“İndi Akif Çovdarov azadlığın nə olduğunu az da olsa başa düşər”

aqilxelil-fransa3“Akif Çovdarovun zülmü ilə üzləşmiş insanlar indi nə hiss keçirirsə, mən də təxminən eyni hissləri keçirirəm. Amma doğrusu nə hiss etdiyimi dəqiq şəkildə və sözlə ifadə etmək çox çətindir”.

Aqil Xəlil deyib ki, Akif Çovdarovun da üzvü olduğu cinayətkar dəstə ona sui-qəsd edib, şərləyiblər, dostlarından onun əleyhinə ifadə almağa çalışıblar: “Akif Çovdarovun sifarişi ilə hərəkət edənlər, onun bandası hətta boynumuza qoymaq istəyirdi ki, məni ən yaxın dostlarımdan biri bıçaqlayıb. Bütün bunlardan sonra isə məni ölkədən didərgin salıblar. Amma ən çətin situasiyalarda belə ümidimi itirməmişəm. Əmin olmuşam ki, zülm edən bir gün öz layiqli cəzasına çatacaq. Akif Çovdarovun həbsi bu inamımı daha da artırır. İndi Akif Çovdarov azadlığın nə olduğunu az da olsa başa düşər. İnanıram və əminəm ki, günlərin bir günü ədalət Azərbaycanda parlaq və tam qələbə çalacaq. Buna görə də özünüzə yaxşı baxın, özünüzdən muğayat olun”.

Xatırladaq ki, Aqil Xəlil 2008-ci ilin  fevralında Akif Çovdarov və başqa MTN zabiti tərəfindən “Zeytunluq” deyilən ərazidə döyülmüşdü. Bundan sonra Aqil Xəlilə təzyiqlər başlamış və  martda işdən qayıdarkən ürək nahiyəsindən bıçaq zərbəsi almışdı. İyul ayında isə Aqil Xəlil beşinci cəhddən sonra Azərbaycanı tərk etmişdi.

 

moderator.az