Ziyalı bir ailədə böyüyən Çovdarov necə oldu ki, general mundirində quldura çevrildi?
Natiq Güləhmədoğlu
Bir dəfə şəxsiyyətə pərəstiş mövzusunda yazdığım məqalədə bu halı indiki Azərbaycanla Stalinin SSRİ-si konteksində müqayisə eləmişdim.
Stalin hara, İlham Əliyev hara deməyə tələsməyin, çünki bunu sizdən qabaq özüm də vurğulamışdım.
İndi o məqaləyə qayıtmağıma səbəb bir məqama görədir. Yazmışdım ki, o zaman Stalinin şəxsiyyətinə ifrat pərəstiş olsa da, onun dostları, əqidədaşları, bir sözlə, komanda üzvləri də diqqətdən kənar buraxılmamışdı. Onların diri ikən adları müxtəlif istehsal müəssisələrinə, xəstəxanalara, məktəblərə, kəndlərə verilmişdi. Bundan sonra sual qoymuşdum, siz düşünə bilirsinizmi ki, hansısa gözdən uzaq körpüyə Ziya Məmmədovun adı verilsin, yaxud hansısa Yanğınsöndürmə Məntəqəsinin, yaxud müsiqi məktəbinin qabağına Kəmallədin müəllimin sintizatorlu abidəsini qoysunlar? O vaxt sizdən cavab almasam da, dəqiq bilirdim ki, hamınızın cavabı “mümkün deyil” kimidir.
Doğrudan da belə düşünmüşdünüzsə, gəlin birlikdə boynumuza alaq ki, səhv eləmişik.
***
“MTN skandalı” ilə başlayan proses onu göstərdi ki, bizim “şəxsiyyətə pərəstiş” daha praqmatikdir, ondan məmurlar, siyasi elita daha yaxşı bəhrələnir.
Öz aramızdır, Eldar Mahmudovun, Əli Abbasovun, yaxud hələ “cənnət həzzi” yaşayan başqa məmurların nəyinə lazımdır ki, hansısa qotur körpüyə, zavoda onların adı verilsin. Ondansa, lazımı cah-cəlalı təşkil edir də.
Adın əbədiləşdirilməsinə gəldikdə isə, bizimkilər bu sahəni də boş qoymur. Amma bu nominasiya üçün özlərini yox, valideynlərini qabağa verirlər. İctimaiyyətə artıq bəllidir ki, keçmiş icra başçısı Aslan Aslanov girami dədəsinin adını kəndə vermişdi.
Eldar Mahmudovun da atasının adı Naxçıvandakı türk liseyinə qoyulmuşdu, büstü də öz yerində!
Bu gün isə mən başqa bir faktı sizə çatdırım. Baş kəsib ad çıxaran Akif Çovdarov da heç demə, bu mövzuda da zirək imiş.
***
Arxiv materiallarını ararşırarkən, nə görsəm yaxşıdır?
Gürcüstanın Marneuli rayonundakı Alget 1 nömrəli orta məktəbinə də bu adam öz dədəsinin mübarək adını qoyubmuş, heykəlini də bonus olaraq məktəbin həyətində ucaldıb.
Bu gün şefinin atasının büstündən fərqli olaraq, Çovdarovun atasının heykəli etibarlı əllərdədir, onu hələ ki darmadağın eləməyiblər.
İctimai marağı nəzərə alaraq, bu arada sizi Akif Çovdarovun atasının “həyat və yaradıcılığı” ilə tanış etməyi faydalı sayıram. Bu barədə bizə bələdçiliyi Marneuli rayonunun Əzizkənd məktəbinin müəllimi Paşa Nağıoğlunun Gürcüstanda çıxan “Region Press” qəzetinin avqust sayında çıxan məqaləsi edəcək. Paşa müəllimin məqaləsi düşərli olmasa da, Akif Çovdarovun portretini tamamlamaq üçün həmin məqalə işə yarayandır.
***
“Dünyaya bəzən elə insanlar gəlir ki, onlar öləndən sonra da yaşayırlar. Belə insanlar həyatda iz qoyub getmiş insanlar sırasında boyaboy dayanırlar. Kəhkəşanda parlayaraq xalqın və millətin yolunu işıqlandırırlar. Öz ölməz əməlləriylə əbədilik qazanır, yaddaşlarda qalırlar. Belə insanlardan biri də Gorarxı elinin ləyaqətli kişilərindən biri olan Teymurxan müəllim Çovdarovdur”- məqalə, ironik olsa da, belə başlayır və Teymurxan müəllimin həyat yoluna ekskurs edilir.
