“Xarici şirkətlər ölkədən köçməyə məcbur olacaqlar”

azer mehtiyevÖlkədə bir çox istehsal sahələrində işlər getdikcə zəifləyir. Hətta ölkədə böyük istehsal gücünə sahib olan şirkətlər də qeyd edirlər ki, ziyanla işləyirlər. Tikinti sahəsində işçilər maaşların verilməməsindən narahatçılıqlarını ifadə edirlər. Ekspertlərin fikrincə ölkdə fəaliyyət göstərən investorlar yaxın vaxtlarda ölkədən gedə bilərlər. Bu ölkəyə daxil olan gəlirlərin azalması fonunda zəruri addım ola bilər.

Mövzu ilə bağlı Deyerler.org-la fikirlərini bölüşərkən iqtisadçı ekspert Azər Mehdiyev Azərbaycanda istehsalla işləyən iri şirkətlərin belə ziyanla işləməsinin iki mühüm səbəbin olduğunu bildirib: “Birincisi fevral ayında həyata keçirilən devalvasiyadır. Bu prosesdən sonra inflyasiyanın qarşısının süni şəkildə alınması həmin şirkətlərə devalvasiyanın təsirlərini aradan qaldırmağa imkan vermədi.

Digər bir səbəb isə, ölkəyə gələn neft gəlirlərinin kəskin azalması ilə bağlıdır. Hökumət tərəfindən əvvəlki qədər dövlət sifarişi yoxdur. Dövlət sifarişi və vəsaiti ilə işləyən bir çox şirkətlər fəaliyyətini məhdudlaşdırdı və ya tamamilə dayandırdı. İnsanların alıcılıq qabiliyyətinin aşağı düşməsi də bütün şirkətlərin işinə birbaşa mənfi təsir göstərməyə başlayıb.

Qarşıdan gələn dövrdə sadəcə iş yerlərinin ixtisarının artdığını görürük. Hətta bəzi şirkətlər işçiləri öz hesabına məcburi şəkildə məzuniyyətə buraxır. Bir çox şirkətlərdə əmək haqqılarının azaldılmasına rast gəlinir. Bu da ölkədə iqtisadi fəallığı azaldan bir amilə çevrilir. Bu proses ticarətin səviyyəsinə və dövriyyəsinə təsir göstərir. Bu gedişlə bir çox şirkətlərin fəaliyyətlərinin tamamilə dayandırması mümkündür. Qeyri-neft sektorunda işləyən xarici şirkətlərin çoxu yerli məmurlara aiddir. Bu şirkətlər də fəaliyyətlərinin azaltmağa və ya başqa ölkələrə köçürtməyə məcbur olacaqlar”.