Keçmiş müdafiə naziri Rəhim Qazıyev prezident İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:
Cənab İlham Əliyev!
Sizin 12.10.2015-ci il tarixli növbəti müşavirənizə diqqətlə baxdım. Həmin müşavirədən xeyli əvvəl başlamış Nəqliyyat Nazirliyi barədə KİV-də gedən tükürpədici səhlənkarlıq faktları ilə dolu silsilə məqalələri oxuduqdan və nəhayət 17.10.2015-ci il tarixli, heç bir səbəb göstərmədən MTN şefi Eldar Mahmudovun vəzifəsindən azad edilməsi barəsindəki fərmanınızdan sonra dövlətimizin onurğa sütunu olan bu və digər təşkilatlarda 12 il müddətində ardıcıl baş verən, qorxulu nağıllardakı kimi fantastik cinayətlər haqqındakı, ardı-arası kəsilməyən sənədli yazıları, video süjetləri diqqətlə izlədikcə, yenə sizə heç vaxt cavab almadığın çoxsaylı məktublardan birini də yazmaq qərarına gəldim.
Cənab ilham Əliyev!
Yuxarıda qeyd etdiyim, sədrliyinizlə keçirdiyiniz müşavirədə faktlarla dolu tənqidi məruzənizə baxdıqca məndə elə təəssürat yarandı ki, sanki siz bu ölkəni 12 il ardıcıl idarə edən şəxs deyilsiniz.Yeni seçilmiş prezident kimi rəhbərliyinizin 100 (yüzüncü) günü münasibəti ilə keçirdiyiniz brifinqdə, son 10-12 ildə ölkəmizdə baş verən, normal, qanunların aliliyinə hörmət edən hər bir vətəndaşı dəhşətə gətirən, “yenicə aşkar etdiyiniz” korrupsiya, rüşvətxorluq, cinayət faktlarını jurnalistlərə, cəmiyyətə bəyan edirsiniz.
Cənab İlham Əliyev!
12 il çox böyük bir müddətdir. İşdən çıxardığınız, tənqid etdiyiniz həmin korrupsionerlərin, rüşvətxorların hamısı 22 ildir Azərbaycanda hakimi-mütləq olan rejimin ayrılmaz tərkib hissəsi olublar və onların bir hissəsini də şəxsən müsbət xarakterizə edərək vəzifəyə siz gətiribsiniz. Çox təəssüflər olsun ki, xalqı talayan, vətəndaşların qanı, canı, göz yaşları hesabına milyardlar toplayan, təbirinizcə desək, harın, qudurğan məmurlar, sizin rəhbərliyinizlə və sizə arxalanaraq uzun illər fəaliyyət göstəriblər. Ən ağrılısı da odur ki, bu harınların vətəndaşların başına açdığı müsibətlər barədə ünvanınıza gələn, faktlarla dolu yüz minlərlə vətəndaş məktublarına cavab verməyibsiniz. Ola bilsin ki, prezident administirasiyasındakı məmurlar bu faktları sizdən gizlədiblər. (Konkret olaraq mənim sizə şəxsən son vaxtlar ünvanladığım 8.07.2015-ci il tarixli teleqram (Q2147008 qeydiyyat nömrəli) və 2.09.2015 tarixli məktub) Əgər belədirsə çox pis. Deməli, özünüzün yığdığınız komanda, hansı maraqlar xatirinəsə, həqiqətləri, reallıqları sizdən gizlədiblər. Bu isə sizə heç də haqq qazandırmır ki, 12 il hakimi-mütləq olduğunuz ölkədə baş verən, özünüzün vaxtaşırı keçirdiyiniz çoxsaylı müşavirələrdə qeyd etdiyiniz cinayət, korrupsiya, rüşvətxorluq və rekertlik faktlarına qarşı, tərəfinizdən qəti və tutarlı qanuni tədbirlər görülməyib!
Tez-tez ictimaiyyətlə əlaqə yaratmağın zəruri olduğunu qeyd edirsiniz. Əgər yazılan məktublar sizə çatmırsa hansı əlaqədən danışmaq olar?
