“Bizim qızlar gözəldir…”

azad-qadinAzad və cəsur TÜRK QADINIna ithaf

MÜƏLLIFDƏN: Bu məqalə azad TÜRK QADINI – Azərbaycan qadınını vəsf etməkçün yazıldı. Bu məqaləni hər dəfə 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində ərsəyə gətirməyi nəzərdə tutduqsa da, alınmadı. Nəhayət, 17 Noyabr – Milli Dirçəliş Gününə təsadüf etdi… Uğrunda Azərbaycan Qadınının da misilsiz fədakarlıq göstərdiyi bir gün!  Elə bu münasibətlə məqaləmizi mübariz Azərbaycan qadınlarına iftixarla təqdim edirik.

III yazı

Islam dünyasında qadın azadlığı problemindən söhbət açanda şübhəsiz ki, ağla ilk gələn hicab və ya çadra olur. Bu problem XIX-XX əsrlər arasında Azərbaycanda nə qədər aktual idisə, bu gün də diqqət çəkir. Qadının hicab və ya çadra örtməsi vacibdir, ya yox? Bu suala hələ də mübahisə doğurmayan cavab verilməyib. Kimi “Quran”da hicabla bağlı qəti qərarın olduğunu, kimi isə, ümumiyyətlə, “hicab” sözünün qadınların baş örtüyünə işarə olmadığını söyləyir. Kimi hicabın vacib olduğunu, kimi isə Islamda məcburiyyətə yol verilmədiyini bildirir.

Ümumiyyətlə, Islam dünyasında bir çox məsələlərdə vahid mövqe olmadığı kimi, qadın geyiminə münasibətdə də baxışlar ziddiyyətlidir. Iranda qadının saç və bədəninin, əl və üzünün görünməsinə icazə verilirsə, Səudiyyə Ərəbistanında isə qadınlar başdan-ayağadək çadra ilə qapadılır. Qadını islami qaydada geyinməyə vadar etməyə gəlincə isə, məsələn, Iran din xadimlərinin bununla bağlı kişilərə məsləhəti də təzadlıdır: “Hicaba məcbur edə bilməzsən, ancaq hicabsız evdən çıxmasına icazə verməyə bilərsən”… Bu da öz növbəsində, “Islamda zor yoxdur” və ya “Islam humanist dindir” kimi sülhpərvər çağırışların cəlbediciliyini azaldır.

“Quran”da isə bu məsələ ilə əlaqədar “Əhzab” surəsinin 59-cu ayəsinə istinad edilir: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu, onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!”

Əlbəttə, burada “bədəni başdan-ayağa gizlədən örtük” dedikdə, təsəvvürə çadra gəlir. Eyni zamanda, müasir dünyada qadınların çadra ilə örtünməsinə səbəb qalmadığı da ortaya çıxır… Çünki, istinad edilən ayədə aydın şəkildə izah edilir ki, örtük azad qadını cariyədən fərqləndirmək üçün tətbiq olunur… Cariyə isə bildiyimiz kimi, keçmiş zamanlarda özgə ölkələrdən zorla qaçırılaraq azadlıqdan məhrum edilən, pulla alınıb-satıla bilən, hər cəhətdən sahibinin arzularına tabe olan qız və ya qadın deməkdir. Bəs, bu gün quldarlıq zamanıdırmı ki, azad qadınlar da cariyələrə oxşamasın deyə, başdan-ayağa çadraya bürünsünlər? Bu baxımdan, bizcə, hicabla bağlı məsələyə də aydınlıq gəlmiş olur…

Müşahidələr göstərir ki, hicab və ya çadranın namus simvolu kimi qələmə verildiyi teokratik cəmiyyətlərdə həmin örtüklərlə sadəcə “fiziki qüsurlar” örtülür, mənəvi qüsurlar isə açıqda qalır… Yəni əsil əxlaqi-mənəvi və insani dəyərlər mənimsənilmir, təlqin edilmir. Riyakarlığın, saxtakarlığın, despotizmin, mütiliyin baş alıb getdiyi həmin cəmiyyətlərdə kim əxlaq normalarına riayət edər?

