Prezident və xalqın dinlənmək dərdi

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

…Xalqdan fərqli olaraq, Ilham Əliyev öz məsələsini həll etdi. Özünün  və yaxınlarının telefon danışıqlarını dinləyənlərin başına sözün əsl mənasında oyun açdı. Obrazlı desək, hazırda  təcridxana divarlarını  “çekist” və rabitəçilərin “kaş anadan kar doğulaydım” ah-naləsi bürüyüb. Hətta elələri var ki, buraxın  kar doğulmağı, sizi əmin edirəm ki, bu saat onların arasında anadan doğulmasına belə peşman olanlar var. Halbuki, onların hər birinin… nəticəsinə belə bəs edəcək miqdarda  bitib-tükənməyən sərvəti var idi.

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun mətbuat səhifələrini bəzəyən fotoların yəqin ki, hamınız görmüsünüz. Enli sifəti, özündən son dərəcə məmnun baxışları yəqin ki, diqqətinizdən yayınmayıb. Sanki bu fotoların hamısı  ona xoş bir sürpriz edilən zaman çəkilib. Bir az da təxəyyülə güc versək, sanki keçmiş nazir fotoqrafın obyektivinə yox, ona bahalı hədiyyə verən şəxsə baxır. Daha aydın olsun deyə, təsəvvür edin ki, dostlarla restoranda oturub yeyib-içirsiniz, hesab vermə zamanı ofisiant gəlib  deyir ki, hesabı adını deməyən bir şəxs  ödəyib gedib. Bir-iki variant ağlına gəlsə də tapmaqda çətinlik çəkirsən və eyni zamanda da məmnunsan.  Belə “çətinliyin” verdiyi “əzab”lı baxış Eldar Mahmudovun sifətində daimi idi.

Təkcə Eldar Mahmudovunmu? Siz qatılmaya da bilərsiniz, amma mənə elə gəlir ki, ölkədə bir kəsim var ki, get-gedə fiziki ölçüsünə və üz cizgilərinə görə məsləhətsiz dərəcədə bir-birinə… oxşamağa başlayıb…

Söhbətə qayıdacağıq, hələlik isə, keçək “dinləmə” dərdi olan  ikinci tərəfə, yəni doqquz milyonluq xalqa. Ilham Əliyevdən fərqli olaraq, onları  kimsə dinləmir.

Dinləmək gözəl bir ifadə idi, əfsuslar olsun ki, recim onun da zayını çıxardı. Daha dəqiq desək, çoxdan zayını çıxarmışdılar, məlum olaydan sonra bu artıq təhlükəli bir terminə çevrilib.

Təsəvvür edin ki, Ilham Əliyev müşavirədə nazirlərə xitabən “məni dinləyirsinizmi” deyə sual verir. Zaldakı vəziyəti özünüz təsəvvür edin. Yəqin ki, yaxın gələcəkdə bu ritorik sualla başlayan siyasi lətifələr də yaranacaq…

Prezidentin bölgələrə səfəri zamanı tərtib edilən ənənəvi protokol qaydalarından biri də onun yerli sakinlər və ictimaiyyətlə ayaqüstü görüşüdür. Heç kimə, əminəm ki, prezidentə də sirr olmasın gərək, bunlar təsadüfən seçilmiş müxtəlif təbəqələrdən olan vətəndaşlar deyil. Onların hamısı həmin rayonun vəzifəli şəxsləridir. Bələdiyyə sədri, “sobes” müdiri, məktəb direktoru, baş mühasib, ən aşağısı “prorab” dediyimiz, iş icrasısından ibarət dəstə rayonda hər şeyin qaydasında olduğunu bəyan edir və prezidentə sonsuz təşəkkürlərini bildirirlər. Hətta bəzi bölgələrdə bu, müxtəlif və qeyri-ənənəvi üsulla, məsələn, aşıqlarin sazla yola verməsilə müşahidə olunur.

Zaman-zaman vətəndaşlarımızın əlahiddə şəkildə məqsədinə nail olmaq üçün ən ağlasığmaz, çox vaxt faciə ilə nəticələnən cəhdlərinə şahidlik edirik. Kimi özünü yandırır, kimi ağzını tikir, kimi intihar etmək məqsədi ilə hündür evlərin damına, körpüyə çıxır. Zavallı soydaşlarımız ona edilən haqsızlılğı yuxarı instansiyaya çatdırmaqla ədalətin bərpa olunacağına ümid edir.

Və kimsə onları dinləmir.

Bəli əziz oxucu, Ilham Əliyevlə müqayisədə (!) xalqın problemi daha ağırdı. Konkret bir nazir, bir komitə sədri, bir prokuror, bir icra başçısı, bir polis rəisi olsaydı nə vardi ki…

…Bu gün böyük bir məddah ordusu MTN-in ifşası ilə ölkədə ədalətin bərpa olunduğunu bayram edir. Məntiq də budur ki, iqtidar illərdir dinləndiyindən rahatsız olduğu üçün…  xalqa bir gün ağlaya bilmirmiş. Ucadan səslənməsə də, bu gün hər kəsi, o sıradan iqtidarı da düşündürən bir sual var: – Vəziyyət belə davam edəcəkmi?.

Bir  gün xalq özü bunları dinləməyə qalxmayacaqsa, bəli!..