Gültəkin Hacıbəyli Bakı Apellyasiya Məhkəməsinin Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli haqda çıxardığı qərara münasibət bildirib. Milli Şuranın üzvü özünün Facebook səhifəsində yazır:
Bakı Apellyasiya Məhkəməsinin 19.11.2015-ci il tarixli qərarı ilə Milli Şuranın sədri professor Cəmil Həsənlinin qızı Günel Həsənli barədə Yasamal rayon məhkəməsinin hökmü qüvvəyə minib. Hökmə görə Günel xanıma cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə bir il altı ay həbs cəzası verilib. Guya Günel 87 yaşlı bir qadını maşınla vurub ayağını göyərdibmiş! 87 yaşlı Ədilə nənə məhkəmədə göz yaşı tökərək hakimlərə, prokurora yalvarırdı ki, ay sizə qurban olum, bu yaşımda mənə cəhənnəm qazandırmayın, Günel məni maşınla vurmayıb, yolda təzyiqim aşağı düşüb, başım fırlanıb, müvazinətimi itirib yanımda dayanan maşına- Günelin maşınına söykənmişəm ki, yıxılmayım. 87 yaşlı arvadam, məni maşın vursaydı, hadisədən dərhal sonra polis bölməsinə 4-cü mərtəbəyə öz ayaqlarımla necə qalxardım?! Guya ekspertiza keçiriblər, ekspert rəy verib ki, qadının ayağında zərbə nəticəsində kapilyarlar partlayıb (!!!), ancaq kapilyar partlayışından vəcdə gələn ekspert həmin ayağın həmin hissəsində 2007-ci ilin sınığını görmür! İşin içində ekspertin əsaslandığı rentgen belə yoxdur! Bu rüsvayçılıq ortaya çıxandan sonra məhkəmə guya təkrar ekspertiza keçirir, Ədilə xanım da evində oturub gözləyir ki, onu ekspertizaya dəvət edəcəklər, ayağını yenidən müayinə və rentgen edəcəklər, ancaq bunun əvəzinə onu məhkəməyə dəvət edirlər ki, biz artıq özümüz Ədilə xanımsız ekspertiza keçirmişik! Təsəvvür edirsiniz vəziyyəti?! Yəqin ekspertizanın yekun rəyi nağıllarımızdakı kimi ekspertə yuxuda buta verilib. Adam yatıb görüb ki, Ədilə xanım xəsarət alıb, ayılan kimi yuxuda gördüklərini ekspertiza rəyinə yazıb məhkəməyə təqdim edib.
Bu vicdansız, haqsız, Allahsız hökmün arxasında olan hər kəsi həyat, zaman, tarix özü cəzalandıracaq. Atasının siyasi fəaliyyətinə görə qızından belə vicdansızcasına qisas alanlar ədalət mühakiməsinin sərt üzünü görəcəklər, özü də bu düşündükləri qədər uzaq gələcəkdə baş verməyəcək. Ancaq onların ən böyük cəzası Günelin iki körpə balasının ahı olacaq! O ahı eşidən Gözəgörünməzin verəcəyi cəzanın yanında ədalət mühakməsinin cəzası heç gözə görünməyəcək, inanın!