxmaqla Türkiyənin gündəminə gəlmişdi. Həmin vaxt bu addımı partiyaya xəyanət kimi dəyərləndirən millətçilər Türkeşi MHP sıralarından xaric etdilər. Ilk vaxtlar gurultulu bəyanatlar verərək onu MHP-dən – atasının qurduğu partiyadan heç kimin çıxara bilməyəcəyini deyən Türkeş sonra nədənsə qərarı sükutla qarşıladı. Və bu sükutun ardından T.Türkeş rəqib saydığı, müxalif olduğu AKP-yə keçdiyini elan etdi. Müvəqqəti hökumətdə Davudoğlunun müavini kimi fəaliyyət göstərən Tuğrul Türkeşin “xidməti” qymətləndirildi. Və AKP rəhbərliyi 64-cü hökumətdə də ona baş nazir müavini postunu təqdim etdi. Türkiyə mətbuatı bu təyinatı Türkeşin məlum xidmətlərinə görə mükafatlandırılması kimi dəyərləndirdi.

Ali Babacana yer olmadı…

Siyahı ilə bağlı sürprizlərdən biri də Ali Babacanın Nazirlər Kabinetində yer almaması oldu. Yeni hökumətdə onun yerini keçmiş maliyyə naziri Mehmet Şimşək tutdu. Bundan əvvəl Babacan baş nazirin iqtisadiyyat məsələləri üzrə müavini vəzifəsini tuturdu.

Ərdoğanın qatı tənqidçisi necə nazir oldu?

Maraqlı təyinatlardan biri də əmək və sosial müdafiə naziri postuna gətirilən Süleyman Soylu oldu. Bir vaxtlar Ərdoğanın əleyhinə ən sərt tənqidləri səsləndirən, ona “ətəyindən korrupsiya yağan Ərdoğan”, “at üstündə dura bilməyən prezident”, “özünü padşah hesab edən Ərdoğan” kimi, sözlər ünvanlayan Soylu sonradan bu mövqeyindən geri çəkilərək rəhbəri olduğu Demokrat Partiyasından uzaqlaşdı və AKP sıralarına üz tutdu. Türkiyədə keçirilən 7 iyun seçkilərindən əvvəl isə belə bir bəyanat səsləndirdi – “Allah şahiddir ki, bütün bədənim qan gölünə dönsə də Ərdoğandan ayrılmayacam”. Göründüyü kimi, yeni hökumət qurularkən Soylunun da xidmətləri unudulmadı…

Gültəkin