aliyev-yap

Ötən 23 ildə YAP nələr qazandı, Azərbaycan nələri itirdi?

 

aliyev-yap

Hakim partiyanın dünəni və bu günü barədə…

YAP bugünlərdə özünün 23 yaşını qeyd elədi. Bu partiya adlanan amorf təşkilatın rolu barədə xeyli yalanlar danışıldı, sağlıqlar deyildi. Bizim yalanla işimiz olmaz, gəlin, 23 ildir ölkədə adambaşına düşən zülmü, ədalətsizliyi analoqsuz zirvəyə ucaldan bu partiyaya obyektiv baxış ortaya qoyaq.

***

YAP-çılar danışanda uzun müddətdir hakimiyyəti əldə saxlamalarını, üzvlərinin sayının 600 mini keçməsini vurğulayırlar. Bir də o məqam daha gur səsləndirilir ki, bəs biz (Heydər Əliyev) olmasaydıq, Azərbaycanın dövlət kimi mövcudluğu mümkünsüz idi. Sonuncu fikrə (əslində isə cəfəngiyyata) hazırda həbsdə olan vicdan məhbusu Asif Yusiflinin bir lakonik cavabı var, onu yada salaq, sonra qaldığımız yerdən davam edərik.

Asif bəy deyir ki, keçmiş Sovet Ittifaqı dövlətlərinin hər biri indi mövcudluğunu davam etdirir. Onların heç birində nə Heydər Əliyev, nə də YAP olub. Bəs nə əcəb o dövlətlər dağılıb, parçalanıb itməyib?

Yəni, bu fikir kütlənin başını qatmaq üçün dövriyyəyə buraxılıb və heç bir ciddi tənqidə dözümü yoxdur. Heydər Əliyevin və YAP-ın varlığı bizə dövlət olaraq elə zərbələr vurub ki, onun ağrısını hələ uzun illər yaşamalı olacağıq.

Siyasi uzunömürlülük

YAP həqiqətən 22 ildir hakimiyyətdə olan qüvvəni təmsil edir. Ancaq bu nə qədər fəxr ediləsi haldır? Məgər YAP bu müddətdə siyasi qabiliyyətinə görə hakimiyyətdədir?

Afrikada 22 il nədi, lap 30-40 ildir hakimiyyəti zəbt edib əlində saxlayan partiyalar var, YAP özünü onlara oxşatmaq istəyirsə, “no problem”. Fəqət, o cür “uzunömürlülük” müasir dövrdə tənə sayılacaq hərəkətdir.

22 illik “siyasi uzunömürlülük”lə o zaman fəxr etmək olardı ki…

– bu 22 ildə işğal olunmuş torpaqlarımızın heç olmasa, 22 metri azad olunaydı;

– Öz ömürünü uzatmağı bacaran iqtidar partiyası azərbaycanlıların orta ömür həddini uzatmağa nail olaydı;

– 22 illik hakimiyyət rəsmən bizə 22 demirəm, 2 milyoner (milyarder) bəxş edəydi. Axı hökumətin bu qədər “bizim pulumuz çoxdur” deməsinə rəğmən, ölkədə bircə nəfər də rəsmi milyonçu yoxdur. Bu da o deməkdir ki, ölkədə leqal, normal biznes mühiti olmayıb;

– 22 ildə dünya nədi, Azərbaycana səs salacaq sənət əsəri, elmi-texniki ixtira olmayıb. Olsaydı, bu illərin şəninə qoşulan nəğmələrə sakit yanaşmaq olardı.

***

Belə bir vəziyyətdə YAP-çılar nə qədər istəyirlər, desinlər ki, 600 mindən çox üzvümüz var, lap o üzvlərin sayı bir milyon olsun, məşhur tamaşadakı kimi, “həə, noolsun?”

