pul-korrupsiya

Toxunulmaz sahibkar – məmur

pul-korrupsiya

Məmurların biznes fəaliyyəti barədə çox yazılıb, çox danışılıb. Maraqlısı odur ki, hansısa məmurun vəzifəsindən sui-istifadə edərək özü və ya ailə üzvləri üçün şəxsi biznes qurduğu barədə yazıb, danışdıqca bu məmurun biznesi daha da inkişaf edir. Elə bil dövlət orqanları bu məlumatları eşitdikcə, vətəndaşlara acıq verirmiş kimi belə məmurların biznesinin inkişafına daha çox təkan verirlər.

Belə məmurlardan biri də Sabirabad rayon Meliorasiya idarəsinin rəisi Əliş Talıbovdur. Əliş müəllim barədə oxucularımıza bəzi məlumatlar vermişik. Xatırladaq ki, Əliş Talıbov uzun müddət Bəndatma idarəsinin rəisi olub. Bu müddətdə Əliş müəllim özü üçün hektarlarla yararlı torpaq sahəsinə sahiblənib, heyvandarlıq ferması yaradıb. Bəndatma idarəsinə rəis təyin olunduqdan sonra isə biznesini genişləndirmək üçün rayonun mərkəzində “Şirvan” kafesi inşa etdirdi və bir neçə obyekt də tikdirib icarəyə verdi. Mərkəzdə inkuvator sexi açdı. Keçmiş TREST idarəsinin 8 nömrəli texniki təsərrüfatın torpaq sahəsini də özününküləşdirdi.

Diqqətinizə çatdırım ki, Əliş Talıbovun rəhbər olduğu Bəndatma və Meliorasiya Idarəsi çox gəlirli idarədir. Əliş müəllimin fermer təsərrüfatının bu cür inkişafında, şəxsi biznesinin sürətlə böyüməsində rəhbər olduğu idarənin 70-100 min manatlıq bahalı texnikası və canlı qüvvəsindən şəxsi əmlakı kimi istifadə edir.

Illərdir Qarabağ qazisi kimi Sabirabad rayon icra hakimiyyətinə müraciət edərək, kiçik bizneslə məşğul olmaq üçün 5-10 kvadrat torpaq sahəsini və ya 3-4 sot həyatyanı torpaq sahəsini ala bilmədiyimiz halda, Əliş Talıbov kimi məmur, hektarlarla torpaq, onlarla biznes obyektlərinə sahibdir. Bu ölkədə adət alan bir faktda var ki, əgər kimsə məmurdursa, yaxınları da məmur olmalıdır və bütün bizneslər də bu məmurların özlərinə, ailələrinə məxsus olmalıdır.

Diqqətinizə çatdırım ki, Əliş müəllimin oğlu Vüsal Talıbov da özü kimi çox yaxşı gəlir gətirən idarələrin birinə – Sabirabad rayon ünvanlı sosial yardım idarəsinə bir neçə ildir rəhbərlik edir. Yəqin ünvanlı yardım idarələrinin əksəriyyətində nələr baş verdiyini hamı çox yaxşı bilir. Əliş müəllimin oğlu Vüsalın da 100-120 min manat dəyərində avtomobil idarə etdiyinə nəzər salsaq, hər şey aydın olar. Nazir Səlim Müslümovun şöbə müdiri Vüsal Talıbova qayğısının nəticəsidir ki, o, “maaşla” 100-120 min manatlıq avtomobil alır…

Bu ölkədə əsas sahibkarlıq, biznes fəaliyyətləri məmurlara və yaxınlarına aid olduğunu nəzərə alsaq, Prezidentin də son günlərdə sahibkarlıqla məşğul olanlara dəstək nümayişindən sonra yəqin ki, Əliş Talıbov kimi məmurların şəxsi sahibkarlıq və biznes fəaliyyətləri daha da sürətlə inkişaf edəcək. Vergilər Nazirliyinə və korrupsiya idarəsinin əməkdaşlarına xatırladım ki, bundan sonra da sadə vətəndaşların kiçik sahibkarlıq və biznes fəaliyyətlərini yoxlamaq üçün qapılarını tez-tez döyməkdə davam etsinlər…

Zaur Ağayev,

hüquq müdafiəçisi