Bu məqalə bir üzrxahlıqdır, sürünənlər və hörümçəkkimilər sinfinin könlünü almaq üçün ərsəyə gətirilib
“Eldar Mahmudov və bandası” barədə hər gün ağıla gələn və gəlməyən skandallarla tanış oluruq. Fikir veririksə, “banda”nın cinayətləri barədə daha çox və bir zaman onların buyruğundan duran, sözlərini deyən mətbuat orqanları cənfəşanlıq edir.
“Eldar Mahmudov və bandası” barədə riyakar, xəyanətkar, “vəhabi terrorçu”, maşın-insan alverçisi yazılmaqdadır. Hələ bunlar azdır, daha səs-küylü xəbərlərə hazır olun. “Banda” barədə ən çirkin, ən yaramaz məqalələr bir azdan nümayişə çıxarılacaq. Qocaman AzTv hələ öz sözünü deməyib. Yəqin, “banda” barədə fundamental sənət əsəri AzTV-nin mavi ekranından bizə boylanacaq.
Özü yıxılan ağlamaz
O el məsəlimizdə nə deyilir: gen qaz, dərin qaz özün düşəcəksən. İndi “banda”nı öz “balaları” yeyib bitirir, rüsvay edir. MTN-nin xeyir-duası ilə illərdir Azərbaycanda nə qədər insanın şərəf və ləyaqəti ayaqlar altına atılıb. Bu orqanın nəzarətində olan “iki eşşəyin arpasın” bölə bilməyənlər ən çirkin, ən yaramaz metodlarla insanların həyatını məhv edib. Siyasətçi, ekspert, jurnalist qılafına girən o çuğulların bəzisi indi qınlarına çəkilsə də, bəziləri öz mənəvi atalarını rüsvay eləmək yollarında ağır əmək verirlər.
Tarix öz xasiyyətini dəyişməyib; necə ki vaxtı ilə Fransada adamları edam etmək üçün Gilyotini icad edən İosif İqnak Giyotinin özü bir gün elə həmin o alətlə o dünyaya yolladılmışdı, “milli banda”ya görə də tarix adətinə xilaf çıxmadı. MTN zabitləri də başqalarını şərləmək üçün icad elədikləri, pul-para ilə ərsə gətirdikləri şəbəkələrin qüdrəti ilə rüsvayi-cahan edilirlər. Sadəcə fərq ondadır ki, həbsə atılan MTN-çilərə indi nə atsan yapışır. Hətta onlar barədə deyilən böhtanlar xalq kütlələrindən sürəkli alqışlar qoparır.
Azərbaycanda məmur işin niyə itirir?
“Mahmudov və bandası”nı bədnam edən məqalələrin, çıxışların təqdir görməsini hökumət sözçüləri qəsdən başqa yerə yozurlar. Deyirlər, bu cür şeylər onu göstərir ki, İlham Əliyevina addımları xalq tərəfindən dəstəklənir, prezidentin düz yolda olduğunu təsdiqləyir.
Heç şübhəsiz ki, Mahmudov kimilərin dövlət postunda oturması böyük qəbahət idi, onlardan dövlət aparatının təmizlənməsi müsbət addımdır. Ancaq böyük sual odur ki, İlham Əliyevin guya yerdə qalan, hələ də vəzifəsini icra edən o biri məmurları fərəzan gündədilər ki?
Xalqa nümunə kimi göstəriləcək, rüşvətə batmayan, kasıbın, arxasızın haqqını yeməyən heç olmaya bircə belə nazir, məmur varmı?
Vəzifəsini yarıtmayan məmur işdən çıxarılmalıdır, bu sözsüzdür, ancaq bizim üçün hələ də qaranlıq qalır; Əliyev rejimi hansı halda məmuru işdən qovur, dama salır? Rüşvətə görəmi? Ola bilməz! Qanunun aliliyinə hörmət bəsləmədiyinə görəmi? Mümkün deyil! Vətəndaşla saymazyana rəftar üçünmü? Bu nağıl olardı!
İctimai rəydə bərkimiş fikir ondan ibarətdir ki, məmurlar “ümumi katyol”a qarşı əli-əyrilik edəndə qəzəbə düçar olurlar, qalan bütün hallar dözüləsi, yola veriləsidir, hətta bunlar iş prinsipidir. “Ümumi katyol”a qarşı məmurların sədaqətli olması, kölə itayətkarlığı göstərməsi isə azərbaycanlılara müsbət heç nə vəd edə bilməz. Nə qədər bu yanaşma dəyişməyib, İlham Əliyev rejimi gündə min məmuru dara çəksə də, özünə rəğbət yaratmayacaq.