Say var sanbal yox…

Şübhə yoxdur ki, YAP yaranışından anti-demokratik prinsiplərin müdafiəsində dayanıb, azadlıq, müasirlik bu partiya üçün yad sayılıb. Bütün bunlara baxmayaraq, ədalət naminə qeyd edilməlidir ki, 15-20 il əvvəl YAP bir siyasi qurum kimi daha maraqlı idi. Məsələn, onlar müxalifətlə bəhsə girib alababat mitinq keçirə bilirdilər, xəbəriniz varmı ki, YAP 10 ilə yaxındır 10-15 minlik mitinq keçirə bilmir? Hətta büdcə təşkilatlarının işçilərini, tələbələri, müğənniləri səfərbər eləmək də onların mitinq təşkil edə bilməsinə bəs eləmir. Ona görə ki, hamı gəlib adını yazdırıb qaçır, meydanda çıxışçılar “yetim” qalır. Bu acı yetimçiliyə görə də YAP mitinq keçirməkdən əl götürüb.

YAP-ın sözünü satılmışlar deyir

Həqiqət naminə o da deyilməlidir ki, Heydər Əliyevin zamanında (düz-səhv danışmalarını bir kənara qoyaq) müxaliflərlə diskussiya aparmaq cəsarətində olan YAP-çılar vardı. Onların hamısını elə YAP özü hörmətsiz elədi. Çıxdaş olundular, ya həbsxanaya, ya da gedər-gəlməzə göndərildilər.

Bu gün YAP-ın rəhbər heyətinə baxsaq, bunun bariz nümunəsini görərik. YAP-ı ərsəyə gətirənlər orada yox səviyyəsindədir.

Hakimiyyətin yürütdüyü siyasəti, yaxud ictimai rəyə təqdim etmək istədiyi hansısa fikri indi YAP yox, müxalifət düşərgəsindən satın alınan beş-altı çuğul həyata keçirir.

Hakimiyyət, YAP bu gün sözün əsl mənasında satılmışların, əqidəsizlərin ümidinə qalıb. Bir də ki, zavallı Siyavuş Novruzovun. Bu da təbiidir, çünki bu adamları partiyaya bağlayan heç bir ideya yoxdur. Siz də, mən də yaxşı bilirik ki, onların çoxunu məcburən, bəzən də “mən ölüm, sən öl” prinsipilə YAPlaşdırıblar. Yoxsa, bu qədər üzvü olan təşkilat heç vaxt seçkini saxtalaşdırmazdı. Amma saxtalaşdırırlar. Ona görə ki, bu 600 minin heç yüzü siyasi fəallıq göstərmir, seçkiyə getmir, getsə də, öz partiyadaşını müdafiə etməyi lazım bilmir, yaxud özünə sığışdırmır.

YAP-çılar niyə debatlardan qaçır?

Siyasi partiyanın gücü onun ideyasında, cəmiyyəti səfərbəretmə qabiliyyətində, liderlərindədir. YAP-da bunların hansı var? Razılaşın ki, YAP-ın rəhbərliyində təmsil olunanların heç birinin xarizması, siyasi xadim kimi cazibəsi yoxdur. Onların heç biri ən zəif müxalifətçi ilə debat aparmaq qabiliyyətində deyil. Elə ona görədir ki, bütün ictimai diskussiyalardan qaçırlar. Son prezident seçkisində Ilham Əliyevin YAP-çı və YAPpərəst komandası Milli Şuranın namizədi Cəmil Həsənlinin 4 dəqiqəlik çıxışları qarşısında necə yazıq vəziyyətə düşdülər, gördük.

Iki prinsip barədə iki abzas

YAP proqramına görə, sosial yönümlü partiyadır. Amma biz bu partiyanın sosiallıqla düşmənçiliyindən başqa nəyi görmüşük ki?! Ölkəni sosial fəlakət həddinə çatdıran, ayrı-ayrı sosial qruplara divan tutan bu partiya zülmın alətindən başqa bir şey deyil.

YAP-çıların sözlərinə görə, onların əsas prinsiplərindən biri varislikdir. Bu, guya, dövlətçilik ənənəsində varisliyi qorumaqdır. Hansı varislikdən söhbət gedir? Azərbaycanın dövlət müstəqilliyi bərpa olunanda qərara alınmışdı ki, müstəqil Azərbaycan Respublikası 1918-1920-dəki Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və siyasi varisidir. Bəs indi necədi? Indi təkcə YAP-çı olmaq kifayət eləmir, adam gərək həm də çox qırmızı ola ki, durub deyə, “YAP rejiminin idarə etdiyi dövlət AXC-nin varisidir”. Az qala, bütün nazirləri öz dədəsinə heykəl qoyduğu bir ölkədə AXC banilərinə bir abidə qoyulmursa, bu, varislik yox, nankorluq prinsipinin hökmranlığıdır. “Varislik prinsipi” YAP-da ideoloji yox, bioloji mənada bərqərardır. Məsələn, Ilham Əliyev formasında. Eləcə də başqa çoxlu nümunələr var. Yəni, bir post tutan YAP-çı ölər, amma onu öz qan qohumundan başqasına ötürməz.

