Məhbusdan ilginc məktub

mektublar5 il 6 ay azadlıqdan məhrum edilən İsa Vəliyev şok faktlar açıqladı

“Azadlıq”a və bütün KIV-ə üz tutan Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Isa Vəliyev Binəqədi rayon məhkəməsinin 18 iyun 2013-cü il qərarıyla CM-in 213.2.2 maddəsiylə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edildiyini bildirib. Müraciətdə deyilir: “Sonuncu ümid yerim mətbuatdır.

Məhkəmələr azad qurum olsalar da, sifarişlə işləyir. Binəqədi məhkəməsinin verdiyi qərəzli, sifarişli və ədalətsiz hökmünü yuxarı instansiya məhkəmələrində araşdırma aparmadan,  hüquqlarımın pozulmasını  prosessual hüquq normalarına riayət etmədən Apelyasiya məhkəməsi 12 avqust 2013-cü il qərarıyla düz qərar verildiyini təsdiq edib. Ali Məhkəmə  08 oktyabr 2014-cü il tarixli qərarıyla Apelyasiya məhkəməsinin qərarını təsdiq edib və bu məsələdən şikayət verilə bilməməsini bildirib.

Məni aldadanların heç olmasa mülki qaydada mənə ödənilməsi üçün Suraxanı rayon məhkəməsinə şikayət ərizəsi verdim.  Lakin məhkəmə iştirakım olmadan qərardad qəbul edərək 02 mart 2015-ci il tarixli mülki iş üzrə işin rədd edilməsi barədə qətnamə çıxardı. Bu qətnamədən Məhkəmə-Hüquq Şurasına  02.06.2015-ci tarixli və təkrar prosessual normaların pozulması haqqında 04.07.2015-ci ildə şikayət ərizəsiylə müraciət etdim. Lakin Şuradan cavab verildi ki, Apellyasia məhkəməsi şikayətin düzgün olmasını təsdiq etsə, Suraxanı məhkəməsinin hakimi Samir Məmmədov inzibati qaydada cəzalandırılacaq.

17.07.2015-ci il tarixli Apelyasiya məhkəməsinin Mülki Kollegiyasına şikayət verdim. Məhkəmənin 06 oktyabr  tarixli qətnaməsiylə hakimlər Raqib Qurbanov, Etibar Nəbiyev və  Sənan Hacıyev məhkəmənin iclas katibi Könül Əhmədovanın  iştirakıyla mənim  iştirakım olmadan şikayətimin təmin  olunmaması haqqında qətnamə çıxardı. Iştirakımın təmin edilməməsi vacib idi, çünki mən cəzaçəkmə müəssisəsində özbaşıma hərəkətlər edib məhkəməyə gələ bilməzdim.

Ali Məhkəmənin sübutlar haqqında CPM-nin  144, 145, 146-cı maddələrinin tələbləri gözlənilməklə  işə aid olan və biri digərinə uyğun gələn sübutların  məcmusu ilə onların həqiqi məzmununa  uyğun olaraq əsaslandırılıb. CM-nin 139-cu maddəsinin tələb etdiyi kimi, düzgün baxılmayıb. Çünki qanunun tələbinə əməl olunmadan qərar qəbul edilib.

Binəqədi məhkəməsinin hakimi Abbas Rzayev tərəfindən 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməyim barədə faktlar budur. Məni aldadaraq cinayətə sövq etmiş qrupun nümayəndələri əlbir olaraq mütəşəkkil qaydada iş görüblər. Qrupun üzvləri Qulu Qasımov, Mehmet Uğur, “Zaminbank”ın şərq filialının müdiri Şövqü Qasımov, baş mühasibi Ziya Ələkbərov, Astara gömrüyünün işçisi  Rasim Əliyev, vergi departamentinin müstəntiqi Tariyel Tağıyev, vergi-audit idarəsinin səyyar yoxlayıcısı Firudin Əsgərov, müstəntiq Arif Əsgərov neçə ildir büdcənin vəsaitlərini xaricə köçürməklə məşğuldurlar.

Direktoru olduğum  “TAIS Produkt KO” MMC-nin möhürünü məni aldadıb alaraq Astara gömrük məntəqəsindən 28 684  ton sement idxal edilib. Mənim iştirakım olmadan sement alınıb satılıb və təşkilatın adına sənədləşdirilib. Idxal sənədlərinə kimin imza atıb qol çəkməsi əsas sübutlardandır. Altı min ton, ən azı 60 vaqon buğda guya “Karmen” şirkətindən alınıb.  Bakı Rabitə Təmir-Tikinti Təchizat Şirkətinə kabel və kabel çəkilməsində istifadə edilən aksessuarlar verilib.

Bu sübutlara müstəntiq Tariyel Tağıyev göz yumaraq araşdırmayıb.

Dövlət başçısına açıq məktub yazaraq bugünə kimi  hüquqlarımın necə pozulmasını bildirə bilmirəm. Ibtidai istintaq və məhkəmələr hüquqlarımı kobud şəkildə pozaraq törətdiyim əməlin motivinə görə deyil, xüsusi tapşırıqlarla ittiham olunmuşam. Əyani sübutlarım var və bunlar əsas faktlardır.

Qəzetiniz vasitəsilə üzləşdiyim haqsızlığın prezident Ilham Əliyev, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, baş prokuror Zakir Qaralov və digər aidiyyatlı dövlət orqanlarına çatdırmaqdır. Xahiş edirəm, müraciətimi  bu qurumlara və onların cavabını da mənə çatdırın”.

Sosial şöbə