Sevinməyə tələsməyək
Amma gəlin, biz öz dərdimizə ağlayaq, Əliyev rejiminin imicini qoy zahidoruclar, siyavuşnovruzovlar fikirləşsin.
İndi günümüzün vacib sualı budur: baş verən bu hadisə sistemin başqa məmurları üçün, xüsusən o adamlar üçün ki zəli kimi xalqın qani ilə təmas qurub, haqqın ağzına daş basmaqla ev-eşik, sərvət sahibi olurlar-bax bu adamlara ibrət olacaqmı? Bu barədə bəndəniz pessimistdir. Pessimizim də praktikaya söykənir. Çünki hələ, tarixdə baş verənləri, “Azadlıq”da illərdir MTN zabitlərinə və məmurlara öz vəzifə məsuliyyətlərini xatırladan yüzlərlə məqaləni qoyuram qırağa, özüm mayda “Azərbaycan Saatı”nda Çovdarovun dəstəsinə xitabən 5 dəqiqəlik çıxış etmişdim (5 may 2015, burdan videonu izlə http://bit.ly/1WXihxM) . Nə faydası?
İnsanın elə bir həddi var ki, ora çatanda onu səhv (cinayət) eləməkdən nə yazı saxlaya bilər, nə də hər hansı nəsihət. İndi gün işığına çıxan MTN cinayətlərini oxuyanda, hətta bizim nə qədər sadəqəlb olub ordakı quldurlara tövsiyə verdiyimiz gülməli görünür. Elə bil sən korridada nəzarətdən çıxan öküzə Füzulinin qəzəllərindəki məziyyətdən söz açırsan. Fəqət, gəlin yenə də bir cəhd edək. “Azərbaycan Saatı”ndakı həmin çıxışı “Azadlıq”ın oxucuları üçün paylaşıram. Ümid azdı, ancaq, Molla Nəsrətddinin sözü olmasın, “gör indi bu məqalə tutsa nə olacaq”. Bəribaşdan ilan və əqrəbləri Akif Çovdarovun, Eldar Mahmudovun ayağına verdiyimə görə sürünənlər və hörümçəkimililər sinifinin bütün nümayəndələrindən üzr istəyirəm. Yazını oxuyanda, səbəbini görəcəksiniz.
MTN-də ilan və əqrəblər?
“Milli Təhlükəsizlik” adlanan nazirlik çox qəribədir ki, Cəmil Həsənlinin dediyi kimi, “Milli Təhlükə”yə dönüb. Biz son illər bu naziriyin adı ilə bağlı nə qədər ürəkbulandıran hadisələrə şahidik. İki il əvvəl NİDA-çı gənclər tutulanda onlara MTN-də verilən insanlığa zidd işgəncələr hamımızı heyrətləndirmişdi. Eləcə də bir neçə il əvvvəl Naxçıvan MTN-də döyülüb öldürülən və sonra bu qanı batırmaq üçün ailəsinin başına oyun açılan “Turac Zeynalov skandalı” yaddaşlarımızdadı.Təxminən 3 il əvvəl isə türmədən Bəhlul Muradov adlı şəxs məktub yazıb yollamışdı ki, vaxtı ilə MTN-in antiterror mərkəzi ona AXCP sədri Əli Kərimlini öldürməyi tapşırıbmış.
***
MTN-im təcridxanasında saxlanan dindar məhbuslara verilən işgənclərdən də xəbərdaram və imkanım var ki, onlar barədə sizə saatlarla danışım. Danışa bilərəm, amma sizin o dəhşətləri dinləmək üçün gərək ürəyiniz daşdan olsun. Bütün bu hadisələri adam eşidəndə, oxuyanda bir anlıq düşünür ki, görəsən doğrudanmı bu nazirlik millidir? Doğrudanmı orda işləyənlər qanı qanımızdan, canı canımızdan olan adamlardı yoxsa, əqrəblər, ilanlardır?
Girib rəsmi məlumatlara baxırsan görürsən yox, zənndə yanılmısan, orda işləyənlər nə əqrəb, nə ilandılar, heç mikoyanlar, şamuyanlar da deyil. Məmmədov, Əliyev, Vəliyev familiyalı azərbaycanlılardı. Bəs bu insanlar niyə 37-ci ilin istintaqçılarından ancaq adları ilə fərqlənirlər?