Ən çox dövləti cinayətlər edən adamların partiyası

Öz rəqiblərilə ancaq təhqir, şantaj dilində danışan YAP yeni yaşına rüsvayçı bir aqibətlə qədəm qoydu. Bu gün ard-arda ağır cinayət əməllərində günahlandırılaraq həbsə atılan məmurların çoxu YAP-çıdır. Özü də elə-belə YAP-çı yox, partiya elitasına daxil olan adamlar!

Bəlli olur ki, güc strukturları sadə müxalifətçiləri saxta ittihamlarla şərləyib türməyə göndərdiyi müddətdə YAP rəhbərliyinə daxil olan şəxslər “dövlətin malı dəniz, yeməyən donuz” prinsipilə dövlət əmlakını tar-mar edirmişlər. Həbs olunanlardan biri də “Aztelekom” MMC-nin baş direktoru Məmməd Məmmədovdu. Bu yoldaş həm də YAP-ın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədriÿimiş. Partiya üzvlərinin fəaliyyətinə nəzarət etməli olan şəxs özü cinayətə qurşanıbsa, biz yerdə qalanlar barədə çox danışmaqla uzunçuluq etmiş olacağıq.

“YAP ən böyük partiyadır” deyənlər, heç vaxt unutmasınlar ki, YAP-dakı qədər rüşvətxor, “yetim malı yeyən”, ədalətsiz adam başqa heç bir təşkilatda yoxdur.

Labüd ölüm qarşısında vəzifələrimiz

Ümumiyyətlə, YAP-ı nə qədər tənqid eləsək də, inanmıram ki, bu partiyanın qurucularından olan və ona ad verən mərhum Sirus Təbrizlidən sərt olaq. Gənc nəsil üçün xatırladım, Sirus müəllim YAP-ı “simasız quldurlar partiyası” adlandırmışdı. YAP-ın daha bir qurucusu, 10 ildən çoxdur ki, siyasi səbəblər ucbatından həbsxanada saxlanılan keçmiş səhiyyə naziri Əli Insanov isə öz partiyası barədə “yaramazlar partiyası” ifadəsini işlətmişdi.

YAP sabahı olmayan və Ilham Əliyev kürsüdən endiyi gün ictimai-siyasi arenadan yox olub itəcək bir fenomendir.

Kommunist partiyasının arxasında dünyada bu gün də aktuallığını saxlayan Marks, Engels kimi filosofların, Leninin 54 cildlik əsərləri, onminlərlə idealist insanın qanı, canı, hərarətinin yatmasına baxmayaraq, SSRI-nin yıxılması ilə o da yoxa çıxdısa, Mübariz Qurbanlının boz çıxışlarından, yaxud Ramiz Mehdiyevin kitablarından sallanıb tarixdə qalmaq mümkün deyil. Bu partiya bir bəla kimi yaxamızdan qopacaq. Amma ona qədər də hər kəs məsuliyyətini bilməlidir. Bu gün insanların çoxu özünə belə təskinlik verir ki, biz YAP-ı yazılmaqla onsuz da heç nə eləmirik. Bəli, o adamlar özləri heç nə eləmir, amma bu cür insanlar bilməlidilər ki, onlar, hətta bu passiv seçimlərilə də YAP adından çıxış edən kriminalların əməllərinə şərik olurlar. Ona görə də nə qədər gec deyil, cəsarət tapıb bu partiyadan  imtina edilməlidir. Bunu edə bilməyənlər, heç olmasa, hələ YAPlaşmaya məruz qalmayanları Azərbaycanı zülmə ürcah edən bu quruluşdan uzaq saxlamağa çalışmalıdır.

Natiq Güləhmədoğlu