Cəmil Həsənli siyasi işlərdə rəy verən eksperti ifşa etdi

cemil-hesenli-ve-qizi

Rafiq Tağı, Aqil Xəlil, Günel Həsənli – bu işləri nə birləşdirir?

Milli Şuranın sədri qızı Günel Həsənli barədə qərarın qanunsuzluğunu konkret faktlarla sübut etdi

Milli Şuranın sədri Cəmil Həsənli bugünlərdə Bakı Apelyasiya Məhkəməsində Əflatun Qasımovun sədrlik etdiyi hakimlər heyətinin onun qızı Günel Həsənli barədə verdiyi qərarın qanunsuz və əsassız olmasını sübut edən konkret faktları açıqlayıb. Cəmil Həsənli eyni zamanda, bu iş üzrə rəy vermiş ekspert Ceyhun Allahverdiyevi də ifşa edib. Məlum olub ki, Cehun Allahverdiyevin adına bir çox siyasi xarakterli işlərdə rast gəlmək olar. Hətta iki il əvvəl prezident seçkisi ərəfəsində o, Cəmil Həsənlinin özünün də barəsində rəy verib ki, guya, görmə qabiliyyətində problem olduğundan prezident kimi vəzifəsini icra edə bilməz.

Cəmil Həsənli bütün bu məsələlər barədə fikirlərini “facebook” səhifəsində paylaşıb. Milli Şuranın sədri yazır:

Daxili İşlər Nazirliyinin yalanı

Bildiyiniz kimi, Bakı Apelyasiya məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyilə məhkəmə kollegiyası 8 aylıq “araşdırmadan” sonra noyabrın 19-da qızım Günel Həsənli barədə Yasamal Rayon Məhkəməsinin hakimi Aqşin Əfəndiyevin saxta məhkəmə hökmünü qüvvədə saxlayan qərar verdi. Yəni onu Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə təqsirli bilib, iki azyaşlı uşaq anasını, ömründə heç bir cinayət törətməyən ali təhsilli gənc qızı məntəqə tipli müəssisədə 1 il 6 ay müddətinə cəza çəkməyə məhkum etdi.

Şübhəsiz ki, bu işdə polis, prokurorluq, məhkəmə orqanları sırf şərti xarakter daşıyır. Bu işin müstəntiqi də, prokuroru da, hakimi də bilavasitə cənab Ilham Əliyevin özüdür. Günelə qarşı irəli sürülən ittiham bilavasitə həkim-ekspert rəyinin saxtalaşdırılması üzərində qurulub. Əvvəlcə hadisəni polisdən gizlətmə adı ilə sənədləşdirmək istəyirdilər və 2014-cü il oktyabrın 2-də Daxili Işlər Nazirliyinin mətbuat xidməti hadisənin guya polisdən gizlədilməsi barədə məlumat yaymışdı. Lakin polisin hadisə və ilkin müayinə yerində iştirakı ilə bağlı foto-materiallar yayıldıqdan sonra həkim-ekspert rəyinin saxtalaşdırılması istiqamətində addımlar atılmağa başladı.

Hadisə baş verən gün Respublika Klinik Xəstəxanasında polis işçisinin köməyi ilə aparılan müayinə zamanı 87 yaşlı zərəəkən Ədilə Səlimovada heç bir xəsarət aşkar edilmədiyi üçün o, evinə buraxılmışdı. Eyni zamanda, sənədlərdən görünür ki, xəstəxananın qəbul şöbəsi bu məsələ barədə həmin axşam saat 19-da 26-cı polis bölməsinə telefonla məlumat verib. Oktyabrın 2-də Daxili Işlər Nazirliyinin mətbuat xidməti hadisənin polisdən gizlədilməsi haqqında açıqlama verir, ondan 13 gün öncə sentyabr ayının 19-da axşam saat 19-da 26-cı polis bölməsi yol nəqliyyat hadisəsini qeydə alır. Deməli, hadisə ya bölmədə sonradan əvvəlki tarixə sənədləşdirilib, ya da Daxili Işlər Nazirliyi yalan məlumat yayıb.

Siyasi sifarişli işlər üçün növbətçi ekspert

Amma əsas məsələ bu deyil. Əsas məsələ 263.1-ci maddəni əsaslandırmaq üçün həkim-ekspertin bu iş üzrə 9 gün fasilə ilə iki rəy verməsidir. Birinci dəfə 2014-cü il oktyabrın 2-də (rəyçi trvmatoloq C.Musazadə), ikinci dəfə isə oktyabr ayının 11-də (rəyçi ekspert-rentgenoloq Ceyhun Allahverdiyev). Çox maraqlıdır ki, nə birinci ekspert Musazadə, nə də ekspert-rentgenoloq Ceyhun Allahverdiyev “canlı şəxs üzərində məhkəmə tibbi ekspertizası? keçirərkən” nədənsə, Ədilə Səlimovanın sol diz nahiyəsində hələ 2007-ci ildə baş vermiş sınıq xəsarətinin aydın görünən izlərini qeydə almamış və bunu rəydə əks etdirməmişlər.

Bundan əlavə, məhkəmə-tibbi ekspertizası üçün gərəkli olan maddi sübutlar ekspertlər tərəfindən rəyə əlavə edilməmişdir. Yasamal Rayon Məhkəməsinin hakimi Aqşin Əfəndiyev heç bir məhkəmə araşdırması aparmadan məhz bu saxta tibbi rəyə əsasən, Günelə bir il yarım məntəqə tipli cəza təyin etmişdi. Maraqlıdır ki, bu hökmdən tək Günel deyil, zərəəkmiş Ədilə Səlimova da hökmün ağır, baş vermiş hadisəyə adekvat olmadığından apellyasiya şikayəti vermişdi. Məhz apellyasiya baxışı zamanı Ədilə xanım bildirdi ki, onun hərəkətində yaranmış məhdudiyyət bu hadisə ilə deyil, 2007-ci ildə sol qıçının və qolunun sınması ilə bağlıdır.

