3 terrorçu öldürüldü, ələ keçdiyini görən «canlı bomba» özünü partlatdı
Fransada fövqəladə vəziyyətin 3 ay davam etməsinə qərar verildi
Bu gün səhər saatlarından Fransanın paytaxtı Parisdə antiterror əməliyyatı başladılıb. Parisin Sen-Deni rayonundakı “Rue de La Republique” küçəsində keçirilən əməliyyata havadan helikopterlə dəstək verilib. Polis 13 noyabr terrorunun bəzi iştirakçılarının bu küçədəki binaların birində gizləndiyi barədə məlumat alan kimi hərəkətə keçib.
Ərazidə nəqliyyatın hərəkəti dayandırılıb, bəzi sakinlər başqa ünvanlara köçürülüb, məktəblər qapadılıb, insanların küçəyə çıxmasına qadağa qoyulub.
Polis şübhəli ünvana basqın etsə də, mənzildəki 6 terrorçu təslim olmayaraq uzun müddət müqavimət göstərib. Terrorçular “Kalaşnikov”dan atəş açmağa başlayıblar.
Fransa polisi əməliyyat zamanı iki nəfərin öldürüldüyü, bir qadın terrorçunun isə özünü partladığı barədə məlumat yayıb. Qadının üzərində bütün bədəninə bağlanmış partlayıcı qurğu aşkarlanıb. Polisin bildirdiyinə görə, bu, Fransa tarixindəki ilk qadın kamikadzedir.
Atışmada 5 polis əməkdaşı yaralanıb. Fransa Prokurorluğu 3 nəfərin həbs olunduğu barədə məlumat yayıb. Onlardan biri yaralı vəziyyətdə xəstəxanaya aparılıb.
Ərazidə daha iki nəfər saxlanılıb ki, polis onların da terrorçularla əlaqəsinin ola biləcəyini düşünür.
Terrorçuların sığındığı mənzilin sahibi də ifadə vermək üçün polisə çağırılıb. Ev sahibi həmin şəxslərin terrorçu olduğunu bilmədiyini deyib.
Həbs olunan terrorçuların hamısı paytaxt polisinin antiterror idarəsinə aparılıb.
Əməliyyatın əsas hədəflərindən biri Paris terrorunun təşkilatçısı Abdelhamid Abuaudu idi. Lakin onun Suriyaya qaçdığı ehtimal olunur. Hazırda Abuaud barəsində beynəlxalq axtarış elan olunub.
Əməliyyatın şahidlərindən biri yuxudan silah səsinə oyandığını deyir: “Silah və partlayış səsinə oyandım. Terrorçular müqavimət göstərirdi. Polis də fasiləsiz atəş açırdı. Hara qaçacağımızı bilmirdik. Oğlumla birgə təşviş içində idik. Partlayışdan evimizin tavanından toz çıxırdı. Qışqırdım ki, əgər polisdənsinizsə, xahiş edirəm, kömək edin. Mən uşağımlayam. Amma onlar durmadan atəş açırdılar”.
Parisdəki antiterror əməliyyatı ilə bağlı baş nazir Manuel Vals və ölkənin daxili işlər naziri Bernar Kaznev Yelisey Sarayında bir araya gəliblər. Onlar son hadisələrlə bağlı prezident Fransua Ollandla müzakirələr aparıblar.
Görüşdən sonra Olland açıqlama verərək dünən gecədən etibarən Fransada fövqəladə vəziyyətinÿüç ay uazadıldığını elan edib: “Bu yaşananlar göstərdi ki, terror bizə savaş açıb”.
Fransa prezidenti heç bir halda geri çəkilməyəcəklərini, əksinə, əməliyyatları daha da intensivləşdirəcəklərini bəyan edib: “Fransanın nəsillər boyu təmsil etdiyi azadlığı, dəyərləri hədəf alınıb. Çünki Fransa canlılığı, comərdliyi, azadlığı və həyatı təmsil edir. Çox sıx duyğular içərisindəyik. Hər kəs bu təcavüzkarları zərərsizləşdirmək istəyir. Suriyadakı əməliyyatlardan geri çəkilməyəcəyik. Əməliyyatlarımız daha intensiz şəkildəÿdavam edəcək.ÿFövqəladə vəziyyətÿbu gecədən etibarən daha üç ay davam edəcək”.
Gültəkin