Çox tez tərk etdin bizi, Həsən əmi, yaman tələsdin. Bəlkə sənsiz ötüşə biləcəyimizi düşünüb, son vaxtlar tez-tez yuxuna gələn, sənin üçün darıxdıqlarını deyən oğlanların İftixarla Rəşadı gözlətməmək qərarı verdin?! Bəlkə düşündün ki, onların sənə daha çox ehtiyacı var, bizsə burda çoxuq, bir-birimizə hayan olub sənsiz də yaşaya bilərik. Belədirsə, nahaq, ay Həsən əmi, sənsiz bizə də çətin olacaq…
Amma yaşayacağıq. Hər çətinliyə öyrəşdiyimiz kimi, sənsizliyə də öyrəşəcəyik. Təskinliyimiz səninlə birgə addımladığımız illər olacaq, o illərin xatirələri ilə ovudacağıq özümüzü.
Şansımız həm də sənin yarımçıq qalmış işlərin, ideyaların, arzuların naminə yaşaya bilməyimiz olar. Çünki o işlər, o ideyalar, o arzular bu millətlə, bu dövlətin işıqlı sabahları ilə bağlıdır. Sən heç özün üçün yaşamadın ki…
Səni həyata bağlayan şəxsi məqsədlər arzundakı Azərbaycan hədəfindən böyük deyildi. Amansız tale imkan vermədi ki, bir gün mütləq gələcək o Azərbaycanı görə biləsən. Amma sən o Azərbaycanda yaşayacaqsan – adınla, işıqlı xatirələrinlə. Sən həm də necə yaşamağın gərəkdiyini göstərən nümunələrdən biri kimi qalacaqsan. Nə qədər insan Allahın verdiyi ömrü mənalı, alnı açıq, ləyaqətlə yaşamağın nümunəsini səndə tapdı, səndə tapacaq. Sən sübut elədin ki, ömrün uzunluğu həyatda nə qədər qalmaqdan yox, onu nə qədər mənalı yaşamaqdan asılıdır. Sən həyatla tez vidalaşsan da, ömrün uzun oldu, Həsən əmi, sonsuzluğa qədər uzun…
Tez-tez olmasa da, ürəyindən şikayət edərdin. “Ağrıyır” deyərdin. Bir neçə dəfə əməliyyat da etdirmişdin, çalışıb vaxtaşırı müalicə də alırdın. Amma o əl boyda ət parçası bu qədər yükə nə qədər tab gətirə bilərdi ki?! O ürək bir insanın yükünü daşımırdı axı, həm də bir millətin dərdini çəkirdi. Sən böyük ürək sahibi idin, Həsən əmi, sinənə sığmırdı o ürək, ona görə ağrı verirdi bəlkə də. Sənin ürəyin zəifliyindən dayanmadı, böyüklüyündən partladı…
Tale sənə çox pis acı yaşatdı, Həsən əmi, hələ insanlıqdan nəsibini almamış bu istibdad rejiminin çəkdirdiklərini demirik. Amma sən o acını içində boğub, vüqarını əyməyə imkan vermədin. Şəxsi dərdini millətin dərdi ilə ovundurdun. Sanki tale səni həyat tərzindən küsdürmək istədi, amma sən acığa ona daha möhkəm sarıldın. Sən öz dərdinin altında belini bükmədin, millətin dərdi altına çiyin verməkdə davam etdin. Yenə qamətini dik tutdun, bu millətin dərdləri üstünə dərd qalayanların üzərinə şax yeridin. Bax, əcəl də səni yataqda, heysiz-hərəkətsiz halda tapmadı, ayaq üstə, yürüdüyün yerdə yaxalandın ölümə…
Şair deyir ki, Həsən əmi,
Yolda haxlarıq ölümü
yarıb torpağı nar kimi,
dünya bir qara pul kimi
atar bizi daxılına.
Amma səni ölüm haqladı yolda, Həsən əmi, dünya bir ləl kimi alıb qaçdı səni bizdən. Biz səni qoruya bilmədik, heyf, tamahkar dünya bizdən güclü çıxdı…
Alı Rza