Respublika travmatologiya institutunda rentgen çəkilişinə mütəxəssis həkim tərəfindən baxılanda doğrudan da məlum oldu ki, Səlimovaya ekspertlər tərəfindən hərəkəti məhdudlaşdıran “az ağır xəsarət” diaqnozu qoyulan zaman nədənsə, rentgendə açıq görünən bu sınıq izləri diqqətdən qaçırılıb. Maraqlıdır ki, bu faktın üzərindən açıq keçə bilməyən hakim Əflatun Qasımov Ədilə Səlimova üçün əlavə tibbi ekspertiza təyin etsə də, nədənsə, Ədilə xanım bu dəfə “canlı şəxs üzərində məhkəmə tibbi ekspertizaya” dəvət edilmədi. Bu dəfə 2014-cü il oktyabrın 11-də ona rəy vermiş Ceyhun Allahverdiyev bir il sonra 2015-ci ilin oktyabrında təkrar rəy verərək öz əvvəlki rəyini yenidən təsdiq etdi. Halbuki, Azərbaycan qanunvericiliyi eyni tibbi ekspertin eyni iş üzrə təkrar rəy verməsini qadağan edir. Hakim Əflatun Qasımov da məhz qanuna zidd formada verilmiş bu saxta rəyi əsas tutaraq birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxladı.

Günelə qarşı quraşdırılan bu saxtakarlığın incə məqamları, vəkillərin və xüsusilə, respublikanın ən tanınmış vəkili sayılan Adil Ismayılovun peşəkarlığı nəticəsində aşkar edilmişdi. Buna görə mən ona təşəkkür edirəm.

Bəs bu işdə istinad nöqtəsi kimi götürülən Ceyhun Allahverdiyev kimdir? Ekspert-rentgenoloq Ceyhun Allahverdiyev haqqında maraqlananda məlum oldu ki, o, bilavasitə siyasi xarakterli işlərə saxta rəy vermək üzrə ixtisaslaşıb və hazırda ifşa olunan MTN tərəfindən quraşdırılan böhtan xarakterli işlərin çoxunun həkim-eksperti olub. Buna misal olaraq 2008-ci ildə hazırda həbsdə olan Akif Çovdarovun təqib etdiyi jurnalist Aqil Xəlilə, MTN tərəfindən təqib edilən və döyülərək beyin silkələnməsi xəsarəti almış Emin Hüseynova, MTN-in əməliyyatı nəticəsində bıçaqlanaraq öldürülmüş yazıçı-publisist Rafiq Tağıya verilmiş tibbi ekspert rəylərini göstərmək olar. Deməli, hadisə hakimiyyət orqanlarının nümayəndələri tərəfindən törədildikdə Ceyhun Allahverdiyiv vətəndaşa yetirilən xəsarəti ya inkar etmək, ya da yüngülləşdirmək, hadisə müxalif siyasi kəsimlə bağlı olanda onu ağırlaşdırmaq məzmununda rəylər verib.

Bu ekspert Cəmil Həsənli əleyhinə də rəy veribmiş…

Daha maraqlı fakt ondan ibarətdir ki, sən demə bu ekspert rentgenoloq 2013-cü ilin prezident seçkiləri zamanı qiyabi şəkildə mənim özümə də guya yararsız olmağım, iş qabiliyyətimi itirməyim barədə saxta rəy verib. 2013-cü il sentyabrın 23-də prezident seçkilərinin təbliğat kampaniyasına start verildikdən sonra mənim ilk çıxışımdan narahat olan hakimiyyət rəsmiləri bu ekspert-rentgenoloq Ceyhun Allahverdiyevin “Trend” agentliyində mətbuat konfransını keçirdilər. Bir gözümdə zəiflik olduğundan hələ 2011-ci ildə Respublika göz institutu mənə III qrup əlillik dərəcəsi müəyyən etmişdi və məlum olduğu kimi, həmin qrupun daşıyıcılarının əmək qabiliyyətinin icrasına heç bir məhdudiyyət qoyulmur. Mənim üzərimdə heç bir müayinə aparmayan, göz xəstəliklərinə heç bir aidiyyəti olmayan rentgenoloq, həkim-ekspert kimi bəyan etdi ki, guya mən prezident vəzifəsinə yararsızam. Həmin mətbuat konfransında Ceyhun Allahverdiyev demişdi: “Bu vəziyyətdə Cəmil Həsənlinin prezident və Ali Baş Komandan olması yolverilməzdir. Həmin səlahiyyətlər Cəmil Həsənli üçün ağır vəzifələrdir və qanunvericilik də buna qarşı çıxır”.

Lakin onun bu fikri anti-konstitusion olduğu üçün prezident seçkiləri zamanı nəzərə alınmamışdı. Göründüyü kimi, bir vaxtlar mənə qarşı siyasi sifarişin nəticəsi kimi saxta rəy verən rentgenoloq Ceyhun Allahverdiyev həkimlik peşəsinə xəyanət edərək, indi də iki azyaşlı uşaq anası olan qızım Günel Həsənli haqqında saxta ekspertiza rəyi verir. Inanın ki, MTN-nin hazırda aşkarlanan cinayətlərinə saxta rəy vermiş, mühüm dövlət orqanındakı mütəşəkkil cinayətkar dəstə ilə əlbir olmuş bu ekspert-rentgenoloqun öz cinayət ortağı Akif Çovdarovun yanına getməsinə elə də çox vaxt qalmayıb.