AB Türkiyə ilə danışıqlara başlaya bilər

ab-turkiyeBu il Avropa Birliyi liderləri Türkiyə ilə münasibətləri yenidən qurmağa çalışacaqlar. Prezident Recep Tayyip Erdoğan-la sammit keçiriləcək. Bu barədə «Reuters» agentliyinə AB-nin Genişlənmə üzrə komissarı Johannes Hahn bildirib. Agentlik xatırladır ki, cəmi bir həftə öncə Brüssel Ankarada insan haqlarının durumunu sərt tənqid edib.

Johannes Hahn-ın sözlərinə görə, bu ilin sonunda AB-Türkiyə sammiti nəzərdə tutulur və həmin tədbirdə Avropaya miqrasiya axınını əngəlləmək üzrə razılaşma da imzalana bilər.

«AB-Türkiyə münasibətlərində yeni məqam yaranıb», – deyən Hahn Ankaranın AB-yə üzvlük danışıqlarının da yenidən başlanmasını təklif edəcəyini söyləyib. O, «Reuters»ə noyabrın 18-də müsahibə verib.

«Ən böyük qaçqın böhranıyla üz-üzə qalan Avropa Birliyi bu sammiti ona görə keçirir ki, Türkiyə liderinin AB ilə daha yüksək əlaqələr yaradılması tələbini yerinə yetirsin», – Reuters yazır.

Türkiyənin üzvlük danışıqları 10 ildən artıq davam etsə də, bəhrə verməyib. İndi AB ölkələri anlayırlar ki, Avropayla Yaxın Şərq arasında körpü rolunu oynayan böyük, strateji baxımdan vacib ölkəyə ehtiyacları var. Onlar Erdoğan-ın artan avtoritarizmini görsələr də, miqrant böhranının həllində Türkiyədən vaz keçə bilməzlər. AB Türkiyəyə 2.2 milyon suriyalını ərazisində saxlamaq üçün 3 milyard avro təklif edib.

Hahn deyib ki, sammit Milad bayramından əvvəl baş tuta bilər. Onun sözlərinə görə, Suriyanın şimalında «təhlükəsiz zona» yaradılmasında dair Türkiyənin xahişi daha danışıqlarda müzakirə edilmir.

Bir həftə öncə Avropa Komissiyası illik hesabatında Ankaranı media azadlığına məhdudiyyətləri qaldırmağa, kürd silahlılarla sülh danışıqlarını yenidən başlatmağa çağırıb. Hahn da deyir ki, Türkiyə AB-yə namizəd ölkədirsə, AB standartlarına cavab verməlidir. (azadliq.org)