Niyə xalqımızın düşünən, onun gələcəyini firavan görmək istəyənərə qarşı düşmən kimi davranırlar ? Ən qəribəsi bilirsinizmi nədir?
***
MTN-də müxalifətə, ümumən azad düşüncəli insanlara qarşı qara işləri, anti-terror adlı idarə həyata keçirir. Diqqət edin, MTN qanunla fəaliyyəti qadağan edilməyən siyasi quruluşlara, sərbəst düşüncəli insanlara ancaq hakim rejimi bəyənmədiyi üçün terrorçu kimi baxırlar. Terroru hərfi mənada başa düşsək onlar heç də yanılmırlar. Terror tərcümədə qorxu, dəhşət deməkdir. Ola bilsin ki müxalifətin varlığı çekstlər üçün qorxu dəhşət anlamındadı. Ancaq MTN hazırkı fəaliyyəti ilə, yəni milliləşə bilməməklə,”KQB” obrazında qalmaqla özü bir əsas qorxu mənbəyidir.
***
Çox təəssüf ki beynəlxalq anti-terror koalisiyasında yer alan Azərbaycan müasir dünyanın terror əleyhinə olan texniki vasitələrini də mənimsəyərək öz vətəndaşlarına tətbiq edir. Sadəcə belə vəziyyətdə sual yaranır ki, adi, sıradan bir müxalifətçini zərərsizləşdirmək işi də MTN-ə həvalə olunubsa bəs onda sayı bir milyona çatan Yeni Azərbaycan Partiyası nəyə gərəkdir ? Axı normalda müxalifətlə fikir davası aparan, onunla polemikaya girərək tərk-silah edən siyasi institut yeni azərbaycan partiyası olmalıdır. YAP bu işi bacarmırsa yaxşı olmazdımı ki onu ləğv edib elə MTN-i partiya elan eləsinlər ? Amma iş burasındadır ki siyasi və ümumi dünya görüşünün yüksəkliyi baxımından milli çekistlərimiz də sıravi yapçıdan fərqlənmir. Kimin imkanı varsa, dediklərimi əyani olaraq özü yoxlaya bilər.
MTN-ə necə işə girməyin bir yolu ötən il ABU rektoru Elşad Abdullayevin gizli videolarından birində üzə çıxmışdı. O videoda bir məsul şəxs Elşad Abdullayevə 15 min manat müqabilində hansısa qohumunu MTN-nə işə götürməyi təklif edirdi. Düşünürsüzmü, bu necə böyük fəlakətdir ? 15 minə, lap 35 minə MTN-də işə girmək mümkündürsə Azərbaycanın düşməni olan dövlətlərin bu qədər pula öz adamlarını xüsusi bir idarəyə yerləşdirməsi niyə çətin olsun ki? Bax indi bu cür təhlükə ilə üzbəüzük.
***
Təhlükəsizliyimizə cavabdeh olan insanlar özü təhlükə mənbəyimizə dönüb. İndi mən hörmətli çekistlərdən, gündəlik işlərdən, tapşırıqlardan əlavə bir neçə saata da yaşadığımız dövrə nəzər salmağınızı xahiş edirəm. Macal tapın arada bir hansı ölkədə yaşadığınızı, bu cəmiyyəti məhvə aparan sistemi də düşünün. Sizin əlinizdə düşünmək üçün çoxlu materiallar olmalıdır. Görün, işlədiyiniz təşkilat təmsil olduğunuz xalqın necə qəsdinə durub. Xalqın say seçmə oğullarını necə məhv edir, sındırır ləkələyir. Yaxud, siz doğrudanmı bu cür antixalq əməliyyatlarında yer almaqdan məmnunsuz? İşdi kəsə yoldan düşünsənizsə ki əlinizin altında müxtəlif imkanlar var, gələcəyə heç bir bəd əməliniz qalmayacaq. Burda da yanılırsınız. Tək bir örnək verəcəm. Qabiliyyəti sizdən çox çox üstün, staji- postu sizdən çox çox böyük olan sovet “KQB” əjdahası Beriya heç bunu bacarmadı. Ona da elə gəlirdi ki keçmişini yaxşıca silib-süpürüb. amma olmadı, bütün cinayətlər iz buraxır. Çalışın, cinayətdə rol almayın. İllah da o cinayət xalqın say seçmə nümayəndələrinə qarşıdırsa.