***
O, 1925-ci ildə Marneuli rayonunun Alget kəndində anadan olub. Sonra kimya-biologiya müəllim olur və 1941-ci ildən müəllim kimi əmək fəaliyyətinə başlayır. 1945-ci ildə onun iş yeri dəyişdirildi, kadr qıtlığına görə onu Əzizkənd 8 illik məktəbinə müəllim göndərdilər. 1950-1952-ci illərdə isə Marneulidə müəllimlik fəaliyyətini davam etdirdi. O, rayonda işləməklə eyni vaxtda Rayon Xalq Maarif Şöbəsinin pedaqoji kabinetinə rəhbərlik edir. 1952-ci tədris ilindən onun iş yeri yenə də dəyişdirilir. Gorarxı 8-illik məktəbinə direktor təyin edirlər. Məktəb orta məktəbə çevrildikdən sonra da direktorluq fəaliyyətini davam etdirir.
O, yaxşı işinə görə 1951-ci ildə “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunub, 1959-cu ilin sentyabr ayında Gürcüstan Respublikasının Maarif Nazirliyi onu “Xalq təhsili əlaçısı” döş nişanına layiq görüb.
1968-ci ildə isə “Fəxri fərman”la təltif olunub. Bir il sonra, yəni 1969-cu ildə Gürcüstan Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Teymurxan Süleyman oğlu Çovdarov Gürcüstanın “Əməkdar müəllim”i fəxri adını daşımağa layiq görülür. T. Çovdarov 1975-ci ildə Alget ixtisaslaşdırılmış sovxozuna direktor təyin edilir. O, bu vəzifədə 1978-ci ilin sonunadək işləyir və səhhətinə görə öz ərizəsi ilə işdən azad edilir.
***
Teymurxan müəllim altı övlad – iki oğul, dörd qız böyüdüb. Qızları Qənirə, Qəribə, Fəridə və Rahilə müəllimədirlər.
Məqalədən sitat: “Oğlu Çovdarov Akif isə Azərbaycan generallarından biridir. Azərbaycanda yaşayır və orada məsul vəzifədə işləyir. Azərbaycanımız üçün, el-obamız üçün, Borçalımız üçün, xalqımız və millətimiz üçün gərəkli oğullardandır. O biri oğlu Asif isə bizneslə məşğuldur. Bəli, əziz oxucular və möhtərəm eloğlular, Teymurxan müəllim kimi ləyaqətli kişinin belə də layiqli övladları olmalıdır.
Teymurxan müəllim 1995-ci ildə, 70 yaşında dünyasını dəyişib”.
***
Məqalə optimist notlarla bitir. Müəllif yazır: “İndi biz – goraxılılar onun anadan olmasının 90-cı ildönümünü qeyd edəcəyik. Nə yaxşı ki, dünyada belə insanlar var, yoxsa dünya yeknəsək görünərdi.
Musa Yaqub demişkən:
Yaxşı adamları az olan yerdə,
Dünyaya adamın yazığı gəlir.
Ancaq mən deyərdim ki, Teymurxan müəllim kimi adamlarıyla dünya sevinir və öyünür”.
İndi isə bizə bəlli deyil, müəllif eloğlularının gün üzünə çıxan yaramaz əməllərindən sonra Teymurxan Çovdarov barədə verdikləri sözü tutacaqlar, ya yox. Fəqət, o şəkk doğurmayan məsələdir ki, bir şəxsiyyət olaraq keyfiyyətləri bizə naməlum olan Teymurxan müəllimin ruhu indi heç zaman olmayacaq qədər narahatdır. General oğlu, onun üçün elə “heykəllər”, “abidələr” ərsəyə gətirib ki, dünya durana qədər onlar dağdan ağır yük kimi bu soyadın – Çovdarovların üzərindən sallanacaq.
Mən Akif Çovdarovdan çox onun müəllimə bacılarının şagirdləri qarşısında keçirdiyi hisslərin dəhşətini düşünməkdəyəm…