Yaxud tarixi təcrübə göstərmirmi ki, yalnız öz əxlaq sisteminə və dəyərlərinə güvənməyən ölkələrdə cəmiyyət qapalı hala salınır. Məsələn, kommunist rejimli SSRI belə ölkələrdən idi. Bu rejim öz ideologiyasına əmin olmadığından cəmiyyəti total nəzarət altında saxlayırdı. Bəs, siyasi islamın bərqərar olduğu ölkələrə nəzərən, deyə bilərikmi ki, bu gün məhz öz əxlaqına güvənməyən cəmiyyətlər çadraya bürünür? Axı, bu ölkələrdə də hicab və çadranın məcburi tətbiqi, əslində cəmiyyətin sərbəstliyini məhdudlaşdırmağa, deməli, kütlələri daim təhdid altında saxlamağa xidmət edir. Bu gün belə ölkələrin Azərbaycana dini-siyasi ekspansiya cəhdlərində əsas vasitə kimi hicab və ya çadradan istifadə edilməsi də məqsədyönlü deyilmi? Çünki, belə qüvvələr öz hakimiyyətlərini yalnız qorxu mühitində qura bilirlər…

Bir sözlə, kamil və azad cəmiyyət özünənəzarət və ya özünüidarəetmə mədəniyyətini mənimsəmiş cəmiyyətlərdir. Belə cəmiyyətdə kimsə kənar qüvvənin təsirilə “əxlaqlı” olmağa və ya görünməyə məcbur qalmır. Əxlaqlı adam, ilk növbədə xoşniyyətli insandır. Niyyəti xoş olmayan adam hansı əxlaqsızlığa əl atmaz ki?!

Məqaləmizin əvvəlində də vurğuladıq ki, Azərbaycan xalqının, o sıradan digər türk xalqlarının mədəniyyətində qadının özəl yeri var.

Türk dünyasında qadına münasibətin ən parlaq nümunəsi, yəqin, Qırğızıstanın adı ola bilər. Demə, bu türk yurdunun adının mənalarından biri (bəlkə də ən doğrusu) “körk küz” sözündən gəlir və “qırx qız” deməkdir. Bu isə qırğızların “Manas” dastanındakı qırx qıza işarədir. Dastana görə, hər bir qız qırğızların qırx tayfasının başçısı olub… Bu, bir daha təsdiqləyir ki, ərəb və ya farslardan fərqli olaraq türklərdə qadınlar itaətkar yox, mübariz olub; əzilən yox, öndə gedən olub; idarəolunan yox, idarəedən olub!

Azərbaycana gəldikdə, Bakı şəhərində ucalan “Azad qadın” heykəli bizim mədəniyyətdə qadına münasibətin daha bir əyani nümunəsidir. Bu heykəl, yəqin, bütün müsəlman ölkələri üzrə ilk və ya yeganə belə abidədir. Amma, aramızda bəzi müsəlman ölkələrinin dini-siyasi təsiri altında olub, bu abidəni gözdən salmağa cəhd edənlər də var. Görünür, Islam aləmində belə bir abidənin varlığı həmin dairələr üçün “gözdağı”dır. Belələrinin imkanı çatsa, yaradıcılığında qadın azadlığı mövzusuna xüsusi yer vermiş Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlı kimi ədiblərimizin də heykəllərinə əl uzadarlar…

Yeri gəlmişkən, Azərbaycanda qadın azadlığı mövzusu təkcə XIX-XX əsrlər ədəbiyyatında aktual olmayıb. Hələ XII əsrdə Nizami Gəncəvi bu məsələyə özünəxas dahiyanə şəkildə toxunub. Bunu isə öz növbəsində, M.Ə.Rəsulzadə “Azərbaycan şairi Nizami” əsərində xüsusi qabardıb (Bu dəyərli əsəri kitab şəklində iki dəfə nəşr etdirib cəmiyyətimizə ərmağan edən dəyərli ziyalı Yadigar Türkelə də buradan təşəkkürümüzü çatdırırıq). M.Ə.Rəsulzadə vurğulayır ki, Nizaminin “Xəmsə”sində bəhs olunan müsbət qadın surətlərinin hamısı Qafqaz, ya da türk möhürünü daşıyır. Bundan başqa, qadınlıq haqqındakı Nizami görüşlərinin də, daha çox Qafqaz və türk dünyasının özünəməxsus həyat tərzi və gələnəyindən mayalandığı görünməkdədir.

M.Ə.Rəsulzadənin sözlərilə desək, Nizami qadınlığın şəfqət, quruculuq və səadət mənbəyi olduğunu bildirmişdir. Görünür, “Isgəndərnamə” poemasında şairin Makedoniyalı Isgəndəri Azərbaycanda məhz qadın hökmdarla – Bərdə şəhərində hökm edən Nüşabə ilə üzləşdirməsi də təsadüfi deyil. Poemada Bərdə abad, ədalətlə idarə olunan, əhalisi rifah və əmniyyət içərisində yaşayan şəhər, onun hökmdarı da ağıllı və tədbirli qadın kimi təqdim olunur. Fateh Isgəndərlə görüşdə də Nüşabə kimsədən qorxmaz və çəkinməz qadın kimi qələmə verilir. Gözlənilməzliklərlə dolu olan bu görüş isə axırda tərəflər arasında ittifaq bağlanması ilə nəticələnir. Şübhəsiz, Nüşabənin timsalında Nizami Gəncəvi azad və cəsur Azərbaycan – Türk qadınının obrazını yaradıb!

