Suda boğulan meymunun balası olmaq…

araz-gunduz1Milli Şuranın üzvü Araz Gündüz Ədliyyə Nazirliyinin AXCP-nin son qurultayının nəticələrini tanımaqdan imtina etməsinə münasibət bildirib. Araz Gündüz özünün Facebook səhifəsində yazır:

“Rusiyanın yaşadığım şəhərində maraqlı bir olayla üzləşmişdim. Yaxın bir tanışım şəhərin yaxşı bir yerində “Odna monetka” adında bir dükan açmışdı, işləri də çox yaxşı gedirdi. Sən demə, Peterburqda Azərbaycandan olan başqa bir biznesmenin, artıq çoxdan, “Odna monetka” adlanan bir neçə dükandan ibarət ticarət şəbəkəsi varmış. Görünür, kimsə Peterburqda yaşayan həmən adama burada da bir başqasının bu adda dükan açdığını xəbər verdiyindən, günlərin birində mənim tanışıma o adamdan belə bir məktub gəldi: Ya dükanının adını özün dəyişdir, ya da səni məhkəməyə verib dükanının adını da dəyişdirəcəyəm, üstəlik, mənim ticarət brendimdən yararlandığın üçün, məhkəmə qərarı ilə səndən yüksək məbləğdə kompensasiya tələb eləyəcəyəm. Tanışım hüquqşünaslara gənəşdi, dedilər: onun “Odna monetka” dükanları səndən öncə açılıbsa, sən o addan yararlana bilməzsən, bu qanunla qadağandır. Qanunun işlədiyi bütün ölkələrdə belə bir qayda var və hamılıqla bu qanuna əməl olunur. Bir söz də yadıma düşür: bəlli olduğu kimi adlı-sanlı ticarət markalarının saxtalaşdırılması ilə ən çox geridəqalmış ölkələrdə yararlanırlar, gizli sexlərdə bu markaların yarlıqları yapşdırılmış məhsullar istehsal eləyirlər. İndi eşidirəm, Razi adında bir dönük hakimiyətdən aldığı pulla yan-yörəsinə beş-on adam yığıb bu qarınotaranlar sürüsünü AXCP adlandırmaq istəyir. Azərbaycanın Ədliyyə nazirliyi də qanuni AXCP-nin qeydiyyatını dayandırıb bu iki tərəfi məhkəmə çəkişməsinə yönəldir. Belə bir gülünclüyü dünyanın heç bir sivil ölkəsində görməzsən! Bu ancaq hakimiyət başında oturan infantil şüurlu bir adamın qanunu öz oyuncağı kimi oynatdığı bir ölkədə belə ola bilərdi! Gör dünyanın harasıdır, Məmmədəmin bəyin yadigarı olan ulu partiyanın adına yiyələnmiş bir qəzet də, hakimiyətin bu iyrənc alverinin dəllallığını eləyir. Nə demək olar? Belə yerdə qoca kişilər deyərdilər: görəsən, göydən bu xalqın başına daş yağması üçün daha nə olmalıdır? Mən AXCP-nin yarandığı gündən bugünə kimi, bundan qat-qat artıq, çoxsaylı çətinliklərlə üzləşdiyinin şahidiyəm. Ən maraqlısı, hər belə bir çətinliyi adladıqdan sonra AXCP-nin daha da gücləndiyini və saflaşdığını görmüşəm. Bu dəfə də, AXCP-nin qarşısına çıxan bu iyrənc qurğuları sındıra biləcəyinə, Azərbaycan toplumunun mütərəqqi qüvvələri ilə əl-ələ verib yurdumuzu “arıq eşşəyin yaylağına” çevirmiş bu uzunqulaqlara öz yerlərini göstərə biləcəyinə inanıram. Bütün bunların indi toplumumuzda az-çox özünün simasını, mütəşəkkiliyini və demokratik prinsiplərə sadiqliyini qoruyub saxlaya bilmiş yeganə bir siyasi partiyaya qarşı yönəlməsinin səbəbi də aydındır. Hakimiyyətin talançı, xalqa zidd siyasətinə qarşı təkbaşına dirəniş göstərməyə çalışan təkbir mütəşəkkil siyasi qüvvəni aradan qaldırmaqla iqtidar xalqı yenə biləcəyini düşünür. Ancaq xalqın yanında olan, xalqın haqq işi üçün savaşa çıxan insanların yenilməsi yalnız bu xalq yer üzündən silinəndə olur. Elə isə cənab iqtidar, sözüm sənədir: bu xalqı yer üzündən silməyi bacarmasan onun milli-mənəvi dəyərlərinin, siyasi azadlıqlarının qoruyucu olmaq vəzifəsini üzərinə götürmüş AXCP-ni də məhv elə bilməyəcəksən. Haqq nazilər, üzülməz. Hər şey naziklikdən sınar, ancaq insan razilikdən(rəzillikdən demək istəyirdim) sınar. Hakimiyyətin bugünkü gülünc durumu suda boğulan meymunun davranışını xatırladır: iqtidar, özünün törəməsi olan yırtıcı quldurları ayağının altına qoymaqla ölümdən qurtulmaq istəyir. Qarşıda ayaq altına qoyulacaq meymunlar çox olacaq hələ. Ancaq su gur gəlirsə, yəni xalqın bu iyrənc qurğulara qarşı qəzəbi coşmaqdadırsa, meymuna nicat yoxdur”.