2007-ci ilin əvvəlində keçirdiyiniz müşavirələrin birində Respublikaya satışa, müxtəlif firmaların istehsal etdiyi, 69500 ədəd təzə avtomobillərin gətirildiyini qeyd etdiniz və büdcəyə xeyli gəlir daxil olacağını, vətəndaşların sosial-iqdisadi vəziyyətinin yaxşılaşacağını vurğuladınız. Bu çıxışınızla əlaqədar ünvanınıza yazdığım növbəti məktubda təzə maşın satışı ilə məşğul olan firma mağazalarında maşınların satışındakı real qiymətlərin 2/3 (üçdə ikisinin) vergidən gizlədildiyini və bu saxtakarlıq nəticəsində, ancaq təzə avtomobil satışı zamanı bir ildə büdcədən 2.5-3 milyard manat oğurlandığını konkret faktlarla diqqətinizə çatdırmağa çalışdım. O cümlədən təzə evlərin satışında, gömrükdə, karqoda, qeyri-yaşayış sahələrinin icarəyə verilməsində ikili mühasibatın və gizli iqdisadiyyatın çiçəklənməsilə, hər il ölkəmizin 24-25 milyard (!) məbləğində, həmin harın, qudurğan quldurlar tərəfindən talandığını, orta savadlı şəxsin də başa düşəcəyi tərzdə açıqladım. Avtomobil satışında korun da görəcəyi açıq cinayət barədə yazdığım (19.01.2009 0917020000285500) məktub vergilər nazirliyinə göndərildi. Lakin həmin nazirlikdən mənə gələn məktubda faktın təstiq olunmadığını bildirdilər. İbtidai təhsili, vicdanı olan hər bir vətəndaş məktuba əlavə etdiyim həmin faktı inkar edə bilmnəzdi.
Cənab Prezident!
Ölkədə baş alıb gedən korrupsiyanın, rüşvətxorluğun gizlədilməsi qeyri-mümkündür. Mənim göstərdiyim, danılması mümkün olmayan bu faktlar ölkədə baş alıb gedən korrupsiyanın, rüşvətxorluğun çox cüzi bir hissəsidir. Bu qədər total talançılığın müqabilində çox kiçik məmurlar həbs edilir, cəzalanırlar. Balinalar, akulalar isə ən yüksək səviyyədə himayə və müdafiə olunurlar.
Cənab İlham Əliyev!
Son bir ayda baş verən hadisələr mənə dahi Mirzə Cəlilin “Ölülər” pyesindəki qəbristanlıq səhnəsini xatırladır. Siz rus məktəbində təhsil aldığınız üçün, yəqin ki, kiçik həcmli, çox böyük dəyəri olan o əsərdən məlumatsızsınız. Əsərin qısa məzmunu aşağıdakı kimidir:
-İllər öncə Xorasanda vəfat etmiş birisindən Azərbaycanın cənub rayonlarının birində yaşayan qardaşına “məktub” gəlir ki, can qardaş, bəs deməzsən, İranda Şeyx Nəsrullah adlı bir alimi-üləma zühur edib, o ölüləri dirildir. Həmin zat məni də dirildib, İnşallah 10-15 günə gələcəyəm. Lakin, o zat yol üstü bizim kəndə də gələcək. Amanın günüdür o zatı yüksək səviyyədə qarşılayın. Çox güman ki, Şeyx həzrətləri illər öncə ölmüş əzizlərimizi də dirildəcək… Həmin zat ölülərini diriltmək istəyən kənd əhlini qəbristanlığa yığır. Lakin kimsə ölüsünün dirilməsinə razılıq vermir. Ona görə ki, o rəhmətlik ölülərdən kimsə “dirildiyi” halda diri qohumlarının tükürpədici fırıldaqlarının, namussuzluqlarının üstünün açılacağından son dərəcə əndişəyə düşürlər. Təbii ki, həmin fırıldaqçı Şeyx Nəsrullah (ölü dirildən) çox yaxşı bilirdi ki, kimsə öz ölüsünün dirilməsinə razılıq verməyəcəkdi. Kənddə qaldığı bir həftə ərzində onun hansı yuvanın quşu olduğunu birinci gündən başa düşən “Kefli İsgəndər” çox cəhd etsə də, onun adam yerinə qoyulmadığını dərk edən Şeyx Nəsrullah, həmin müddətdə ağılasığmaz nadanlıqlar edir və aradan çıxır.
Cənab Prezident!
Sizin komandanın içindən heç olmasa bir nəfər də olsun “kefli İsgəndər” tapılmadı ki, Eldar Mahmudov və onun kimilərə ”Dayan!”, ”Dur!” deyə bilsin! Ona görə ki, Eldar Mahmudov indi adları hallanan həmin nazirlərin, komitə sədrlərinin, prokuror, məhkəmə orqanlarının və digər oliqarx məmurların törətdikləri çoxsaylı korrupsiya, rüşvətxorluq, digər qeyri-qanuni, qeyri-insani əməllər dosyesini qarşılarına qoymaqla, onları öz harın məqsədləri üçün istədiyi kimi istifadə edib. Xalqımıza, dövlətimizə astronomik rəqəmlərlə öıçülən maddi ziyan bir yana dursun, itirilən mənəvi dəyərlərin, vurulan psixoloji zərbələrin yaralarını uzun onilliklərlə sağaltmaq mümkün olmayacaqdır !!!
