İŞİD əleyhinə beynəlxalq koalisiyaya Britaniya da qoşuldu
ABŞ hökuməti xüsusi təyinatlı döyüşçüləri Suriyaya göndərib. Amerikalı hərbiçilər IŞID-ə qarşı əməliyyatlarda iştirak edəcəklər. IŞID əleyhinə qurumun koordinatoru Brett Makqurk bildirib ki, xüsusi təyinatlılar tezliklə Suriyaya çatacaq: “Bu dəstələr radikal islamçılara qarşı çox uğurlu əməliyyatlar həyata keçirəcəklər”.
Makqurk onu da bildirib ki, bir biri tərəfdən də kürdlər IŞID-i Rakkadan çıxarmağa çalışırlar: “Min kilometrlərlə ərazini IŞID-dən təmizləyiblər,ÿ300 terrorçunu məhv ediblər”.
Suriyadakı hökumət qüvvələri isə Rusiyanın hava zərbələrinin dəstəyi ilə irəliləyir. Ölkənin qərbindəki ərazilərin IŞID-dən geri alındığı bildirilir. BBC-nin məlumatına görə, hökumət qoşunları Mahin və Həvvarin şəhərlərini ələ keçiriblər. Bu şəhərlər paytaxt Dəməşqi ölkənin şimalındakı mühüm strateci şəhərlərlə birləşdirən şose magistralının şərqində yerləşir. Rusiya sentyabrın 30-dan – Suriyada hava zərbələrinə başlayandan prezident Bəşər Əsədin qoşunları geniş əks-hücuma keçiblər. Rusiya israr edir ki, hava zərbələri ilə yalnız terrorçuları hədəf alır. Lakin fəallar bildirirlər ki, bu zərbələrin əsas hədəfi Qərb tərəfindən dəstəklənən qiyamçı qruplaşmalardır.
Rəsmi “Sana” agentliyinin verdiyi xəbərə görə, ordu birləşmələri və hökumətyönlü silahlılar bu şəhərlərdə IŞID-in mövqelərini dağıtdıqdan sonra Homs şəhərinin 65 kilometrliyindəki Mahin və Həvvarin şəhərlərini tam nəzarət altına alıblar. Hərbi mənbələrdən alınan məlumatlara görə, IŞID xeyli canlı itki verib və hökumət əsgərləri yollarda, tarla və evlərdə quraşdırılmış minaları zərərsizləşdirməklə məşğuldur.
Suriya Insan Haqları Müşahidə Qrupundan bildiriblər ki, Rusiya və Suriya aviasiyası quru hücumlarına dəstək vermək üçün onlarla hava zərbəsi endirib. O da bildirilir ki, Mahin və Həvvarin şəhərləri IŞID-in nəzarətində olan qədim Palmiraya gedən yolun yaxınlığında yerləşir.
Bu arada, bazar ertəsi Rusiyanın Suriyadakı hava reydlərinə görə Yaxın Şərqdə hava sərnişin daşımalarında fasilələr yaranıb.
Iraqın şimalındakı hava limanları iki gündür bağlıdır. Livan paytaxtına gedib-gələn təyyarələr isə şərqi Aralıq regionunda istisna zonasının ətrafından keçməli olur.
Iraqın şimalındakı Kürdüstan rəhbərliyi Moskvanın Xəzərdən atdığı ballistik raketlərə etirazını bildirib. Bu raketlər kürdlərin muxtar ərazisi üzərindən keçib. Rusiyanın Aralıq dənizindəki gəmiləri də Suriyaya raket atır.
Dörd illik vətəndaş müharibəsinin gedişində Iran və Rusiya Suriya prezidenti Əsədin dəstəkçisi olub. Bu münaqişədə 250 min adam öldürülüb və daha 11 milyon insan evlərindən didərgin salınıb. Iran və Rusiya Suriya hökuməti və müxalifəti arasında sülh danışıqlarının keçirilməsi üçün son müddət olaraq 1 yanvarı müəyyən edən BMT bəyannaməsinə imza atıblar.
Britaniya baş naziri Devid Kameron dünən Parisdə Fransa prezidenti Fransua Ollandla görüşüb. Iki lider görüşdən sonra birgə mətbuat konfransı keçirib. Devid Kameron bildirib ki, Britaniya IŞID-ə hava zərbələri endirən beynəlxalq koalisiyaya qoşulmaq barədə qərar verib. Bundan sonra Britaniya da IŞID-ə hava zərbələri endirəcək: “Fransa prezidenti Fransua Ollandın IŞID-ə qarşı Suriyada həyata keçirdiyi hava hücumlarını dəstəkləyirəm. Və bu hücumlara qoşulduğumuzu bəyan edirəm”.
Kameron bu həftə ərzində Britaniya parlamentində IŞID-lə mübarizəyə dair müdafiə planını açıqlayacaqlarını bildirib. Onun sözlərinə görə, rəsmi London Fransa başda olmaqla bütün Avropa ölkələrinin xüsusi xidmət orqanları ilə əməkdaşlığı gücləndirəcək.
Fransua Olland isə IŞID-ə qarşı hava hücumlarını bir az da artıracaqlarını bildirib. Xatırladaq ki, Kameron “G-20” sammitinin ardından ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya qatılacaqlarının anonsunu vermişdi.