Kimdir bu özünü bilməyənlər?

aydin-tash1Aydın Taş

Bütün dünya Türkiyə-Yunanıstan yığmalarının hazırlıq oyununda yaşanan sayğı duruşu rüsvayçılığından danışır. Dünya qarşısında rəzil olduq.

Fransanın paytaxtı Parisdə törədilən terror hücumunu qınamaq və ölənləri anmaq üçün bir dəqiqəlik sayğı duruşuna dözümlülük göstərə bilmədilər. Fitə tutdular, təkbir gətirib səssizliyi pozdular.

Bunların kim olduğunu yaxşı bilirik. Əlhəmdülillah, müsəlmanam. Təkbir gətirmək qədər də gözəl bir şey yoxdur. Amma mənim dinimdə ölənin arxasından pis danışılmaz. “Allah günahlarını bağışlasın” deyilər.

Eyni zehniyyət yenə bir futbol qarşılaşmasında, həm də Türkiyə üçün çox önəmli olan Islandiya oyunundakı sayğı duruşunda özünü göstərdi. Yenə fitə basdılar.

Özümüzə sayğısızlıq etdik. Onları yaxşı tanıyırıq, zehniyyətlərinə də bələdik. Bir-bir soruşsaz ki, “seçkilərdə hansı partiyaya səs vermisiz”, hamısı o partiyanın adını çəkəcək.

Yaxşı, hörmətli prezident Rəcəb Tayyib Ərdoğan bu rəzalətlə bağlı nə deyir? Qısa açıqlama verib. Konkret olaraq belə deyib – “özünü bilməzlər”. Xəbərlər də bu başlıq altında verilir. Xəbərin içərisində də bu fikirlər: “Özünü bilməyənlər fitə basıblar. Biz bir ölkənin istiqlal marşına hörmət etməyəcək qədər dözümsüz bir millət deyilik. Bu millətin genlərində bu yoxdur”.

Siz bu açıqlamada Paris terroruna və qurbanlarına aid bir ifadə görürsünüzmü? Xeyr. Oyun öncəsi Yunanıstan himnini fitə basanlara “özünü bilməzlər” deyir.

Türkiyə ilə Yunanıstan arasında gərginliyin olması illərdir məlumdur. Bir millətin himninin fitə basılması xoş deyil. Buna millətçilər də qarışır. Ərdoğan məhz bunlara “özünü bilməyənlər” deyir. Yaxşı, bəs Paris hücumları?

Dünya mətbuatında “Türklərdən böyük ayıb, yunan himnini fitə basdılar” deyə, bir xəbər çıxdımı” Oxudunuzmu? Xeyr.

O xəbərlər “Sayğı duruşunda qalmaqal”, “Parisdə həyatını itirənlərə sayğı duruşu fitə basıldı” kimi, xəbərlər idi. Yuxarıda da qeyd etdim, sayğı duruşunu fitə basanlardan seçkidə kimə səs verdiyini soruşsanız, hamısı o partiyanın adını çəkəcək.

Ən sevdiyiniz lider kimdir? desələr, o adamın adını çəkəcəklər. Bəs, indi iki sevgilinin bir-birinə xoş olmayan sözlər və “özünü bilməz” deməsinə necə baxırsız?

Türkiyədə cəmiyyətə zərər verəcək fikirlərin son dövrlər necə artdığına şahid oluruq. Sayğı duruşunu fitə tutanlardan tutmuş, PKK terrorunu alqışlayanlara qədər. Bütün bu xəstə düşüncələr 13 ildə necə bu qədər qol-qanad açdı?!

Bu biri tərəfdən də Ərdoğanın “özünü bilməzlər”, “dözümsüz millət deyilik”, “bu millətin genlərində bu yoxdur” açıqlaması…

Bəli, biz əvvəl daha xoş niyyətli və səbirli millət idik. Görəsən, son 10 ildə necə bu vəziyyətə gəldik? Səbəbkar kimlərdir?