Cənab İlham Əliyev!
Nə qədər ağır olsa da, sizi qəzəbləndirsə də, keçilməsi mümkün olmayan bir çox məqamlardan bir neçəsini sizə xatırlatmalıyam.
2005-ci ildən bu günə kimi ölkəmizdə törədilən, bilavasitə sizin şəxsi nəzarətinizdə olan Elmar Hüseyinovun, Rafiq Tağının, Rail Rzayevin qatilləri, Quba, İsmayıllı hadisələrinin əsl günahkarları aşkarlanıb laiqli cəzalarını almayıblar. Əksinə, harın məmurlara etiraz edən günahsız, cəsarətli və qeryətli insanlar uzun müddətli həbs cəzasına məhkum ediliblər. Ən son 19 may 2015-ci il tarixində Binəqədi rayonunda bina yanması nəticəsində həyatını itirən 15 nəfərin faciəli ölümünün günahkarları “jek” müdiririnin, bir də ki, həmin keyfiyyətsiz üzlüyü istehsal edən kimsələrin həbs edildiyi deyilir.
Cənab Prezident!
Həmin faciə günü – “Avropa oyunları cəhənnəm olsun, neçə-neçə insan həyatını itirib” – deyərək bütün günahkarların kimliyindən asılı olmayaraq laiqli cəzalarını alacaqlarını qətiyyətlə bəyan edərək təsirli çıxış etdiniz. Bəs nə oldu, hanı nəticəsi? İstehsalçı keyfiyyətsiz mal istehsal edə bilər. Bu görünməmiş bir iş deyil. Bəs həmin keyfiyytsiz malların qarşısını almağa məsul və borclu olan dövlət, hökumət vəzifələri tutan məmurlar??? Onlar məsuliyyətə cəlb edilmək əvəzinə ittihamçıya çevrildilər. Hələ bu da azmış kimi, insanları məsxərəyə qoymağa başladılar.
Yüz milyonlarla maliyyə vəsaiti qoyulub çəkilən və təmir edilən yollar qısa müddətdən sonra əsaslı təmir edilir və bu talançılığa bilavasitə məsuliyyət daşıyan ali rütbəli dövlət və hökumət məmurları heç nə olmayıbmış kimi yenə də öz cinayətkar əməllərini davam etdirirlər!?
Cənab İlham Əliyev!
Təxminən may-iyun aylarında Səlyan şossesində, Şıx çimərliyi ilə üz-üzə ərazidə 40-dan artıq villanın sahibləri “tapılmadı”(?!) Siz də göstəriş verdiniz ki, onları sökün. Şəhərimizin icra başçısı, artıq canlı lətifəyə çevrilən Hacıbala Abutalıbov da etmədi təmbəllik və nağara-zurna ilə, hər birinin dəyəri ən azı iki-üç milyon olan həmin villaları yerlə yeksan etdirdi. Şəhərdə 40-dan artıq villa tikilir, nə şəhər rəhbərliyinin, nə tikinti departamentinin, nə FHN-nin nə də nazirlər kabinetinin bu özbaşınalıqdan xəbəri olmur(?), sahibləri “tapılmır”, kimsə də cəzalandırılmır. Doğurdan da, Sizin təbirinizcə desək, analoqu olmayan özbaşınalıqlar baş verir. Lakin bir kasıb vətəndaş iki daşı üst-üstə qoyar qoymaz, icra nümayəndəsi, sahə müvəkkili onun başının üstünü alıb “haqqını” istəyir.
Cənab Prezident!
İndi Eldar Mahmudovun, Akif Çovdarovun, Əli Abbasovun hər birinin on milyonlarla dəyəri olan villaları KİV-də nümayiş etdirilir.
Bu gün uçana-qaçana macal verməyən alovlu tənqidçilər, psevdo vətənpərvərlər, saxta cəsarət sahibləri Eldar Mahmudov və digərləri vəzifə başında xalqı talayanda niyə dillərini dinməzlərinə qoymuşdular? Sağlam müxalifət qüvvələri ölkədə baş alıb gedən özbaşınalığı faktlarla ortaya qoyanda, Səyavuşlar, Zahid Oruclar, Aydın Mirzəzadələr həmin şəxsləri topa tuturdular, onları “erməni dəyirmanına su tökməkdə”, ermənipərəst olmaqda suçlayırdılar.
