Yastıqdakı və ofşordakı pullar

elman_rustamovElman Rüstəmov xəzinəni harda axtarmalıdır?

Bu ölkədə hökumət təmsilçiləri zaman-zaman etiraflar ediblər və son dövrlər bu etiraflar daha da çoxalıb. Məsələ burasındadır ki, problemi etiraf etsələr də, problemin səbəbini yanlış göstərirlər. Yəni ölkədə korrupsiyanın, süni bahalığın, səhiyyə və təhsildəki geriliyin olduğunu etiraf etməyə məcbur olsalar da, bütün bunların yarıtmaz siyasət nəticəsində yarandığını etiraf edə bilmirlər.

Bugünlərdə Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuata müsahibə verib və bank sektorunda yaranmış problemlərdən danışıb. Baş bankir ölkə vətəndaşlarının pullarını banklarda saxlamadığından şikayətlənib və Amerikadan sitat gətirib: “Təsəvvür etmək çətindir ki, hansısa amerikalı cibində 10-20 dollardan artıq nağd pul saxlayar. Xırda kupyurlar ona çaypulu verməyə lazımdır, bütün qalan ödənişlərini isə bank kartı ilə həyata keçirir. Ona görə də pullar həmişə dövriyyədədir. Azərbaycanda isə yaxşı qazancı olan istənilən şəxsin cibində yəqin ki, azı bir neçə yüz manat tapmaq olar. Üstəlik, daha bir neçə min dolları da hər ehtimala qarşı evində saxlayır”- deyə baş bankir bildirib.

Ardınca Elman Rüstəmov əhalinin pulu konkret harda saxladığını da söyləyib: “Əhalinin əksər hissəsi öz pullarını banklarda yox, evdə, yastığın altında saxlamağa üstünlük verir”- deyə Elman Rüstəmov bildirib.

Göründüyü kimi, yaranmış vəziyyətdə yenə də sadə vətəndaşı günahkar çıxarmaq istəyirlər.

Əvvəla, Elman Rüstəmova belə bir sual vermək istərdik. Vətəndaş banklara niyə etibar etməlidir? Axı, Elman Rüstəmovun nümunə göstərdiyi Amerikada bir gecənin içində vətəndaşa 2.2 milyard zərbə vurulmur. Amerika dövləti 200-300 manat əməkhaqqı alan vətəndaşa 25-30 faizlə kredit vermir. Amerikada banklar iri məmurlara məxsus deyil. Bu ölkədə “Beynəlxalq Bank” nümunəsi var. Bu ölkədə “Texnika Bank”ın rəhbərliyini cinayətkar kimi həbs edirlər, sonra bu şəxslərin əsassız həbs olunduğunu etiraf edirlər. Bu ölkədə siyasi hakimiyyətin qəzəbinə gələn istənilən bank qapadıla, rəhbəri həbs edilə bilər. Yəni gecə-gündüz xalqa bəh-bəhlə təqdim olunan bankın bir gün yerlə yeksan edilməsi mümkündür. Digər tərəfdən, ölkədə qanunlar kağız parçasına çevrilib, məhkəmələr sifarişlə hökm çıxarır. Yəni bankda pulu batan vətəndaşın üz tutacağı, etibar edəcəyi qurum da yoxdur.

Yeri gəlmişkən, Elman Rüstəmov devalvasiyadan əvvəl xalqı arxayın etmişdi ki, narahatlığa əsas yoxdur. Ölkə başçısı dəfələrlə “milli valyuta sabit qalacaq” vədi vermişdi. Amma bir gecədə vətəndaş zərbə aldı və dövlət bu zərbəni kompensasiya etmədi. Ancaq Ukraynada eyni vəziyət yarandı və dövlət vətəndaşın xeyrinə qərar qəbul etdi. Bütün bunlardan sonra, yastıq banklardan daha etibarlı olmamalıdır? Ən azı yastıq adamı aldada bilmir.

Ikincisi, baş bankirə xatırlatmaq istəyirik ki, böhrandan çıxmaq üçün yastıqdakı yox, ofşordakı pulları üzə çıxarmaq lazımdı. Kilolarla brilyant, qutulardakı dollarlar, ofşorlardakı milyardlar, dünyanın müxtəlif yerlərindəki milyonluq məmur malikanələri niyə yada düşmür? Həm də artıq yastıqlar da boşalıb. 2.5 milyon insan yüksək faizlərlə kredit ödəyirsə, nəinki yastıqda pul qalmaz, yastığın özünün taleyi də sual altına düşər. Bəli, yanlış və yarıtmaz siyasət cibləri də, yastıqları da boşaldıb. Kaş, banka pul qoymaqda amerikalıları nümunə göstərdiyiniz kimi, dövləti idarə etməkdə də Amerika hökumətindən nümunə götürəydiz.

İlham

P.S.Yastıqla məsələni həll etmək olarsa, ölkə başçısı sərəncam versin və bütün yastıqlar araşdırılsın. Yastığında pul tapılanlar isə cinayət məsuliyyətinə cəlb edilsin.