“Bunda nə var…”

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Deməli, baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov son vaxtlar xeyli ağırtonnajlı məmurun “vurulması” barədə danışıb, belə deyib: “Qanunu pozmuş, Prezidentin göstərdiyi etimadı yerinə yetirməmiş və bəlkə də o etimada müəyyən dərəcədə xəyanət etmiş insanlar varsa, onlar da ciddi şəkildə cəzalandılacaqlar”.

Bu bir cümlədə Azərbaycandakı idarəetmənin gerçək mahiyyəti gizlənib. Bizim məşhur ifadə ilə desək, “qanunun şah deyil, şahın qanun olduğu” ölkədə yaşadığımızın ən bariz, ən aydın isbatıdır həmin bu bir cümlə. Açıqca deyirlər: ölkədə çinovniklər o vaxt qəzəbə gəlir, illərdir yapışdıqları kreslodan atılır, onların dəhşətli cinayətləri yalnız o zaman ifşa və etiraf olunur, buna görə həmin çinovniklər yalnız o vaxt ağır cəzalandırılır ki, onlar hakimiyyət başçısına xəyanət edirlər. Yoxsa hansısa çinovnik xalqın sərvətini yeyib-dağıdır, büdcə pullarını sağa-sola səpələyir, 18-19 yaşlı gəncləri “iğtişaşçı” deyə damğalayıb haqsız yerə çürüdürsə, bunda heç bir problem yoxdur, belələrini hətta ali mükafatlara layiq görüb, vəzifələrini və rütbələrini qaldırmaq da olar.

Yoxsa, məsələn, bir neçə gün əvvəl indi “prezidentə xəyanətə görə” qandallanaraq həbsə atılan MTN generalı Akif Çovdarov çox deyil, cəmi 5 ay əvvəl – mayda niyə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin ki?!

Bəli, biz həmişə bunu deyib, bunu yazırıq ki, filan naziri çıxarıb bəhmənkəslə əvəz etməklə bu ölkənin taleyüklü problemlərinin həll olunacağına, ən böyük dərdlərinə dərman tapılacağına ümid etmək mənasızdır. Azərbaycanda ilk növbədə idarəetmə təfəkkürü dəyişməlidir. Qanunun aliliyi, hüququn üstünlüyü təmin edilməli, milli iradə bərqərar olmalıdır ki, hansısa çinovnikin quldur əməllərinə görə cəzalandırılması üçün onun nə vaxtsa məhz hakimiyyətin birinci şəxsinə xəyanət etməsini, hakimiyyətin birinci şəxsinin etimadını itirməsini gözləmək lazım gəlməsin. Belələri ilk qanunsuz, özbaşına əməlindəcə, – bu büdcə yağmaçılığı da ola bilər, hansısa müxalifətçini şərləmək də! – cəzalandırılmalıdır. Əks halda Əlini Vəliylə, Vəlini Pirvəliylə əvəzləmək mənasız işdir. Gələn gedənə rəhmət oxutdurmaqdan başqa bir şeyə yaraya bilməz.

“Burada nə var, kişinin evi olar də…” – bunu isə Həccə getmək üzrə 27 qat çempion, bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə bir neçə gün əvvəl fotoları yayılan 6 milyon manatlıq villasından danışarkən deyib. Birincisi, insanın evinin olub-olmamasının onun kişiliyi ilə nə əlaqəsi var? Azərbaycanda indinin özündə əliqabarlı, alın təri ilə yaşayan minlərcə insan kirayələrdə yaşayır, özgə qapılarında sürünürlər. Hacı Qalib onları aşağıladığının fərqindədirmi? Bəlkə də yox. Insan ömründə 2,7 kitab oxumayıb amma 27 dəfə Həccə getməsi ilə fəxr edəndə düşüncəsi, təfəkkürü də elə bu cür olmalıdır.

Ikincisi, cənab Salahzadə uzun müddət bələdiyyə sədri olub, sonra da deputat təyin olunub. Bütün hallarda o bizneslə məşğul ola bilməzdi, 2 min manat aylıq deputat maaşı ilə 6 milyonluq villa tikmək isə heç qarğa kimi 300 il yaşasan da mümkün deyil. Belədə adamların oturub o dəbdəbəli imarətinin hansı pullarla ucaldıldığını, necə deyərlər, “bu dəyirmanın suyunun haradan gəldiyini” öyrənmək istəmələrindən təbii heç nə yoxdur. Bu cür məsələlərə görə normal, gəlişmiş ölkələrdə yer-yerindən oynayır, aləm bir-birinə dəyir, hüquq işə düşür.

Bizdə isə Hacı Qalib heç nə olmamış kimi, asanlıqla, rahatlıqla “bunda nə var…” deyə bilir.

Bir ölkədə qanunlar anlamını, sayğınlığını, gücünü, iradəsini itirərsə, əslində ən doğru, ən məntiqli reaksiya məhz budur: “Bunda nə var…”.

Həqiqətən də bunda heç nə yoxdur, nə təəccüblü, nə qeyri-adi, nə gözlənilməz heç nə yoxdur bunda.