Cənab İlham Əliyev!
Ölkədə baş alıb gedən danılması mümkün olmayan korrupsiya, rüşvətxorluq, talançılıq, qohumbazlıq hallarından, mən azdan-az bir qismini qeyd edib, bir daha diqqətinizə çatdırmağa çalışdım. Lakin mehriban, öz ağrı-acısını tez unudan, çox böyük ürək sahibi olan xalqımızın müəyyən hissəsi, o cümlədən də şəxsiyyətinə, əqidəsinə, vətənpərvərliyinə inanıb hörmət etdiyim insanların dəyərli bir kəsimi, hal-hazırkı bu ekstremal vəziyyətdə, özləri sizə dəstək verməklə, xalqı da bu dəstəyə qoşulmağa çağırırlar. Mən onlarla razılaşmasam da, onların çağırışına hörmətlə yanaşmağı özümə borc bilirəm. Həmin hörmət etdiyim, saf əqidələrinə bələd olduğum insanlarla razılaşmamağıma əsaslı arqumentlərim var.
Hal-hazırda sizin ətrafınızda lövbər salmış qəlbi ilə dili, işi ilə əməli daban-dabana zidd olan məmurlarla islahatlara getmək qeyri-mümkündür. Nə üçün? Böyük xalq kütlələrinə çoxdan bəlli olan, sizin də dəfələrlə vurğuladığınız kimi, qudurğan, harın məmurlar xalqdan oğurladıqları, həcmi yüz milyonlarla ölçülən kapitallarından, tikdirdikləri villalarda, artıq adət etdikləri kübar, dəbdəbəli həyatdan qeyrisini təsəvvürlərinə gətirmək belə istəmirlər. Onların haqq yoluna dönəcəklərini düşünmək belə absurddur. Mənim bu qeyd etdiklərimin nə qədər qərəzsiz, doğru, Prezidentin isə köklü islahatlar aparılmasında tam səmimi, qətiyyətli olmasını ancaq və ancaq onun özü bəyan etməlidir. Bunun üçün xalqın müxtəlif təbəqələrinə (müxalifət, ziyalı və s.) müraciət edib onları dialoqa çağırmalıdır. Təbii ki, seçki öncəsi saxta iqtidar-müxalifət “dialoqu” kimi yox! Prezident xalqın böyük əksəriyyəti tərəfindən qəbul edilən həmin şəxslərlə bilavasitə görüşüb onun rəhbərliyi altında yüksək səlahiyyətli fəaliyyət proqramı ilə ardıcıl və intensiv iş başlayır.
İstər Prezident aparatında, istər nazirlər kabinetində, istərsə də nazirlik və komitələrdə məmur olaraq büdcədən maliyyələşib aldığı məvaciblə milyonluq villalarda ərəb şeyxləri kimi harın, dəbdəbəli həyat sürməyə adət etmiş bu quldurlarla köklü islahatlardan danışmaq qeyri-mümkündür.
Cənab Prezident!
Hal-hazırda dövlət və hökumət kabinetlərində oturub xalqa xidmətdən başqa hər cür bəd əməllərlə məşğul olan məmurların konkret faktları sadalamaqla sərgüzəştlərindən Marksın “Kapital” əsəri həcmində kitab yazmaq olar. Hesab edirəm ölkəmizdə baş alıb gedən çoxsaylı çatışmamazlıqlardan, məmur özbaşınalıqlarından qeyd etdiyim bu bir neçə fakt kifayətdir.
Sizi dəstəkləyən şəxsiyyətlərinə hörmət etdiyim həmin kəsimlə razılaşmamağımın əsas səbəbi isə belədir:
Fərz edək ki, möcüzə baş verdi və cənab İlham Əliyev sağlam, vətənpərvər qüvvələrdən ibarət bir işçi qrup yaratdı. Həmin işçi qrupun Prezidentin sədrliyi ilə keçiriləcək birinci iclası sona çatmamış birdəfəlik dağılacaq. Nə üçün? Ona görə ki, son 12 ildə cənab Prezidentin keçirdiyi çoxsaylı müşavirələrdə qabaqlarına qeydiyyat dəftəri qoyub heç bir sual vermədən quzu kimi əyləşib ardıcıl qeydlər aparan həmin məmurlardan fərqli olaraq “yaranmış” işçi qrupun üzvləri Prezidentə sual verəcəklər və təbii ki, cavab gözləyəcəklər. Məsələn, həmin veriləcək çoxsaylı suallardan bir-ikisini qeyd edirəm
- Cənab İlham Əliyev demək olar ki, planetimizin hər yerində çoxmilyonluq xeyriyyə işləri görən “Heydər Əliyev fondu”nun maliyyə mənbəyi haradan qaynaqlanır?
