Həsən Kərimov: «Qərb liderləri üçün İlham Əliyevlə təmas, onunla bir cərgədə oturmaq qəbulolunmazdır»
Azərbaycan Türkiyəninin Antalya şəhərində keçirilmiş “G-20″ toplantısına qatılsa da, bu görüş ölkəmizin xarici siyasəti baxımından heç də uğurlu sayıla bilməz. Çünki, ev sahibi Türkiyə istisna olmaqla, Azərbaycanın dövlət başçısının bu sammitdə ikitərəfli görüşü baş tutmadı.
Hökumət qəzetləri də elə dövlət və hökumət başçılarının xatirə şəkli çəkdirdiyi zaman ABŞ prezidenti ilə I.Əliyevin görüşməsini tirajlamaqla məşğuldurlar. Bu təması isə sırf formal xarakterli görüşmə saymaq olar.
O zaman ortaya sual çıxır: nəyə görə Qərb ölkələrinin liderləri I.Əliyevlə təmaslardan yayınır? Onu da bildirək ki, bəzi məlumatlara görə, hakimiyyətin Qərb ölkələri ilə I.Əliyevin görüşünü təşkil etməsi üçün cəhdləri uğursuz olub.
AXCP Ali Məclisinin sədri Həsən Kərimov bildirdi ki, I.Əliyevin “G-20″-yə dəvəti Ərdoğanla Azərbaycan hakimiyyəti arasında olan bir razılaşma idi: ”Obamanın Ilham Əliyevlə görüşməsi beynəlxalq etiket qaydalarına uyğun olan bir addım idi. Obamanın Ilham Əliyevlə “G-20″ sammitində hər hansı görüşü planlaşdırılmamışdı. Sadəcə olaraq beynəlxalq təşkilatların nümayəndələri, görüşdə iştirak edən dövlət başçıları Azərbaycandakı insan haqlarının durumunu, demokratiyanın vəziyyətini, Ilham Əliyevin qanunlara necə əməl etmələrini yaxşı bilirlər. Ona görə də Qərb liderləri üçün Ilham Əliyevlə təmas, onunla bir cərgədə oturmaq qəbulolunmazdır”.
H.Kərimov onu da bildirdi ki, hakimiyyətin nəzarətində olan mətbuat uzun müddətdir ABŞ və onun dövlət başçısını sərt tənqid etsə də, “G-20″ sammitində baş verən bir neçə saniyəlik görüşü geniş təbliğ edir.
Xəyal