Bizcə, daha maraqlısı, M.Ə.Rəsulzadənin yazdığı kimi, Nizaminin qadın azadlığı və isməti haqqındakı fikirləridir ki, bunu da şair türk köçərilərindən qıpçaqlar barədə gözəl bir hekayəsilə anladır:

Qafqaza getmək üçün Çindən hərəkət edən Isgəndər ordusu qıpçaq çölündə düşərgə salır. Isgəndər buradakı qadınların açıq gəzərək kişilərdən qaçmadığını görür. Əsgərlərinin ehtiyacından ehtiyat edən imperator qonağı olduğu məmləkət əhalisinin irz və namusuna təcavüzə yol verməmək üçün Qıpçaq bəylərini toplayır. Onlara böyük iltifat göstərib fikirlərini bildirdikdən sonra qadınlarının örtülü gəzməsini tövsiyə edir: “Qadın daşdan, dəmirdən də olsa, yenə qadındır. Qadının üzü örtülü olmalıdır”- deyir. “Üzünü başqalarına göstərən bir qadın nə özünün, nə də ərinin şərəf və heysiyyatını qoruya bilməz!”- deyə xəbərdarlıq edir.

Çöllülər padşahın bu sözlərini diqqətlə dinlədikdən sonra, nə cavab versələr yaxşıdır? Qıpçaq bəyləri Isgəndərə deyirlər:

“Padşaha itaət edirik. Zati-alisinə sədaqətli olmağa and içmişik. Əhdimizdə dayanmışıq. Fəqət, üz örtmək bu əhdə daxil deyildir: çünki bu, Qıpçaq adətinə uyğun gəlmir. Sənin adətin ÜZ QAPAMAĞI tələb edirsə, bizim adət də GÖZ QAPAMAĞI tələb edir. Başqasının üzünü görməmək lazımdırsa, üzü deyil, gözü qapamaq gərəkdir. Padşah bizə qəzəblənməsin: üz örtülsə, arxayamı baxılacaq?! Bizim gəlinlərin otağında yad bir kəs yoxdursa, bu kifayətdir. Padşahım, sən gəl, bu xalqın üzünü niqab ilə gizlətmə! Daha yaxşısı budur ki, örtüyü öz gözlərinə as! Bir göz qapanarsa, nə Ayı görər, nə də Günəşi! Hökmdar nə əmr edərsə, yerinə yetirməyə hazırıq! Canımızı belə istəsə, verərik. Yalnız öz adətlərimizdən əl çəkmərik!”

Budur Nizaminin gözündə Azad Türk Qadını! Təsəvvür edirsinizmi: “Biz ölərik, amma, QADIN AZADLIĞInı əldən vermərik!” – deyir, qəhrəmanlarının dili ilə ulu Nizami!

Bu yerdə, M.Ə.Rəsulzadə “şəhərli Iran-Bizans mədəniyyətinin nümayəndəsi olan Isgəndərlə çöllü türk mədəniyyətinin nümayəndələri olan Qıpçaq bəyləri” arasındakı dialoqu XX əsrin əvvəllərində eyni mövzu ətrafında türk-islam dünyasında gedən qızğın mübahisələrlə müqayisə etməyi də unutmur. Göründüyü kimi, bu gün – XXI əsrin əvvəllərində də eyni məsələ bizləri məşğul etməkdədir…

Azad Türk Qadını ilham mənbəyidir!

Biz də ondan və onun şəninə deyilənlərdən ilham alaraq hisslərimizi belə ifadə etdik:

 

Bizim qızlar gözəldir, gözəldən-gözəl

Onlar gözəl yaranıb, əzəldən-əzəl.

 

Qorxmazdır, mətindir – şücaəti var,

Azaddır, xoşbəxtdir – səadəti var.

Alnıaçıq, gözüaçıq – çılğındır

Acizliyə, düşkünlüyə qızğındır.

 

Güvənər o, əxlaqına, elinə

Sadiqdir o, əhdinə, niyyətinə.

Amal aydın, əməl aydın, qapamaz

Türk qızına hicab-çadra yaraşmaz!

 

…Lütfən, inanclı – dindar insanların, xüsusilə də xanımların heysiyyatına toxunmasın bu sözlər. Biz ölkəmizdə demokratizm ideyaları altında gedən mübarizədə belə xanımların da millətpərvərliyini, vətənpərvərliyini görür və bundan təsirlənirik. Onlar gücümüzə güc qatır, sıralarımızı sarsılmaz edirlər! Sadəcə, bu misralarda və ümumiyyətlə, bu məqalədə Azərbaycan Türk Qadını haqda duyğularımızı dilə gətirdik! Azərbaycan Türk Qadınını həm gördüyümüz kimi, həm də arzuladığımız kimi tərənnüm etdik!

Şövkət Məmməd