- Həmişə büdcədən maliyələşən təşkilatda işləyən və konkret məvacib alan qaynatanız hörmətli Arif Paşayev cənabları nəvələrinə bağışladığı 5 (beş) milyard kapitalı hansı yolla qazanıb?
Təbii ki, bu və buna bənzər suallar cavabsız qalacaq.
İllər uzunu robot məmurlarla müşavirə keçirməyə adət etmiş cənab Prezident “haqlı” olaraq əsəbləşəcək və bununla da həmin qrup dağılacaq.
Mən də həmin hörmət etdiyim insanların mövqeinə elə bu səbəbdən müxalifəm.
Oktyabrın 17-dən sonra baş verən və hələ sonu görünməyən, hər birimizə utanc gətirən bu biabırçılıqlar, cənab İlham Əliyevin 12 illik Prezidentlik dövrünü əhatə edir. Bu və bundan sonra üzə çıxacaq cinayətlərin, qeyri-qanuni əməllərin, quldurluqların sorumlusu ilk növbədə, cənab Prezident, sizsiniz!
Sizə ünvanladığım bu növbəti məktubumda yazdıqlarımın qərəzsiz və səmimi olmasına ədalətli mövqedən yanaşacağınıza, zorla da olsa, özümü inandırmağa çalışıram.
P.S. Bu gün ölkə vətəndaşlarının böyük əksəriyyətinin əsas masaüstü müzakirə mövzusu olan sizi və mətdahlarınızı qəzəbləndirə biləcək çoxsaylı aktual suallardan virtual olaraq qeyd etdiyim həmin ikisi,siz hakimiyyətdən getdikdən dərhal sonra indi ünvanınıza mədhiyyə söyləyən ətrafınızdaki yaltaqların adınıza qəzəb və nifrətlə dolu kimi yağdıracaqları çoxsaylı tükürpədici ittihamlarla müqaisədə çox bəsid və sönük görünəcək. Necə ki, atanız Heydər Əliyev 1969-1987 -ci illərdə vəzifədə olanda onun gündəyməzindən öpmək növbəsinə duran şərəfsizllər 1987-1992 illərdə onu ittiham-tənnqid-təhqir etmək üçün sıraya düzüldülər. Nə qədər ki, gec deil,UCA ALLAH verdiyi hakimiyyəti əlinizdən almayıb,ölkədəki danılmaz məmur özbaşinalğının,həcməgiliyin sağlam qüvvələri vaxt itirmədən ətrafınıza yığaraq qarşısinı aiın, tutarlı tədbirlər görün.
Cənab İlham Əliyev!
Zaman da axar suya bənzər. Axar suya təkrarən girmək mümkün olmadığı kimi, əlverişli zamanı əldən buraxdıqdan sonra həmin zamanın verdiyi üstünlüyə bir daha malik olmaq qeyri-mümkün olur. Bu son biyabırçılıqları nə qədər örtüb basdırsaq da, bu cinayətlərin üstündən sükutla keçmək qeyri-mümkündür. Ən yüksək rəhbərlikdən tutmuş, aşağı məmurlara qədər xalqın var dövlətinin amansızcasına talanması göz önündədir. Bu tarixi məqamda hakimiyyətin sizə verdiyi səlahiyyətdən istifadə edib xalqın tükənməkdə olan ümidini bərpa etməsəniz nə Uca Allah, nə də ki, Azərbaycan xalqı sizi bağışlamayacaq. Keçdiyim həyat yolu, ömrümün indiki çağı bu sözləri sizin ünvanınıza göndərməyə mənə mənəvi əsas verir. Necə istəsəniz elə qəbul edin.
Zəruri qeyd: Cənab İlham Əliyev, bu məktubum xoş təsadüfdən sizə yetişsə, oxuyub əsəbləşərək məni cəzalandırmaq niyyətində olsanız 19 mart 2013-cü ildəki kimi, polad biləkli, sərv qamətli, qara geyimli, üzü maskalı xüsusi xidmət dəstəsinin döyüşçülərini üstümə göndərməyə ehtiyac yoxdur. Bu məktubun sonunda yazdığım telefon nömrəsinə, hər hansı inzibati orqandan çağırış gəlsə, uzağı iki saata həmin ünvana özümü çatdıracağam.
Səmimiyyətlə Rəhim QAZIYEV
24.11.2015



